Vətən qədər müqəddəs
Sosial həyat

Vətən qədər müqəddəs

Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunun Xıl kəndində də Vətən naminə  şərəfli ölümü ilə el-obaya başucalığı gətirən, şəhidlik zirvəsinə yüksələn igid oğulların adlarını  həmişə müqəddəs tutur, onlarla fəxr edirlər. Həm də kəndin ən səfalı guşəsində şəhidlərin xatirəsinə möhtəşəm abidə-kompleksi ucaldılıb.  İndi hər bir xıllının and yerinə dönən bu abidə-kompleksinin açılış  mərasiminə yüzlərlə adam gəlmişdi.

Mərasimdə vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və çıxışlar başlandı. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov dedi: - Xıl kəndi Birinci Qarabağ müharibəsində, həm də   Vətən müharibəsində şəhidlər verib.  Doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə-kompleksi şəhidlərə göstərilən böyük ehtiramdan irəli gəlir.  Vətən torpaqlarının işğaldan azad edilməsi naminə canlarını qurban vermiş hər şəhidin əziz xatirəsi xalqımız tərəfindən Masallı camaatı arasında daim uca tutulur, məhəbbətlə, iftixarla anılır.  44 gün çəkən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  tarixi qələbə qazanıb, 30 il işğal altında qalan Vətən torpaqlarını erməni faşizmindən birdəfəlik azad etdi. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşatmaqla Zəfər Gününü  qəhrəmanlar beşiyi Azərbaycanımızın   şanlı tarixinə yazdı.

Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun qızı Aytən Hüseynova,  şəhid Elgün Mikayıllının atası Aqil Nağıyev,  şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarının anası, Masallı elinin xanım-xatın, mərd, Vətən qeyrətli qadını  Ziba xanım,  Milli Qəhrəman Elşad Hüseynovun qardaşı Əliqadir Eynullayev və başqaları şəhidlərin qısa, şərəfli həyat yolundan, Vətən uğrunda göstərdikləri şücaətdən, 44 günlük Qarabağ müharibəsində qazanılan  şanlı qələbədən, tarix yazan ordumuzdan, şəhid ailələrinə dövlət tərəfindən olan diqqət və qayğıdan danışdılar.

Tədbirin sonunda məktəblilər Vətənə, onun yolunda can qoyan qəhrəman şəhidlərə həsr olunmuş şeirlər, şair Tahir Heydərlinin Milli Qəhrəman Elşad Hüseynova həsr etdiyi "Vətən oğlu" adlı poemasından parçalar söyləyiblər.

Bəli, torpağı Vətən, Vətəni bütöv edən  və elə özləri  Vətən qədər müqəddəs olan şəhidlərin  xatirəsi qəlbimizdə yaşayacaq.

Zəfər ORUCOĞLU.