Ölkəmizin addımları beynəlxalq hüquqa uyğundur
Digər xəbərlər

Ölkəmizin addımları beynəlxalq hüquqa uyğundur

Azərbaycan Qarabağın erməni azlığına sivil münasibət göstərməklə öz humanistliyini beynəlxalq arenada bir daha sübut etdi. Hazırda Qarabağ  bölgəsində bələdiyyələr formalaşdırılır, sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq prosedurlar əsasında həyata keçirilir. Azərbaycan tərəfi ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir.

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova bildirib ki, Azərbaycan bu proseslərdə çox böyük bir humanizm nümunəsi göstərir: "Bu, dünya tarixinə yazılacaq bir hadisədir. Dövlətimiz hər bir addımını hüquqa uyğun şəkildə atdı. Qarabağda yaşayan etnik ermənilərə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan vətəndaşlığını qəbul etmək təklif olundu, humanitar yardımlar göndərildi. Bu gün əgər onların bir hissəsi bizim torpağı tərk edib gedirsə, bunun məsuliyyəti Ermənistan Respublikası və onun havadarı rolunda çıxış edən ölkələrin üzərinə düşür. Azərbaycanın addımları beynəlxalq humanitar hüquqa, Cenevrə konvensiyalarına tam uyğundur. Həqiqətən də biz vətəndaş olaraq öz dövlətimizlə, ölkə başçımızla qürur duymaqda haqlıyıq. Tarixi ədalət bərpa olundu və bu, birbaşa Prezident İlham Əliyevin gərgin zəhmətinin, müdrik siyasətinin nəticəsidir. Ermənistan döyüş meydanında və diplomatik arenada uğursuzluğa düçar oldu. Bu, dünya erməniliyinin qara günləridir.

Avropa Birliyinin baş diplomatı Jozep Borrel Azərbaycanı təhdid edib. 1992-ci ildə faciələr baş verəndə bir bəyanat eşitmədik. Dünya diplomatiyası hələ belə ikiüzlülük görməyib. Biz kimin kim olduğuna bir daha şahid olduq. Fransanın Azərbaycanı BMT-də cəzalandırmaq cəhdləri iflasa uğradı. Azərbaycan dünyada imperializmə qarşı savaş açıb. Bu dünya siyasətində yeni eranın başlanğıcı deməkdir. Dünya erməniliyinin cızdığı məkrli planlara türk dünyasının iki böyük lideri sarsıdıcı zərbə vurub: 100 il əvvəl Sultan Əbdülhəmid və 100 il sonra İlham Əliyev. Ümid edirəm ki, erməni məsələsi bu dəfə müzəffər liderimizin sarsılmaz iradəsi ilə kökündən həll ediləcək. Ölkəmizin bunun üçün bütün gücü və imkanları var. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazır.

Prezident İlham Əliyev deyib: "Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz".

Nəzakət Məmmədova,

politoloq.