Vətəndaş məmnunluğu ali məqsəddir
Siyasət

Vətəndaş məmnunluğu ali məqsəddir

Azərbaycan sosial dövlət kimi özünü bir daha təsdiq edir

Azərbaycan xalqının böyük etimadı ilə 2003-cü ildə dövlət başçısı seçilən Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 20 illik dövrdə ölkənin bu sahədə inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib. Qazanılan uğurlar Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" fikirlərinin yüksək səviyyədə öz əməli ifadəsini tapdığını təsdiq edir.

Dövlət başçısının həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin", - deyən Prezident bütövlükdə Azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamasını istəyir.

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Azərbaycan İlham Əliyevin liderliyi ilə sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib.

Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, Liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz Liderinə qətiyyətli inamıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini təmin edən mühüm faktorlardan biri inkişafın milli modelinin yaradılmasıdır. Son 20 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir: "Bizim dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir". Müdrik siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin bu sözləri dahi rəhbərin insanların sosial rifah halının yaxşılaşdırılmasına nə qədər önəm verdiyinin ən yaxşı ifadəsidir.

Sosial sahədə islahatlar inqilabi xarakter daşıyıb. Pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər artırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Məhz dövlət başçısının gərgin fəaliyyəti və uğurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür.

XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər baş verib. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Ötən 20 ildə iqtisadi və sosial sahədə ciddi uğurlar qazanılıb, ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 50 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar və müavinətlər dəfələrlə artırılıb.

Xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olunmasıdır. Bu, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Ümumiyyətlə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, Xalq-Lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub.

Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə təkan olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında Qarabağın və Şərqi Zəngəzurun bərpası, qalib ordumuzun daha da qüdrətlənməsi üçün bütün imkanların səfərbər edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi də prioritet olaraq qalır. Bunu əhalinin sosial müdafiəsinə göstərilən diqqətin dövlət büdcəsində öz əksini tapması və dövlət başçısının mütəmadi olaraq bu istiqamətdə hazırladığı sosial dəstək paketləri bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam edir. Həyata keçirilən bu ardıcıl köç prosesi ölkəmizin növbəti dəfə siyasi qüdrətini və gücünü göstərdi. Vətəndaşlarımızın qayıtdığı bölgələrdə və kəndlərdə yaşayış üçün lazımlı olan bütün infrastruktur maksimum şəkildə təmin edilib. Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərdə Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.

Şəhid ailələri və müharibə əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtlı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik sığorta ödənişinin, aylıq olaraq şəhid ailəsinə Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının ən böyük nümunəsidir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.

Azərbaycan sosial dövlət kimi özünü bir daha təsdiq etməkdədir. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası isə əhalinin güzəranı gündən-günə yaxşılaşır. Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş ölkə kimi görmək istəyən ulu öndər Heydər Əliyevin arzuları həyata keçib. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına səbəb olur.

Mustafa KAMAL,

"Respublika".