ÜST: COP28 iqlim sammitinin iştirakçıları əhalinin sağlamlığını müdafiə etməlidir
Səhiyyə

ÜST: COP28 iqlim sammitinin iştirakçıları əhalinin sağlamlığını müdafiə etməlidir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onun tərəfdaşları cümə axşamı öz işinə başlayacaq COP28 iqlim konfransı iştirakçılarını iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə səhiyyə problemlərini inteqrasiya etməyə çağırır.

"Respublika" Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir ki, builki qlobal sammitdə rekord sayda səhiyyə nazirləri iştirak edəcəklər.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, Dubayda aparılacaq danışıqların iştirakçıları qlobal istiləşmə ilə mübarizə sahəsində nəticələr əldə etməlidirlər. Bu nəticələri vətəndaşlar gözləyir və həmin vətəndaşların yaşadıqları ölkələrin iqtisadiyyatının buna kəskin ehtiyacı var.

Konfrans çərçivəsində tarixdə ilk dəfə olaraq “Sağlamlıq günü” keçiriləcək. Tədbir iqlim və əhalinin sağlamlığı arasında əlaqələrə diqqət çəkmək, iqlim dəyişməsi sahəsində səhiyyə mövzusunu gündəliyə salmaq məqsədi daşıyır.

Ekspertlər təsdiqləyirlər ki, 3,5 milyarda yaxın insan – dünya əhalisinin təxminən yarısı iqlim dəyişməsinə həssas olan yerlərdə yaşayır. Dünya Bankının proqnozlarına görə, iqlim dəyişməsi 2050-ci ilədək təqribən 216 milyon nəfərin məcburi yaşayış yerini dəyişməsinə səbəb ola bilər.

ÜST-nin məlumatına görə, yaşı 65-dən yuxarı insanlar arasında istidən ölüm halları son 20 il ərzində 70 faiz artıb. İqlim dəyişməsi, həmçinin dəngə qızdırması və vəba kimi yoluxucu xəstəliklərin baş qaldırması ilə nəticələnə bilər.

Bundan başqa, su resursları çatışmazlığı, təmiz içməli suyun olmaması da 5 yaşınadək uşaqlar arasında qarşısıalınmaz xəstəliklər nəticəsində baş verən ölüm hallarının əsas səbəblərindən biridir.

ÜST-nin məlumatına görə, ildə 7 milyon vaxtından əvvəl ölüm halları havanın çirklənməsi ilə bağlıdır. İnsanların sağlamlığının müdafiəsi üçün təmiz enerji mənbələrinə keçid kimi təcili tədbirlər görmək lazımdır.

Quraqlıq, daşqınlar və anomal istilər kimi artan ekstremal hava şəraiti səhiyyə infrastrukturuna əlavə yük yaradır.

Yoluxma nəzarəti, tibbi personalın hazırlanması, su və sanitariyanın əlçatanlığı kimi əsas sahələrdə dəyişikliklər zəruridir. Bundan başqa, sektorun səhiyyənin iqlimə davamlı və aşağı karbonlu sistemlərinin yaradılması üzrə ÜST-nin rəhbər prinsiplərinə müvafiq hala gətirilməsi böyük əhəmiyyət kəsb edir.

Səhiyyə sahəsindəki təşkilatlar da onun ekoloji transformasiyası, o cümlədən tibbin rəqəmsallaşması və tibb müəssisələrində yeni təcrübələrin tətbiqi yolu ilə bu sektorun payına düşən tullantıların 5 faiz azaldılması üçün çıxış edirlər.

Bir milyarddan çox insanın etibarlı elektrik təchizatı olan tibb müəssisələrinə əlçatanlığı yoxdur. ÜST öz tərəfdaşları ilə elektrikə əlçatanlığın məhdud olduğu ölkələrdə bərpa olunan enerji mənbələrindən istifadə olunmaqla elektrikləşdirilmənin təminatı üzərində işləyir.

ÜST və tərəfdaşları vəsait çatışmazlığı şəraitində iqlim dəyişməsi ilə mübarizədə səhiyyə sistemlərinin dəstəklənməsi üçün resursların mobilləşdirilməsinə və mədən yanacağına yatırılan subsidiyalardan imtina etməyə çağırır.

Hazırda səhiyyə sahəsi qlobal iqlim maliyyələşdirilməsinin yalnız 0,5 faizini alır. Maliyyə dəstəyinin artırılması sahəyə innovasiyaları tətbiq etmək, uyğunlaşmaq, aktual xidmətlər təqdim etmək və gələcəyin təhdidlərinə infrastrukturun hazırlığını təmin etmək imkanı verəcək.

İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyasında (COP28) ilk dəfə olaraq Azərbaycan pavilyonu təqdim ediləcək. Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edəcək.

İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və bu sahədə digər layihələr barədə məlumat veriləcək.