32-Cİ GÜN
Digər xəbərlər

32-Cİ GÜN

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 32-ci gün ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Zuzana Çaputovaya bu ölkənin milli bayramı - Konstitusiya Günü münasibətilə təbrik məktubu göndərib.
  • Azərbaycan XİN Şarl Mişelin mətbuat katibinin bəyanatına cavab verib.

2 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
  • Müdafiə Nazirliyi qanunsuz erməni silahlılarının xarici aviaşirkətlərin sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq etməsi ilə bağlı məlumat yayımlayıb.

3 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Zati-aliləri cənab Alessandro Skarano və xanım Adele Tonniniyə təbrik məktubu ünvanlayıb.
  • Mətbuat Şurası BBC-nin erməni separatizmini təbliğ etməsi ilə bağlı bəyanat yayımlayıb.

4 sentyabr

  • Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.
  • Milli Məclisdə Azərbaycan və İsrail parlamentlərarası dostluq qruplarının görüşü olub.

5 sentyabr

  • Prezident İlham Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsini qəbul edib.
  • Prezident İlham Əliyev Slovakiya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib.
  • UNESCO Qərbi Azərbaycan İcmasının çağırışını müsbət cavablandırıb.

6 sentyabr

  • Hikmət Hacıyev Səudiyyə Ərəbistanının "Arabnews" qəzetinə müsahibə verib.
  • Ukraynanın nüfuzlu "Telegraf" nəşrində Qarabağdan xüsusi reportaj dərc edilib.
  • Avropa Şurasının nümayəndə heyətinə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi nifrət siyasəti barədə məlumat verilib.

7 sentyabr

  • Prezident İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul edib.
  • Bakıda TDT ölkələri nazirlərinin ikinci iclası keçirilib.
  • Füzulinin daha 102 sakini doğma yurduna qovuşub.
  • 500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yayıb.

8 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.
  • Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Aİ Komissiyasının vitse-prezidenti Cozep Borel ilə telefon danışığı aparıb.
  • Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə cari vəziyyətlə əlaqədar brifinq keçirilib.

9 sentyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona təbrik məktubu ünvanlıyıb.
  • Prezident İlham Əliyev Mərakeşin Kralına başsağlığı verib.

10 sentyabr

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma seçkiləri tanımadığını bildirib.
  • Avropa Şurasının Baş katibi qondarma "prezident seçkiləri"nin heç bir hüquqi əsasının olmadığını qeyd edib.

11 sentyabr

  • Türkiyə Prezidentinin Ermənistanın baş naziri ilə telefon danışığı olub.
  • ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Qarabağdakı "seçkiləri" tanımadıqlarını bəyan edib.
  • Macarıstanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma "prezident seçkiləri"ni qeyri-legitim adlandırıb.
  • İran XİN-in rəsmisi Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edib.

12 sentyabr

  • Prezident İlham Əliyev Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
  • Azərbaycanın xarici işlər naziri BQXK-nın prezidenti ilə regiondakı son vəziyyəti müzakirə edib.
  • Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Qarabağ ermənilərinin inteqrasiyası prosesinin "yumşaq" keçməsində maraqlı olduğunu bildirib.
  • Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi yük avtomobili Ağdamdan Xankəndiyə yola düşüb.
  • BMT-nin Cenevrə bölməsində "Azərbaycan" otağının açılışı olub.

13 sentyabr

  • Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.
  • Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxış edib.
  • Ombudsman dünya ictimaiyyətinə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı çağırış edib.
  • BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarik Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və suverenliyinə hörmətlə yanaşmağa çağırıb.

14 sentyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün Tacikistana səfərə gəlib.

Yeni dünya nizamında birlik nümunəsi

Sentyabrın 14-ü Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirildi. Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış etdilər. Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülmüşdür. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncü görüş isə Qırğızıstanda keçirilmişdir.

Prezident İlham Əliyev bu il qardaş Tacikistana iki dəfə səfər edib. Ölkə başçımız ilk dəfə idi ki, Məşvərət Şurasının fəxri qonağı qismində iştirak edirdi. Görüş zamanı dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinin olduğunu söyləmişdir.

Ölkəmizin türk dünyası ilə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətləri qurulmuşdur. Eyni soykökə sahib türk dövlətlərinin müasir sferadakı həmrəyliyi bəşəriyyət üçün uğurlu nümunədir. Bu uğurlu siyasi gedişin nəticəsidir ki, ölkəmizin tərəfdaşları gün keçdikcə daha da artır və beynəlxalq məkanda Azərbaycan öz siyasi mövqeyini daha da möhkəmləndirir.

  • Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
  • Prezident İlham Əliyev Roş-ha-Şana bayramı münasibətilə İsrail Prezidentini və Azərbaycanın yəhudi icmasını təbrik edib.
  • Xocalı, Xankəndi, Xocavənd və Qarabağın digər rayonlarından olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.
  • Türkiyənin Baş prokuroru Şuşa və Füzuliyə səfər edib.

15 sentyabr

  • Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədrinə başsağlığı verib.
  • Ölkə başçımız "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktiki konfransın və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına məktub ünvanlayıb.

16 sentyabr

  • ABŞ Dövlət Departamentinin müşaviri Ermənistanın son təxribatları barədə məlumatlandırılıb.
  • Türkiyə Qarabağla bağlı dördtərəfli görüş keçirməyi təklif edib.

17 sentyabr

  • Azərbaycanın Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

18 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.
  • Azərbaycanda Milli Musiqi Günü keçirilib. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib.
  • Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razılıq verilib.

19 sentyabr

  • Xocavənddə yük avtomobili minaya düşüb, sürücü və sərnişin həlak olub. Həmçinin baş verən terror aktı zamanı Daxili İşlər Nazirliyinin (DİN) 4 əməkdaşı həlak olub.
  • Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Uğurla nəticələnən lokal antiterror tədbirləri

Sentyabrın 19-u lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi və 1 gündən daha az vaxta separatçıların tərk-silah edilməsi şanlı zəfər tariximizə qızıl hərflərlə yazıldı. Növbəti dəfə Azərbaycan öz daxili sabitliyini və təhlükəsizliyini təmin etdi. Dövlətçiliyimizə və suverenliyimizə qarşı atılan hər bir addıma keçmişdə olduğu kimi, bu gün də lazımi tədbirlərlə cavab verildi. Azərbaycanın haqq işinin uğurla başa çatması regionda uzun müddətdir gözlənilən rifahı təmin edəcək.

Separatçı xunta rejiminin Xankəndi və ətraf ərazilərdəki özbaşınalığının qarşısı qətiyyətlə alındı. Ərazi bütövlüyümüzün qorunub saxlanılması, ölkəmizin daxili məsələlərdəki qətiyyətli mövqeyi, regional təhlükəsizliyin bərpa edilməsi uğurla həyata keçirildi. Antiterror tədbirləri nəticəsində 30 illik işğal zamanı və postmüharibə dövründə Xankəndidəki qondarma rejimin törətdiyi əməllərə bir gün ərzində birdəfəlik son qoyuldu.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərk-silah oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdilər, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı.

20 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.
  • Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Vladimir Putin Qarabağ ətrafında vəziyyətin sülh məcrasına yönələcəyinə ümidvar olduğunu bildirib.
  • Qarabağda lokal xarakterli antiterror tədbirləri başa çatıb.
  • Hikmət Hacıyev Ermənistanın Azərbaycan ərazisindəki qondarma rejimə siyasi və hərbi dəstək göstərdiyini bildirib.

21 sentyabr

  • Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilib.
  • Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın yanında olmaqda davam edəcəklərini bildirib.

22 sentyabr

  • Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə bölgədəki son vəziyyəti müzakirə edib.
  • Ceyhun Bayramov "77-lər Qrupu" və JCC-nin xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib.
  • Macarıstan Aİ-nin anti-Azərbaycan bəyanatının qəbulunu bloklayıb.
  • Azərbaycan DİN Xankəndi şəhərində qəsdən yanğınların törədildiyini bildirib.

23 sentyabr

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı verib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq elan edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
  • Ermənistanın Azərbaycana vurduğu ekoloji zərbə ilə bağlı BMT-də məsələ qaldırılıb.

24 sentyabr

  • Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.

25 sentyabr

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

Sarsılmaz qardaşlıq münasibətləri regionda rifaha xidmət edir

"2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın ümummilli lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm".

Bu fikirləri sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Qardaş ölkənin liderinin ölkə başçımız ilə təkbətək görüşü baş tutub. Görüş çərçivəsində Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunub. Bundan başqa, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

  • Xocalıda Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş baş tutub.
  • Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başladıb.
  • Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun III iclası keçirilib.

26 sentyabr

  • Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib.
  • ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb.
  • Bakıda II Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib.

27 sentyabr

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
  • Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini, Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.
  • Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib.
  • Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün heyətlə birgə 53 avtomobil və zəruri avadanlıqlar göndərilib.
  • Ruben Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən DSX əməkdaşları tərəfindən saxlanılıb.

28 sentyabr

  • Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub.
  • Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransının açılış mərasimində iştirak edib.
  • Bakıda 21-ci Kosmik Nəsil Konqresinin açılış mərasimi olub.

29 sentyabr

  • Prezident İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib.
  • Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib.
  • Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.
  • Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib.
  • Düşənbədə Baş nazir Əli Əsədov Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

30 sentyabr

  • Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri cənab Si Cinpinə məktub ünvanlayıb.
  • Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib.
  • Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir.
  • Azərbaycan BMT-nin Məskunlaşma Proqramına bir milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

“Respublika”.