Ümummilli Liderin ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir
Digər xəbərlər

Ümummilli Liderin ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir

Bu fakt inkaredilməzdir ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən çox az sayda siyasi liderə rast gəlmək olar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müstəqil dövlətimizin ən müasir tarixi də belə şəxsiyyətin, Liderin adı ilə bağlıdır. Dövlətçilik salnaməsinə şanlı səhifələr Onun siyasi xətti, rəhbərliyi ilə yazılıb. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. Zaman keçdikcə Ümummilli Liderin xidmətlərinin miqyasını və mahiyyətini daha dərindən dərk edir, fəaliyyətinin yeni-yeni istiqamətləri araşdırılır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi və 17 istiqaməti özündə ehtiva edən Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin müstəqil Azərbaycanımızın bu günü və gələcəyi üçün gördüyü işlərin daha geniş təhlilində əhəmiyyətli rol oynayır.

Reallıq budur ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Onun hakimiyyətinin hər iki dövrü Azərbaycanın tarixində xilaskarlıq missiyası ilə xarakterizə olunur. Belə ki, hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizi əbədi və dönməz etdi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Onun Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində dönüş nöqtəsi, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsası oldu. Qeyd etdiyimiz kimi, o illərdə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan keçmiş İttifaqda ən geridə qalmış ölkələr sırasında idi. İqtisadiyyat inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı çox aşağı səviyyədə idi. Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində Azərbaycan 13 ildə Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə çıxdı. 1969-1982-ci illərdə əldə edilmiş potensial 1991-ci ildə, daha dəqiq desək, Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişafında stimulverici amil oldu.

Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda "Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir" sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi. Dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, ölkənin müstəqil gələcəyini düşünərək bir-birindən mühüm addımlar atmışdır. O, elə bir ab-hava formalaşdırmışdır ki, bu, milli şüurun oyanmasına, ana dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə geniş imkanlar yaradırdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanda kadr siyasətində azərbaycançılıq prinsipinə ciddi riayət etmiş və bunu məqsədyönlü şəkildə həyata keçirmişdi. Əgər ötən əsrin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük əksəriyyəti digər millətlərdən formalaşırdısa, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində azərbaycanlıların üstünlük təşkil etməsinə xüsusi diqqət yetirildi. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskussiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Ulu Öndərin azərbaycançılıq məfkurəsinin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Bu işləri görməklə Ümummilli Lider həm də xalqın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki o, xalqının gücünə və qüdrətinə inanır, həyatının mənasını doğma Vətəninə xidmətdə görürdü: "Biz nadir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissilə yanaşmalıdır".

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalq üzünü Naxçıvana - xilaskarına tutdu. 1993-cü ildə xalqın təkidli xahişinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi və məharətlə həyata keçirdi. Ümummilli Liderin milli neft strategiyası Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Xalqımız təbii sərvətlərinin əsl sahibinə çevrildi. Neft gəlirlərinin xərclənməsində şəffaflığın qorunması mühüm sosial iqtisadi layihələrin icrasını təmin etdi.

Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atdı. Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması ümumilikdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Bu gün Azərbaycanda həyata keçirilən tədbirlər məhz dahi şəxsiyyət Heydər Əliyevin ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Bu ideyalar Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Dünya təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçimlər etməyə imkan yaradır.

Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib. Ümummilli Liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" çağırışı dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrildi. Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlandı, inkişaf etdi və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirdi. Bu birlik, həmrəylik tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı.

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən Onun 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi qeyd edilməlidir. Bu müraciət Azərbaycanın bugünkü və gələcək inkişafının əsası oldu. Dahi şəxsiyyət müraciətində bildirmişdir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Rəşadətli Ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan tarixi Zəfərindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verməklə ilkə imza atdı. Müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaq mümkünsüzdür. Azərbaycan dirçəliş modelini dünyaya təqdim etməklə həm iqtisadi və maliyyə imkanlarını, həm də qurucu xalq olduğumuzu dünyaya təqdim etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, dirçələn Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın iqtisadi və siyasi gücünü nümayiş etdirir. Bu torpaqlarımızın cənnətə çevrilməsi istiqamətində bir-birindən mühüm addımlar atılır. Böyük Qayıdış proqramının uğurlu icrası soydaşlarımızın mərhələli şəkildə bu ərazilərə qayıdışında öz əksini tapır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ümummilli Liderin ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir. Bütün həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik tarixinə müstəqilliyimizin memarı və qurucusu, Onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev torpaqlarımızın xilaskarı kimi daxil olub. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz tarixi Zəfərimizin reallıqları əsasında yeni çağırışlara uyğun olaraq yeniləşir, müasirləşir və hazırda təkmil dirçəliş modeli ilə dünyaya səs salır. Günümüzün reallıqları bir daha təsdiqləyir ki, möhkəm təməl uğurlarımızın əsasıdır.

Şəhla ABDULLAYEVA,

YAP Ucar rayon təşkilatının sədri.