Ulu Öndərin yolu xalqımıza Zəfər sevincini yaşatdı
Digər xəbərlər

Ulu Öndərin yolu xalqımıza Zəfər sevincini yaşatdı

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələridir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq görərik ki, ulu öndər fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın müstəqilliyinin əbədiliyinin təmin edilməsi dayanır. Ümummilli Lider özünün həyat amalını belə təqdim etmişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda məhz xalqına arxalanaraq, ondan güc alaraq belə bir əminliyi ifadə etmişdir ki, mən nikbinəm. Hesab edirəm ki, xalq, millət, Azərbaycan vətəndaşları - biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz. Dahi şəxsiyyət Heydər Əliyev üçün xalqın ona göstərdiyi etimaddan və etibardan yüksək mükafat yox idi.

Bu reallıq da inkaredilməzdir ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Hər bir dövlətin uğurları lider amilindən asılı olur. Dünya təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Belə ki, liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının əsas istiqamətlərinin müəyyənləşdirilməsində, ən çətin məqamlarda düzgün yolun seçilməsində öz sözünü deyir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətdir.

Ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkün deyil. Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illərində çoxəsrlik tariximizin faciəli səhifələri vərəqlənir. Azərbaycan o illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Belə çətin bir zamanda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı yenidən qurdu. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu Öndər onun qorunmasını, möhkəmləndirilməsini qarşımızda əsas vəzifə kimi qoydu. İlk gündən bu çağırışı etdi ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidirlər.

1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir. Həmin vaxtdan ölkəmizdə sabitlik dövrü başladı, siyasi islahatlara start verildi. İlk gündən demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımların uğurlu nəticələri göz önündədir. Reallıq budur ki, hər bir dövlət əməkdaşlıq əlaqələri qurmaq istədiyi ölkədə ilk olaraq sabitliyə, demokratik inkişafa diqqət yetirir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərindəki vəziyyəti yada salaq. Ölkəmizdə ictimai-siyasi vəziyyətin gərginliyi iqtisadi əlaqələrin qurulmasında tərəddüdlərə səbəb olmuşdu. Ölkə iqtisadiyyatına yatırılacaq investisiyaların təhlükəsizliyinə inam yox idi. Lakin Ümummilli Liderin rəhbərliyə qayıdışından sonra Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması, demokratik inkişafı bu tərəddüdlərin aradan götürülməsinə səbəb oldu. Ümummilli Lider xarici iş adamlarını ölkəmizə dəvət edərkən onlara bu çağırışı etdi ki, yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" adlanan neft müqaviləsi imzalandı. Bununla da Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi üçün geniş imkanlar yarandı. Bu saziş Ümummilli Liderin Azərbaycan xalqı, bugünkü və gələcək nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Bu tarixi addım ölkəmizə xarici investisiyaların cəlb olunmasına, neft-qaz sənayesində uğurların davamlılığına yol açdı. Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsini şərtləndirən bu sazişin imzalanmasından sonra enerji sektorunda qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan həm iqtisadi imkanlarını genişləndirdi, həm də etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ulu Öndər bildirmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Onun bu çağırışı bütün dövrlər üçün aktuallığını qoruyaraq Azərbaycanın iqtisadi tərəqqisində yol xəritəsi oldu. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görür, ölkəmiz təkmil sosial-iqtisadi islahatları ilə dünyada ən islahatçı ölkələr sırasında yer alır. İqtisadi tərəqqi digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların, formalaşan möhkəm təməlin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Ən əsası Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. Dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunun şahidi oldu.

Ümummilli Liderin xidmətlərindən bəhs edərkən iqtisadi və siyasi islahatların vəhdətini xüsusi qeyd etməliyik. Bu vəhdət Azərbaycanın davamlı inkişafında əsas amillərdən biridir. 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Dahi şəxsiyyət bildirirdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması əvvəldən qəbul etdiyimiz prinsiplərdir. Bu gün haqqında geniş bəhs etdiyimiz çoxpartiyalı sistemin bünövrəsi də Ulu Öndər tərəfindən qoyulub. Belə ki, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən, dünənin, bu günün və gələcəyin partiyası olduğunu 30 ildən artıq dövrdə keçdiyi şərəfli yolda qazandığı uğurları, inamı və etimadı ilə təsdiqləyən Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Liderin xalqımız, dövlətimiz qarşısında mühüm xidmətləri sırasındadır. YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti, dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yeni qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdir. AXC-Müsavat cütlüyü özünün yarıtmaz idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini itirmişdir. Məhz belə bir vaxtda 91 nəfər ziyalının imzası ilə Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlandı. Həmin sənəd xalqın böyük əksəriyyətinin arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diktəsi ilə meydana gələn zərurət kimi qiymətləndirərək bildirmişdir: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir". Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir: "1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın xahişi ilə Heydər Əliyev Bakıya gəlmişdir. O vaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir".

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yardı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Özlərini "yazıq, məzlum, əzilən millət" kimi təqdim edən ermənilərin əsl siması faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri, həmçinin hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin mahiyyəti müzakirə olunmasın. Dünya ikili standartlara əsaslanan siyasətini davam etdirsə də, Azərbaycan üçün əsas olan bu həqiqətlərin olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırılması idi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcək inkişafı üçün bütün imkanları yaratdı. Azərbaycan bu gün Ümummilli Liderin qoyduğu fundamental təməl üzərində ucalır. Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır: "2003-cü ilin oktyabr ayında Heydər Əliyev xalqa müraciətində görülmüş işlərlə bağlı öz fikirlərini bildirmiş və əminliyini ifadə etmişdir ki, onun davamçıları onun yolu ilə gedərək, Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər".

Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını, özünün axıra çatdıra bilmədiyi işləri, planları onun axıra çatdıracağına əminliyini ifadə etdi. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdir: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Prezident İlham Əliyev hər vədini konkret əməli ilə təsdiqlədi. Azərbaycan hazırda ən yüksək zirvələri fəth edir. Cənab İlham Əliyevin dünyaya təqdim etdiyi inkişaf modeli ölkəmizin dayanıqlı inkişafını təmin edir. Hansı sahəyə baxsaq inkişaf, tərəqqi diqqət çəkir.

Bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın 1993-cü ildən başladığı inkişaf yolunun təqdimatıdır. Heydər Əliyev yolu Azərbaycan xalqının yurd həsrətinə son qoydu. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Bu şanlı Qələbə Azərbaycanın iqtisadi və siyasi gücünü nümayiş etdirdi. Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar. Bu, Azərbaycan xalqının xoşbəxtliyidir. Artıq azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın gələcək inkişafı ilə bağlı prioritetləri müəyyənləşdirərək "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i təsdiqlədi və uğurlu icrasına başlanıldı.

Güclü, qüdrətli, qalib Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Günümüzün qürurverici hadisələrindən biri də budur ki, ötən il Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa 30 ilə yaxın müddətdən sonra dünya azərbaycanlılarını bir araya gətirdi və buradan dünyaya birlik, həmrəylik mesajı verildi. Dünyaya səs salan, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən "dəmir yumruq" birliyimizin, həmrəyliyimizin təqdimatıdır. Necə ki, bu birliyimiz sayəsində torpaqlarımızı işğaldan azad etdik, eləcə də bu ərazilərimizi yenidən bərpa edib cənnətməkana çevirəcək, Azərbaycanın dayanıqlı inkişafı üçün böyük imkanlar yaradacağıq. Dövlət başçısı İlham Əliyevin "Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq" fikirləri gələcəyimizlə bağlı aydın təsəvvür yaradır.

Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Bəli, bu siyasi kurs, sözün əsl mənasında, Azərbaycanı tənəzzüldən inkişafa, tərəqqidən zəfərə çatdırıb. Odur ki, qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək dövlətimiz və xalqımız naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaqdır.

Vüqar İSAYEV,

YAP Göygöl rayon təşkilatının sədri.