Unudulmayan, əfsanəvi qəhrəman
Sosial həyat

Unudulmayan, əfsanəvi qəhrəman

Əhmədiyyə Cəbrayılovun əziz xatirəsinə

1963-cü ilin qızmar iyul ayı idi. Mən o vaxt Moldova Respublikasının Beltsı şəhərində yerləşən qvardiya diviziyasının qərargahında baş çertyojçu vəzifəsində çalışırdım.

Günlərin birində diviziya qərargahında işləyən polkovnik Udorenko iş otağıma gəlib  əlindəki “Starşina-serjant” jurnalını göstərərək dedi: “Oğul, bu jurnalı oxu, orada sənin həmyerlin haqqında yazı var. Onu oxu, fəxr elə, o sağdır, Nuxa (indiki Şəki) rayonunun “Oxudlu” kəndində yaşayır. Onun qəhrəmanlığı haqqında yazılanı oxuyanda gözlərim yaşardı. Siz qafqazlılar, hamınız çox istiqanlısınız, öz yerlilərinizə böyük dəyər verirsiniz. Xahiş edirəm, məktubunuzla mənim salamlarımı ona yetirin”.

Mən polkovnikə təşəkkür etməyi unutmadım. Yazını bir neçə dəfə oxudum. Qəlbim qürurla dolmuşdu. Sevincimin həddi-hüdudu yox idi. Həmin günün axşamı böyük şəxsiyyət, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova məktub yazdım. O, öz kəndində sahə briqadiri vəzifəsində çalışırdı...

Təxminən 10 gündən sonra bu böyük, dahi insandan cavab məktubu aldım. İlahi, o mənə nə qədər təşəkkür edirdi. Bundan sonra məktublaşmağa ara vermədik. O, yazırdı ki, işlə yanaşı, həm də təhsilini Azərbaycanın Kənd Təsərrüfatı İnstitutunda qiyabi olaraq davam etdirir. Deməli, o da mənim təhsil aldığım institutda təhsil alırdı. 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olandan 2 ay sonra məni hərbi qulluğa çağırmışdılar. Doğrusu, o vaxta qədər ali məktəblərdə əyani oxuyan tələbələri hərbi xidmətə çağırmırdılar. Bu, istisna hal idi. Çünki, o vaxt vəziyyət çox gərgin idi, Kuba krizisi təhlükəli məcraya yol açmışdı. Sovetlər ölkəsi ilə ABŞ, Kennedi-Xruşşov qarşıdurması son həddə çatmışdı, az qala III Vətən müharibəsi başlayacaqdı. Bütün bunlara görə ali təhsil alan tələbələri də hərbiyə cəlb edirdilər.

Nəhayət, 1964-cü ildə mən hərbi xidmətdən tərxis olundum, ali təhsilimi davam etdirməyə başladım. Onu da deyim ki, diviziyanın komandiri general Touzakov və qərargah rəisi polkovnik Qridskov mənim yazılarımı, xəritə və qrafiklər çəkməyimi, gözəl başlıqlar yazmağımı o qədər bəyənirdilər ki, hələ tərxisdən 2-3 ay qabaq onların yanında qalıb, işləməyimi məndən xahiş edirdilər. Hətta general mənə “sənə dərhal növbədənkənar ev verərəm, toyunu da edərəm. Burada hansı ali məktəbi istəsən, səni qiyabi qəbul etdirərəm...” demişdi. Bunu anama deyəndə mənimlə razılaşmadı və mən sözsüz ki, Vətənə qayıtdım.

Əfsanəvi qəhrəmana  təhsil aldığım fakültəmin adını, birinci kursda oxuduğumu, yataqxana yerimi məktubda bildirdiyimdən o qış sessiyasına gələndə məni tapmaq ona çətin olmamışdı.

Görüşümüz çox həyəcanlı, təsirli oldu. Məni möhkəm qucaqlayıb “mənim aslan balam” – dedi. Məni dəfələrlə öpdü, mənə “sənin nə böyük ürəyin, qəlbin var, millətini nə qədər sevirsən, sən böyük şəxsiyyət olacaqsan” dedi. Həyəcandan ikimiz də ağlayırdıq. Mən də onu dəfələrlə öpdüm. O, bir daha ona diqqətimə görə, məktub yazıb onu aradığıma görə mənə təşəkkür etdi. Sonra o cibindəki qalın kitabçanı çıxarıb mənim adımı axtarıb tapdı. İlahi, o kitabçada nə qədər adlar, ünvanlar vardı... Hamı  ona məktublar, təbriklər yazırdı. O da heç kəsə laqeyd qalmır, özündə qeydlər aparırdı.

 Məni qabaqlayıb çay süfrəsinə dəvət etdi. Təxminən bir saatdan çox söhbət etdik. Partizan olanda gördüyü, işlərə ağlasığmaz igidliyə görə ona “Mişel Xarqo” deyərək müraciət edirdilər.

Fransanın keçmiş prezidenti Şarl de Qoll onu şəxsən tanıyırdı. O, özü də vaxtilə partizan olmuşdu. Prezident olanda Əhmədiyyəni yüksək ordenlə təltif etmişdi.

Əhmədiyyə Cəbrayılov 1946-cı ildə Şarl de Qollun köməyi ilə Fransadan Vətənə gəlir. Onu həm də Fransa vətəndaşlığına qəbul etmişdilər. Bir il sonra, 1947-ci ildə “Mişel Xarqo” evlənir. O çətin günlər yaşayırdı, şərəfsiz, qatil, qəddar Moskva KQB-si (Dövlət Təhlükəsizlik Komitəsi) onu incidir, narahat edir, sorğu-suala tutur, az qala ona “vətənə xəyanət” damğası vurmaq istəyirdilər. Belə anlarda onun köməyinə yenə Şarl de Qoll gəlir.

O, Fransa prezidenti kimi 1966-cı ildə Moskvaya gələndə ilk sorğusu elə Əhmədiyyə haqqında olur. Onun xahişi və təkidi ilə əfsanəvi “Mişel Xarqo”nu Nuxadan  Moskvaya gətirirlər. Fransa prezidenti onun haqqında geniş söhbət açır və sovet rəhbərliyinə onun misilsiz, ağlasığmaz qəhrəmanlığından, faşist ordusuna qənim kəsilməsindən danışır.

Elə bundan sonra “KQB” ondan əl çəkir və burada onu orden və medallarla təltif edirlər. Rayona qayıdanda isə Ə.Cəbrayılovu sovxoza baş aqranom təyin edirlər. Nəhayət, onu bir daha sorğu-suala tutmur, diktator rejimi ondan birdəfəlik əl çəkir.

Onunla davamlı olaraq düz 4 il Gəncədə tələbəlik illərində görüşlərimiz oldu. Bu böyük şəxsiyyət, əfsanəvi partizan 1994-cü ildə maşın qəzasında faciəli surətdə həlak oldu. Bu, tək Şəki camaatının,  yaxınlarının, əzizlərinin deyil, bütöv Azərbaycanın, Azərbaycan xalqının faciəsi idi. İndiyədək onu unuda bilmirəm, yada düşdükcə içim göynəyir. O vaxt hər iki ayağım əməliyyat olunmalı idi, tərpənə bilmirdim. Səhhətimlə bağlı onun dəfnində iştirak edə bilmədiyim üçün özümü bağışlamıram. Əhmədiyyə Cəbrayılovun bir oğlu Qarabağ savaşında böyük qəhrəmanlıq, şücaət göstərərək şəhid olmuşdur. Azərbaycanın Milli Qəhrəmanıdır. Bir oğlu isə polis zabitidir. Onun ailəsi Qəhrəmanlar ordusudur.

Səmimi hörmət və ehtiramla:

Əmrah QORÇİYEV.