Vasitəçilik missiyası ilə pərdələnən planlar
Siyasət

Vasitəçilik missiyası ilə pərdələnən planlar

ABŞ Senatının Azərbaycana dövlət yardımını qadağan edən 1992-ci il tarixli "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişi dayandırmaq səlahiyyətini ləğv edən qanun layihəsini qəbul etməsi Vaşinqtonun bölgədə sağlam olmayan niyyətinin göstəricisidir.

ABŞ-ı Azərbaycana münasibətdə bu ritorikanı seçməyə nə vadar edir? Görünən odur ki, ABŞ da Fransa kimi regionda münaqişəyə və separatizmin mövcudluğuna özünün mümkün təsir vasitəsi kimi baxır və Azərbaycanın qəbuledilməz "status-kvoya" son qoyması Vaşinqtonun maraqlarına zidd olub.

Azərbaycanla Ermənistan arasında 30 il davam etmiş münaqişəyə və bu münaqişədə çoxsaylı itkilərə görə birbaşa məsuliyyət daşıyan beynəlxalq subyektlərdən biri, bəlkə də birincisi məhz bu maraqlarının əsirinə çevrilən ABŞ-dır. Dünyanın supergücü olmasına baxmayaraq, ABŞ 30 il ərzində vasitəçilik missiyası altında bölgədə sülh və sabitlik üçün əsas maneə olan işğal faktoruna və separatizmə dəstəyini gizlətməyib. Azərbaycan işğal və təcavüzə məruz qalsa da, ABŞ məhz işğalçıya dəstək niyyəti ilə Azərbaycana münasibətdə 907-ci düzəlişi qəbul edib.

Separatçı rejimin mövcudluğu dövründə ABŞ dəfələrlə terrorçuları Vaşinqtona və digər şəhərlərə dəvət edərək onlarla "rəsmi şəxs" qismində görüşlər keçirməkdən çəkinməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, əslində Vaşinqton 30 il ərzində bölgədə münaqişənin davamlılığını təmin etmək üçün vasitəçilik missiyası həyata keçirib.

Çox təəssüflər olsun ki, dünyada supergüc kimi sülh və sabitliyə, BMT məqsədlərinə, beynəlxalq hüququn prinsiplərinə əməl olunmasına görə məsuliyyət daşıyan əsas qlobal subyektlərdən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Vaşinqton beynəlxalq hüququn aliliyinin təmin olunması qarşısında əsas maneələrdən biri kimi çıxış etməkdədir. Əks halda, rəsmi Vaşinqton Azərbaycanın beynəlxalq hüququn aliliyini təmin edərək öz ərazilərini işğaldan azad etməsinə və Qarabağ iqtisadi rayonunda möhkəmlənmiş separatizmin kökünü kəsməsinə bu cür qısqanclıqla yanaşmazdı.

ABŞ Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və antiterror tədbirlərindəki uğurlarından sonra Bakıya münasibətdə qeyri-konstruktiv davranışlar nümayiş etdirməkdədir. Bu gün faktiki olaraq rəsmi Vaşinqton Azərbaycanı beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq özünün ərazi bütövlüyünü, sərhəd toxunulmazlığı və konstitusiya quruluşunu bərpa etməkdə ittiham edir. Məhz bu səbəbdən, ABŞ-ın Dövlət Departamentinə bağlılığı ilə seçilən QHT-lər və media qurumlarının, o cümlədən Nümayəndələr Palatasının və Senatının ayrı-ayrı nümayəndələrinin Azərbaycana qarşı hücum ritorikasına şahidlik etməkdəyik. İlk dövrlər parlamentarilərin və media qurumlarının mövqeyinin dövlətin mövqeyi ilə üst-üstə düşməməsi barədə yalanlar səsləndirilsə də, artıq son zamanlar, xüsusən antiterror tədbirlərinin ardınca Vaşinqton xarici siyasət idarəsinin rəsmiləri tərəfindən də Azərbaycana açıq hücumlar edilir.

ABŞ Senatının "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişi dayandırmaq səlahiyyətini ləğv edən qanun layihəsini qəbul etməsi, bu barədə Nümayəndələr Palatasına müraciət, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın və digər rəsmilərin Nümayəndələr Palatasında müvafiq dinləmələrdə səsləndirdiyi əsassız açıqlamalar məhz bu çərçivədə davam edən prosesin bir hissəsidir.

Əgər Vaşinqton bununla Cənubi Qafqazda öz maraqlarını müdafiə etdiyini düşünürsə, ciddi şəkildə yanılır. Çünki bu tip ritorika yalnız və yalnız Amerika ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbədir.

ABŞ Azərbaycanın müstəqil hərbi-siyasi və suveren iqtisadi güc olduğunu unutmamalı və başa düşməlidir ki, Cənubi Qafqazda ABŞ-ın əsas ticari tərəfdaşı kiməsə möhtac, kiminsə yardımlarından asılı olmayan Azərbaycandır. Əksinə maraqlarını təmin etmək, region ölkələri ilə əlaqələrini daha stabil və təhlükəsiz formada reallaşdırmaq üçün ABŞ bu bölgədə Azərbaycana ehtiyac duyur.

Təsadüfi deyil ki, 2001-ci ildə Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəkləyərək öz hava məkanını, logistika imkanlarını, o cümlədən şimal paylayıcı şəbəkəni açmaqla Amerika tərəfinə kifayət qədər rahat hərəkət etməsi üçün imkanlar yaratmışdır.

Biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və qarşılıqlı fəaliyyət göstərməyi hədəfləyirik. Eyni zamanda Azərbaycan başqa dövlətlərlə, o cümlədən ABŞ ilə münasibətlərini beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Əgər bu gün ABŞ beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymursa biz bunu qəbul edə bilmərik və davranışlarımız da buna müvafiq olacaq.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.