Vətən müharibəsi iştirakçılarının övladları üçün növbəti düşərgə təşkil olunub
Sosial həyat

Vətən müharibəsi iştirakçılarının övladları üçün növbəti düşərgə təşkil olunub

 “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Şirkətin Tədbirlər Planına uyğun olaraq SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgələr təşkil olunur.

21 iyun SOCAR-ın məlumatında bildirilir ki, növbəti düşərgə SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının 6-13 yaş arası övladları üçün 19 iyun 2023-cü il tarixində “Kinderland” uşaq əyləncə mərkəzində keçirilib. Ümumilikdə 153 qazi övladının iştirak etdiyi düşərgədə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra “Neftçi” Peşəkar Futbol Klubunun futbolçuları İsmayıl Zülfüqarlı, Rəhman Hacıyev tərəfindən qazi övladları üçün master-klass keçirilib.

SOCAR-ın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə cari ilin aprel ayında keçirilən ilk düşərgədə SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının 14-16 yaş arası övladları Formula 1 Azərbaycan Qran Prisini tribunadan izləyib, eyni zamanda, Qran Pri çərçivəsində təşkil olunan əyləncə məkanlarında olub, müxtəlif proqramlarda iştirak ediblər.

“Respublika”.