Vətən müharibəsindəki Zəfərdən sonra daha bir qələbə
Digər xəbərlər

Vətən müharibəsindəki Zəfərdən sonra daha bir qələbə

Türkiyə

Dövlət Sərhəd Xidməti Laçın dəhlizində qurduğu postla tarixi ədaləti bərpa etdi. Azərbaycan müstəqillik əldə etdiyi gündən bu yana ilk dəfədir ki, tam şəkildə özünün sərhədlərinin mühafizəsini həyata keçirməyə başladı. Buna qədər Laçın yolu 10 noyabr razılaşmasına zidd olsa da, ermənilərin istədiyi kimi istifadə etdiyi marşruta çevrilmişdi və bütün qanunsuzluqlar məhz Rusiya sülhməramlılarının yaratdığı şəraitə uyğun həyata keçirilirdi.

Ermənistandan silah-sursat, hərbi texnika, minalar və canlı qüvvə daşınır, istənilən şəxs rahat şəkildə Azərbaycan ərazisinə girib-çıxa bilirdi. Daşınan minaların Azərbaycan ordusunun hərəkət marşrutlarında basdırılması nəticəsində onlarla Azərbaycanlı hərbçi şəhid oldu. Nəticə etibarilə, Qarabağda qanunsuz silahlı dəstə yaradıldı. Separatçıların "ordusu" adlandırılan bu dəstə tam təchiz olunmuş şəkildə Azərbaycan ordusuna qarşı təxribatlar törətməyə başladı. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdəki mədənlərin qanunsuz istismarı nəticəsində əldə olunan sərvətlər də məhz Laçın yolundan daşınırdı. Bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bildirib. O deyib: "Ekoaksiyanın başlanması ilə Laçın yolundan qanunsuz daşımalara nəzarət gücləndirildi və silah-sursat daşınmasının qarşısı alındı. Lakin separatçılar daşınmanı dayandırmadılar. Torpaq yollardan istifadə etməklə yenə sülhməramlıların müdafiəsi altında silah-sursat, canlı qüvvə daşınması həyata keçirildi. Azərbaycan Ordusunun son əməliyyatları ilə separatçıların istifadə etdiyi torpaq yollar nəzarətə götürüldü. Bu, Vətən müharibəsində əldə edilən qələbədən sonra ikinci ən böyük zəfərdir''.

H.Kılıç deyib ki, artıq Prezident İlham Əliyevin bu günə qədər söylədiyi fikirlər tam, dəqiq şəkildə öz yerini və əksini tapıb. Bu, o deməkdir ki, bu məsələlər hamısı artıq reallığı əks etdirir. Azərbaycan Prezidentinin verdiyi sözlər bir-bir özünü doğruldur. Hesab edirəm ki, tarixi fürsətin yaranması xüsusi önəm daşıyırdı və məqam yarandı ki, Azərbaycan Laçın dəhlizinə post qoysun. Bir müddət öncə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, hər bir işi mərhələli şəkildə görürük. İndiki məqamda Azərbaycanın Laçın dəhlizini tam şəkildə nəzarətə götürməsi və orada post qoyması xüsusi əhəmiyyət daşıyır.

Ermənilərin "humanitar fəlakət" iddiaları qəbuledilməzdir, - deyən H.Kılıç daha sonra bildirib: ''Laçın yolunda aksiya başlayandan etibarən Azərbaycana qarşı bu cür iddialarla təbliğat aparılıb, halbuki, yol bütün humanitar yüklər və keçidlər üçün açıq olub. Eyni iddiaların indi də gündəmə gələcəyi bəllidir. Azərbaycan tərəfi rəsmi şəkildə bəyan edib ki, yolda postun qurulması Qarabağda yaşayan mülki ermənilərin bu yoldan istifadəsini məhdudlaşdırmır. Əksinə, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Məqsəd həqiqətən də humanitar yük və keçidlər üçün istifadədirsə, heç bir problem olmayacaq, amma Azərbaycan dövləti öz ərazisinə silah-sursat, canlı qüvvə və digər qanunsuz daşımalara da göz yuma bilməz''.

Hulusi Kılıç qeyd edib ki, Qarabağdakı erməni əhalisi hər iki istiqamətə hərəkət etmək üçün Azərbaycan postundan keçməlidirlər. Bu isə onları reinteqrasiya prosesinə qoşulmağa, vətəndaşlığı qəbul etməyə sövq edəcək əsas amillərdən biridir: "Nəzarət məntəqəsinin sayəsində Azərbaycan torpaqlarında yaşayan ermənilərin tam nəzarəti təmin olunacaq. Onlar ya reallıqla barışıb Bakının nəzarəti altında, Azərbaycan pasportuna sahib olaraq yaşamalıdırlar, ya da istədikləri yerə gedə bilərlər. Bu, onların seçimidir. Hesab edirəm ki, keçid məntəqəsinin qurulması Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasını sürətləndirəcək. Əslində, Qarabağda yaşayan ermənilərin əksəriyyəti Azərbaycan vətəndaşı olmaq, Azərbaycan dövlətinin nəzarətində yaşamaq istəyirlər. Amma onların arxasında duran qüvvələr bu insanlara psixoloji, siyasi, iqtisadi təzyiq göstərirlər".

H.Kılıç vurğulayıb ki, Azərbaycan nəzarət-keçid məntəqəsini öz suveren ərazisində qurub. Onun sözlərinə görə, buna baxmayaraq, ermənilər beynəlxalq qurumlara şikayət etməyə başlayıblar, lakin bunun heç bir əhəmiyyəti yoxdur: "Ermənilərin beynəlxalq təşkilatlara etdikləri şikayətin heç bir önəmi yoxdur. Çünki ora Azərbaycan torpağıdır. Qarabağın Azərbaycana aid olması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin bir neçə qətnaməsi var. Hər bir ölkə beynəlxalq hüquq çərçivəsində öz torpaqları üzərində tam nəzarət etmək haqqına sahibdir".

Düşünürəm ki, Qarabağda yaşayan erməni əhalisi də yeni reallığı qəbul etməli, separatçı rejimin onlar üzərində oyun oynamasına qarşı çıxmalıdır. Çünki Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Azərbaycan ərazisində yaşamaq istəyənlər vətəndaşlığı qəbul etməlidir, istəməyənlər çıxıb getməlidir...

 ''Azərbaycan ermənilərə daha yaxşı və perspektivi olan həyat verə bilər, yaxud getmək istəyənlərə bölgəni tərk etmələrinə şərait yarada bilər. Üçüncü bir alternativ yoxdur və separatçılara qoşulmaq erməni əhalisinin gələcək həyatını da təhlükəyə atır. Bakının təklif etdiyi reinteqrasiya prosesi qaçılmaz reallıqdır və ermənilərin bunu qəbul etməsi onların daha yaxşı yaşamasının başlanğıcıdır'', - deyib Hulusi Kılıç.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.