Vəkillər Kollegiyası elektron order, elektron müqavilə və digər elektron xidmətlərin təqdimatını keçirib
Sosial həyat

Vəkillər Kollegiyası elektron order, elektron müqavilə və digər elektron xidmətlərin təqdimatını keçirib

Aprelin 3-də Bakıda Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ARVK-nın Rəyasət Heyətinin üzvləri, dövlət və özəl qurumlarının, qeyri-hökumət təşkilatlarının, hüquq cəmiyyətlərinin və media nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Kollegiyanın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.

Sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək iştirakçılara ARVK-da son illər görülən işlərdən, elektron xidmətlərin mahiyyətindən, əhəmiyyətindən və ümumi fəaliyyətlərdən geniş məlumat verib.

Sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, bu sahədə müəyyən layihələrə imza atıldığını, o cümlədən Kollegiya tərəfindən yaradılan "Elektron vəkil orderi" sistemindən artıq bir sıra vəkillərin istifadə etdiyini və həmin təşəbbüsün bütün vəkillər tərəfindən dəstəkləndiyini deyib. Məqsədin vəkillərin işinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun yaradılması olduğunu söyləyən Anar Bağırov elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü, bu istiqamətdə müvafiq normativ hüquqi aktlara dəyişikliklə bağlı təkliflərin hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırıldığını bir daha ifadə edib. Həmçinin ARVK-nın müasir çağırışlara tam hazır olduğunu bildirən sədr yaxın zamanda "Elektron vəkillik" Komitəsi tərəfindən hazırlanan "Pro Bono ChatBot" süni intellektin istifadəyə veriləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu bot süni intellektdən istifadə edərək vətəndaşlara "Pro Bono" hüquqi yardım göstərəcək.

Tədbirin davamında "Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev "Elektron vəkil orderi" və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda, "Pro Bono ChatBot" süni intellektin təqdimatı olub, o cümlədən ictimaiyyət "İnsan resurslarının elektron idarə edilməsi" və "Elektron kargüzarlıq" sistemləri barədə məlumatlandırılıb.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, "Elektron vəkil orderi", ondan istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 2024-cü il martın 3-də keçirilən iclasında "Elektron vəkil orderi"nin bu ilin aprelindən ilin sonunadək kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.