UNEC yeni təşəbbüsə start verdi
Elm və təhsil

UNEC yeni təşəbbüsə start verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, UNEC yeni təşəbbüsə start verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədovadan aldığımız məlumatda deyilir ki, yerli televiziyalara müsahibəsi zamanı Prezident İlham Əliyev ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə siyasətçilər, politoloqlar, elm adamları və ziyalıları qarşısında tapşırıqlar qoyaraq, ictimai müzakirələrin aparılmasının vacibliyini bildirib: “Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq...

Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.

UNEC-də ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, martın 14-də “Gələcək özümü gələcək?” mövzusunda ilk ictimai müzakirə keçirilib. Gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş ilk müzakirə “Gələcək əsr deyil, əsərdir!” adlanır.

İctimai müzakirələr davamlı olaraq keçiriləcək və “DAHA TV” youtube kanalında yayımlanacaq.

“Respublika”.