Vətən torpağı uğrunda şəhid oldu
Sosial həyat

Vətən torpağı uğrunda şəhid oldu

Tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını hərb salnaməmizə qızıl hərflərlə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. Son damla qanları, son nəfəslərinədək savaşan yenilməz oğullar düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular. Onların sırasında Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Aqşin Quliyev də var.

Quliyev Aqşin Dilavər oğlu 1996-cı il dekabrın 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 2002-2013-cü illərdə Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində təhsil alıb.

2013-cü ildə orta məktəbi başa vuraraq hərbi xidmətə yollanıb. Aqşin Quliyev gələcək həyat yolunu hərbi xidmətdə olarkən seçib. XTQ-dən hərbi hissəyə gələn zabitlər Aqşinə XTQ kursuna qatılmağı təklif edib. Aqşin kursları uğurla başa vurub və əsgər kimi xidmətinin qalan hissəsini XTQ-də keçib. Xidmət etdiyi 7 il ərzində bir çox xarici ölkələrdə təlimlərdə olub. 2016-cı il Aprel döyüşlərində böyük şücaət göstərib, "İgidliyə görə" medalı ilə təltif olunub.

Vətən müharibəsində Hadrutun azad olunmasında böyük şücaət göstərib düşmən qüvvələrinin arasına sızaraq onların texnikalarını yararsız vəziyyətə gətirib, silah-sursat anbarlarını partladıb bir neçə düşmən hərbçisini öldürüb, 1 nəfər zabitini isə əsir götürüb. 2020-ci il oktyabrın 16-da Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə düşmənin müdafiə mövqelərinin dərinliklərinə irəliləyərək bir neçə düşməni məhv edib, yaralanmasına baxmayaraq, geri dönməyib. Ona verilmiş döyüş tapşırığını sona çatdırıb. Yaralı olmasına baxmayaraq, yüksəklikdə pusqu qurmuş düşmən snayperini məhv etməyi bacarıb.

Yaralı olduğundan və çox qan itirdiyindən geri qayıtmağı mənasız sayan Aqşin Quliyev düşmən hərbçilərinə elə onların öz snayper tüfəngi ilə öz mövqelərindən atəş açıb yerini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəlib və bu qorxmaz, mərd vətən oğlu oktyabrın 16-da canından çox sevdiyi vətən torpağı uğrunda şəhid olub. Şəhidin nəşi ordu qüvvələrimizin bir neçə saat sonra həmin ərazini azad etməsindən sonra tapılıb. Şəhidimiz üçrəngli Azərbaycan bayrağına bükülərək doğulub böyüdüyü Sabirabad rayonunun Çiçəkli kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqşin Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən müharibəsi iştirakçısı", "Kəlbəcərin azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.

M.MİRZƏ,

"Respublika".