Vətən müharibəsi - tariximizin şanlı səhifəsi
Siyasət

Vətən müharibəsi - tariximizin şanlı səhifəsi

Müasir Azərbaycan tarixinin ən məsul, gərgin, həyəcanlı, əsəblərin tarıma çəkildiyi 44 günlük Vətən müharibəsi yaddaşlarda həkk olunmuşdur. Həmin günlərdən ötən 2 il, Azərbaycan xalqını dünyaya tamamilə başqa tərəfdən tanıtdı. Uzun illər ərzində düşmənlərin apardıqları çirkin piar kampaniyası nəticəsində xalqımız barədə formalaşmış stereotiplər dəyişdi. Eyni zamanda dünya erməniliyinin və havadarlarının tarixi saxtalaşdırmaqla yaratdıqları mif darmadağın edildi. “Məğlubedilməz ordu”, “hər bir erməni-döyüşçüdür”, “sivilizasiyanın beşiyində duran ən qədim millət” imici cəmi 44 gün ərzində puç oldu. 44 günlük müharibə bütün bunların “sabun köpüyü” olduğunu bir daha göstərdi. Ancaq etiraf etməliyik ki, Ermənistanın arxasında duran, açıq və gizli dəstək verən, dünya siyasətində həlledici rola malik kifayət qədər dövlətlər vardır. Belə olmasaydı kiçik, iqtisadi cəhətdən inkişaf etməmiş, diasporadan və xarici dövlətlərdən alınmış ianələr hesabına yaşayan bir ölkə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlaya bilməzdi. Qonşu  dövlətlərə, ələlxüsus Türkiyə kimi qüdrətli bir dövlətə qarşı ərazi iddiaları irəli sürməzdi. Əsl tragikomediyadır;  “dovşanın şirə hədə-qorxu gəlməsinə bənzəyir”. Ancaq faktdır. Bu kiçik dövlət 100 ildən artıqdır ki, beynəlxalq güclərin dəstəyi ilə dünyanın çeşidli ölkələrində terror aktları təşkil edir, diplomatları qətlə yetirir, iri media resurslarını, siyasətçiləri satın alır, heç zaman olmamış saxta erməni genosidinin tanınması haqda qanunlar qəbul etdirir. Faşist əlaltıları olan daşnak ermənilərə abidələr ucaldır. Bəşər sivilizasiyasının əksər nailiyyətlərini, bir çox millətlərin yaratdıqları maddi və qeyri-maddi sərvətləri mənimsəməklə, beynəlxalq təşkilatlara yalan məlumatlar ötürürlər.  Əgər onların törətdikləri cinayətlərin cüzi bir hissəsini hansısa digər millət etsəydi heç şübhəsiz beynəlxalq birlik belə kaprizlərə dözməzdi. Təbii ki bütün bunların kökündə ilk növbədə “türkəfobiya, islamafobiya, böyük dövlətlərin geosiyasi təsirlər uğrunda mübarizəsi, ikilistandartlar və xristian təəssübkeşliyi” dayanır. Məhz bu amillər torpaqlarımızın azad olunmasını ləngitdi və ermənilərə 30 il özlərini başqalarının hesabına qəhrəman kimi hiss etməyə imkan verdi.  

SSRİ dağıldıqdan sonra milli zəmində əsasən 4 respublikada münaqişə ocağı yarandı. Qarabağ, Krım, Luqansk, Abxaziya, Cənubi Osetiya, Pridnestrovye. Onların arasında  isə, ən mürəkkəbi Qarabağ problemi hesab olunurdu. Qeyd etdiyim ikili standartlara görə, bəzi beynəlxalq təşkilatlar hətta digər münaqişələrdən Qarabağ problemini fərqləndirir, birmənalı şəkildə Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüklərini dəstəkləyir, Azərbaycana gəldikdə isə problemin Minsk qrupu çərçivəsində  danışıqlar yolu ilə həll olunmalı  olduğunu  bildirirdilər. Minsk qrupu isə imitasiyadan başqa heç bir ciddi fəaliyyəti ilə yadda qalmadı.    

Münhen Təhlükəsizlik Konfransında hər dəfə erməni dövlət başçılarının Prezident İlham Əliyevlə açıq debatın  keçirilməsi təklif olunurdu. Ancaq həm Robert Koçaryan, həm də ki, Serj Sarkisyan İlham Əliyevlə debatdan yayınırdılar. Gözlənilmədən Nikol Paşinyan razılıq verdi və bütün dünya qarşısında məhdud düşüncə tərzi, dünyagörüşü ilə biabır oldu. Bu, onun birinci və axırıncı debatı oldu və düşünürəm ki, bir daha İlham Əliyev kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemini, geosiyasi reallıqları, tarixi prosesləri yüksək səviyyədə mənimsəmiş intellektualla açıq mübarizəyə girişməz. 

27 sentyabrda səhər tezdən erməni qoşunları cəbhənin müxtəlif istiqamətlərindən mövqelərimizi atəşə tutmağa başladılar.  Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrə “İRƏLİ” əmrini verdi. Artıq müharibənin ilk günü düşmənin müdafiə xətti iki istiqamətdən yarıldı. Bir neçə kənd və strateji yüksəklik azad olundu. Ümumiyyətlə, qoşunlarımız  44 gün ərzində, hər gün bir neçə yaşayış məntəqəsini azad etməklə, düşmənə sarsıdıcı zərbələr vurur, bir addım da olsa geri çəkilmirdilər. Zərgər dəqiqliyi ilə hazırlanmış döyüş əməliyyatları nəticəsində 30 il ərzində qurulmuş mürəkkəb mühəndis-istehkam qurğularına, çətin relyefə malik dağlıq şəraitə və hücum edən tərəf olmasına baxmayaraq, Qəhrəman əsgərlərimiz ölümün gözünə dik baxaraq yalnız irəlilədilər. Ən innovativ  metodların və silahların tətbiq olunduğu döyüş əməliyyatları dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. 

Müharibənin ilk günlərindən qardaş Türkiyə və Pakistanın hərbi-siyasi rəhbərliyi bütün imkanları ilə Azərbaycanın yanında olduqlarını açıq şəkildə bəyan etdilər. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik iki güclü dövlətin verdiyi mənəvi-siyasi dəstək ölkəmizə yönəlik, Ermənistana himayədarlıq edən beynəlxalq güclərin neytrallaşmasında son dərəcə əhəmiyyətli rol oynadı. Məmnuniyyət hissi ilə özünün müasir silahlarını Ermənistana satmaqdan imtina edən İzrail dövlətini, mövqeyimizi dəstəkləyən Ukraynanı, ərazisindən silah daşınmasına imkan verməyən Gürcüstanı, BMT Təhlükəsizlik Şurasında tutduqları obyektiv mövqeyə görə Qoşulmama Hərəkatının bəzi üzvlərini, İngiltərəni  minnətdarlıq hissi ilə xatırlamaq yerinə düşər. Müharibə ərəfəsində Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsləri ilə iki dəfə cəhd olundu ki, əvvəllər bu təşkilatın qəbul etdiyi qətnamələr ləğv olunsun. Azərbaycan əleyhinə yeni qətnamələr qəbul edilsin. Güclü dövlətlər tərəfindən edilən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin müvəffəqiyyətlə sədrlik etdiyi   Qoşulmama Hərəkatı və ikinci dəfə isə Böyük Britaniya buna imkan vermədi. 

Bunlarla yanaşı, adını islam dövləti qoymuş cənub qonşumuzun düşmənə verdiyi hərtərəfli dəstək də unudulmamalıdır. 30 il ərzində İran beynəlxalq iqtisadi sanksiyalardan əziyyət çəkməsinə rəğmən bütün mümkün imkanlarından istifadə edərək, Ermənistan üçün nəfəslik rolunu oynadı. Yaxın Şərq ölkələrindən gələn erməni terrorçuları məhz bu ölkənin ərazisindən Qarabağa daxil olurdular. Müharibənin bitməsinə 5 gün qalmış Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanat isə riyakarlıqdan başqa bir şey deyil. Özünün də gözləmədiyi halda, Azərbaycan cəbhədə sürətlə irəliləyirdi və İran proseslərdən kənarda qalmışdı. Türkiyənin Rusiya ilə birlikdə tənzimləmə missiyasını həzm edə bilmirdi. Zəngəzur dəhlizinin açılmasına qarşı fəaliyyətləri, Ermənistan ordusunun yenidən qurulması, Qarabağa qanunsuz yüklərin daşınması, Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlərinə qısqanclığı, bu ölkənin əsl sifətinin göstəricisidir. 

Məlumdur ki, Ermənistan, ümumiyyətlə dünya erməniləri harada yaşamaqlarından asılı olmayaraq, fasiləsiz Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmaqla məşğuldur. Son 100 ildə özlərindən  minlərlə  yalan nağıllar, saxta tarix və s. uydurmuşlar ki, artıq özləri də inanmağa başlamışlar. Yeni dünyaya gələn bütöv nəsillər heç bir tarixi faktlara söykənməyən nağıllarla təhsil və tərbiyə almışlar. Beləliklə, dünya ictimaiyyətinin lağ-lağı obyektinə çevrilmiş, məşhur “erməni xəstəliyi” yaranmışdır.

Etiraf etmək lazımdır ki, ermənilər yalanlarının sənədləşdirilməsi istiqamətində xeyli iş görmüşlər. On minlərlə kitab çap etdirməkdən tutmuş planetin hər bir guşəsində qəzet, jurnal, televiziya, internet resurslarına sahib olmuş, müxtəlif media-qruplarını, siyasətçiləri satın almış, lobbi, diaspora təşkilatları yaratmışlar. Güclü maliyyə vəsaitlərinə malik olan dünya erməniliyi erməni mifinin yaşaması üçün əllərindən gələni edir. Bunun nəticəsidir ki, insanlıq adına qara ləkə olan, hamilə qadınları, körpə uşaqları, yaşlı adamları amansızcasına qətlə yetirməkləri ilə açıqcasına fəxr edən cəlladlar, dünyaya ən qədim, mədəni millət, mələk qismində təqdim olunur.

Müharibənin ilk günlərindən erməni təbliğatı var gücü ilə Azərbaycan tərəfdən müxtəlif ölkələrdən gəlmiş terrorçu qrupların vuruşması barədə yalanlar uydurmağa başladı. Fransa prezidenti Makron və bəzi ölkələrin siyasətçiləri də onlara qoşularaq, ölkəmizi terrorçularla əlbir olmaqda günahlandırdılar və dərhal müharibənin dayandırılmasını tələb etdilər. Azərbaycan Prezidenti Makronun zənglərinə və ittihamlarına layiqincə cavab verməklə, sübut, dəlil tələb etdi. Təbii ki, sübut yox idi və Makron özünü gülünc vəziyyətə saldı.

İnformasiya müharibəsində televiziyaların rolu çox böyükdür. Qonşu Rusiyanın federal kanallarında yayımlanan bəzi  tok-şoular ermənilər və ermənipərəst qüvvələr tərəfindən zəbt olunmuş və Azərbaycana qarşı siyasi qərəzlikləri ilə seçilirlər. Müharibənin başlandığı ilk günlərdə Rossiya kanalında yayımlanan “ 60 dəqiqə” verilişində əvvəlcə Prezident İlham Əliyev, sonra isə, Nikol Paşinyan canlı yayıma bağlandılar. On milyonlarla insanın izlədiyi verilişdə Prezident Əliyev sərrast nitqi, soyuqqanlı şəkildə faktları sistemləşdirərək ardıcıllıqla sadalamaqla real vəziyyəti dəqiqliklə təsvir edib erməni təbliğatını alt-üst etdi. Nəinki milyonlarla insanın, eyni zamanda Azərbaycanın düşmənlərinində rəğbətini qazandı. 

Cəbhədə və diplomatik masada uğurlarımız artdıqca, düşmənlər daha da aqressivləşir, dünyanın nüfuzlu mətbuat nümayəndələrini, televiziya kampaniyalarını, əksər hallarda ələ alınmış jurnalistləri ölkəmizə göndərirdilər. Gərgin iş qrafikinə, işin həddən ziyadə çox olmasına baxmayaraq, Prezident onları şəxsən qəbul edir, Azərbaycanın haqlı davasını dünyaya çatdırırdı. Təxminən 30 -a yaxın mətbuat nümayəndəsi ilə saatlarla, səbir və təmkinlə izahat işi aparmaqla, ən qərəzli, böhtan xarakterli suallarını cavablandırdı. Döyüş meydanında olduğu kimi, informasiya müharibəsinin də Baş Komandanı olmaqla, bir  çox siyasətçilərə örnək oldu. 

Sözsüz ki, müharibənin məsuliyyəti Ermənistanın əvvəlki və hazırkı hərbi-siyasi rəhbərliklərinin üzərinə düşür. Onlar zamanın hökmü ilə törətdikləri cinayətlərin, Azərbaycanın tarixi-mədəni irsinə, iqtisadiyyatına, ekologiyasına vurduqları ziyana görə cavab verəcəklər.

Azərbaycan 3000-ə yaxın  şəhid verdi. Minlərlə qazilərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. 

Müharibə itkisiz olmur. Ötən iki il Azərbaycan xalqının həyatını dəyişdi, 30 il ərzində sınmış qürurunu bərpa etdi. Dövlətin beynəlxalq nüfuzu  artdı, harada yaşamasına baxmayaraq, hər bir azərbaycanlıya hörmətlə yanaşılır. Bölgədə yeni reallıqlar yarandı. Türk dünyasının inteqrasiyası istiqamətində ciddi addımlar atıldı. Hər bir vətəndaşımızın dövlətinə, gələcəyinə inamı artdı. Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatları, bir çox inkişaf etmiş ölkələrin mütəxəssislərinin rəyinə görə XXI əsrin müharibəsi kimi qiymətləndirildi. Bəzi əməliyyatlar xarici ölkələrin hərbi məktəblərində tədris olunur. 

Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq,  müharibədən qalib çıxdı. Növbəti imtahan ermənilərin vəhşicəsinə xarabazara çevirdikləri əraziləri bərpa etmək, Qarabağın əsl sahiblərini öz yurdlarına qaytarmaqdır. Əsas çətinlik ondan ibarətdir ki, ərazilər sıx şəkildə minalanmışdır və tam təmizlənməsi üçün illər lazımdır. Vaxt isə yoxdur. Prezidentin tapşırığı ilə qərargah yaradıldı. Xarici ölkələrdən ən müasir minatəmizləyən texnika alındı, əlavə mütəxəssislər cəlb olundu. Paralel olaraq infrastruktur layihələrinin icrasına başlanıldı, bir çox marşrutlar üzrə yeni yollar, tunellər çəkilir. İnzibati, yaşayış  binaları inşa olunmağa, tarixi abidələrin  bərpasına başlanıldı. Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verildi.  Laçın beynəlxalq hava limanının inşasına hazırlıq gedir. 

 Bəli, bu imtahandan da Azərbaycan uğurla çıxacaq, dünyanı heyrətləndirməyi bacaracaqdır. 

   Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı.