Vətənə xidmət şərəfdir
MÜSAHİBƏLƏR

Vətənə xidmət şərəfdir

2020-ci il sentyabrın 27-də ermənilərin növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. 44 gün davam edən hərbi əməliyyatlarda Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Müsahibimiz Vətən müharibəsi iştirakçısı, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Mərdan Adışlıdır.

–Tarixi şanlı qələbəmizin qazanılmasında sizin də payınız var, rəşadətli döyüş yolu keçmisiniz. Yaddaşlardan silinməyən o günləri necə xatırlayırsınız, cəbhəyə  hansı hisslərlə yollandınız?

–Hər bir azərbaycanlı kimi 30 il düşmən tapdağında olan doğma torpaqlarımızın azad olunması üçün başlanan haqq savaşında iştirak etmək arzusunda idim və ehtiyatda olan zabit kimi döyüşə çağırıldığım gün sevincimin həddi-hüdudu yox idi. Sentyabr ayının 27-də artıq müharibə başlanmışdı və təxminən ilk 10 gün döyüşlərdə olmamağım məni çox məyus edirdi. Həmin müddətdə evdə, küçədə, işdə, ictimai yerlərdə sanki insanların, ana bacılarımızın üzünə baxa bilmirdim ki, mən burada rahat gəzirəm, amma cəbhədə düşmənlə üz-üzə əsgər və zabitlərimiz vuruşur. Çağırıldığım gün qürur hissi keçirdim ki, nəhayət mən də igid Azərbaycan əsgərləri ilə çiyin-çiyinə azğın düşmənə qarşı vuruşacağam.

–Birinci Qarabağ savaşı ilə müqayisədə Vətən müharibəsində əsgərlərin döyüş və vətənpərvərlik ruhu haqqında nə deyə bilərsiniz?

–Ali Baş Komandanımız cənab İlham Əliyevin güclü siyasi iradəsi və yenilməz sərkərdəliyi ilə aparılan bu mübarizə, sözsüz ki, ölkəmizin hərbi qüdrətinə və ordumuzun gücünə əsaslanırdı. Bircə an belə düşünməmişəm ki, bizim ordu məğlub ola bilər. Cənab Ali Baş Komandanın çıxışlarında vurğuladığı kimi, qırx dörd günün hər bir anı qəhrəmanlıq dastanıdır, əzizdir, doğmadır. Çünki yalnız biz irəli gedirdik, bir gün də geri addım atmadan.

Döyüş müddətində bir zabit olaraq baş verə biləcək hadisələrin əvvəlcədən ehtimalını nəzərə alanda atəş mövqelərimizin ancaq irəliyə doğru gedəcəyini düşünmüşəm və tabeliyimdə olan əsgərlərimə də bu düşüncələrimi aşılamağa çalışmışam. Söz yox ki, Azərbaycan əsgərinə bu duyğuları aşılamağa ehtiyac yox idi. Çünki hər birimiz yüksək vətənpərvərlik və birlik hissi ilə ancaq düşməni məhv etmək, onların hiylələrinin qarşısını almaq haqqında düşünürdük. Onu da yaxşı bilirdik ki, 30 ildə düşmən güclü müdafiə səngərləri və istehkamları qurub. Sevindirici haldır ki, ordumuzun hər bir taktiki hücumunda onların qurduqları səngər və istehkamlar ələ keçirilərək bizim üçün müdafiə xəttinə çevrilirdi. Hətta döyüş sursatları belə hərbi qənimət kimi ələ keçirilirdi. Bütün bunlar orduda döyüş ruhunu artırırdı.

–Döyüşlərə gedərkən ailənizdən, azyaşlı övladlarınızdan ayrılıb od-alova atılmaq sizə çətin deyildi ki?

–Müharibəyə getmək barədə xəbəri eşidəndə ailəm, təbii ki, çox narahat oldu. İlk olaraq atama zəng edib dedim. Atam bu xəbəri eşidəndə onun keçirtdiyi həyəcanı, qorxunu və narahatlığı “hara?” sualını verəndə hiss etdim. Ailəm və uşaqlarımla sağollaşıb yola düşəndə övladlarımın üzünə uzun müddət baxdım ki, onların baxışları cəbhədə daim xəyalımda qalsın. Bu ayrılıq əlbəttə ki, çətin və ağır oldu, lakin mən düşünürdüm ki, qarşıda duran qəddar düşmən heç bir uşağa, qadına, qocaya rəhm etməyib və etməz də. Ailəmdən ayrılmağın ağırlığını və çətinliyini yalnız düşmənə olan nifrətim qələbəyə sonsuz inamım unutdururdu.

–Müharibədən sonra döyüş xatirələrini, hər an ölümlə üz-üzə yaşanan anları unutmaq olmur. Siz necə, həmin anları xatırladıqca hansı hissləri keçirirsiniz?

–Döyüşlərdə rastlaşdığım çətin məqamlar, şəhidlərimizin şəhadətə yetdiyi, döyüş yoldaşlarımın yaralandığı anları unutmaq heç cür mümkün deyil. Çünki o anlar şəhid və qazilərimizin qanı ilə yazılıb yaddaşımıza. Təbii ki, belə anlar müəyyən mənada insanda sarsıntı yaradır, lakin psixoloji cəhətdən güclü olmaq Azərbaycan əsgər və zabitinə xas olan bir xüsusiyyətdir.

–Rəşadətli Ordumuzun əsgər və zabitləri göstərdikləri şücaətə, qarşıya qoyulan vəzifələri igidliklə yerinə yetirdiklərinə görə müxtəlif orden və medallara layiq görülüblər. Döyüşlərdə iştirakınıza görə təltif olunmusunuzmu?

–Azərbaycan ordusu, əsgər və zabiti hər zaman yüksək dövlət qayğısı ilə əhatə olunub. Vətən uğrunda döyüşən hərbçilərimizin şücaəti, qəhrəmanlığı cənab Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib, onlar təltif ediliblər, o cümlədən mən də möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə, habelə döyüşlərdə iştirak etdiyimə görə, Ədliyyə Nazirliyinin rəhbərliyi, hərbi hissə komandanlığı tərəfindən “Fəxri fərman” və digər mükafatlarla təltif olunmuşam.

Müharibə iştirakçılarının yüksək dövlət təltiflərinə layiq görülməsi cənab Ali Baş Komandana dərin minnətdarlıqla qarşılanaraq hər birimizi dövlət başçısının “dəmir yumruğu” ətrafında sıx birləşərək bundan sonra da böyük qələbələrə ruhlandırır.

–Qalib ordunun zabiti kimi geri dönərkən yaşadığınız anları, təəssüratlarınızı bizimlə bölüşərdiniz.

–Qalib Azərbaycan Ordusunun bir zabiti kimi böyük fəxr hissi keçirirəm ki, Zəfər yürüşündə düşmənə layiqli cavabı verənlərin sırasında mən də varam. Döyüşlər bitdikdən sonra çalışdığım Ədliyyə Nazirliyinin kollektivi tərəfindən çox xoş qarşılandım. Xüsusilə müharibə dövründə nazirliyin, o cümlədən, Məhkəmə Ekspertiza Mərkəzinin rəhbərliyi tərəfindən mütəmadi olaraq ailəmlə maraqlanıldığını, onların daim qayğı ilə əhatə olunduğunu eşitdim və buna görə minnətdarlığımı bildirirəm. Hörmətli nazirimizin müharibə iştirakçıları ilə görüşü də böyük diqqətin təzahürüdür.

Əlavə olaraq onu da qeyd edim ki, qeydiyyatda olduğum Yardımlı rayon hərbi komissarlığına gedərkən rayonumuza axşam saatlarında çatmağıma baxmayaraq böyük bir izdihamla, təmtəraqlı şəkildə qarşılandım. İlk olaraq Şəhidlər xiyabanına şəhidlərimizin məzarını ziyarətə getdim. Məzunu olduğum məktəbimizdə şagird və müəllim kollektivi ilə görüş təşkil olundu. Bütün bunlar müharibə iştirakçılarının hər kəsin diqqət mərkəzində olmasından xəbər verir.

–Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu təqvimin sizin üçün mənası nədir?

–30 illik işğala son qoyan “Dəmir yumruq” əməliyyatının başlandığı 27 sentyabr 2020-ci il tarixi Azərbaycan dövlətinin və millətinin birliyinin, ordumuzun və xalqımızın bir-birinə dəstək olduğu, ən əsası, 30 ildir yolumuzu gözləyən cənnətməkan Qarabağımızın azad olunması üçün Müzəffər Ali Baş Komandanın “Vur” əmrini verdiyi tarixdir. Bu tarix Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın təzahürüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazılərimizə şəfa versin.

Qalib Azərbaycan Ordusunun zabiti kimi bu gün də Vətənimə, dövlətimə və xalqımıza xidmət etməyi özümə borc bilirəm və bundan sonra da hər bir azərbaycanlı kimi mən də Vətənin müdafiəsinə hazıram.

Müsahibəni yazdı:

Mustafa KAMAL,

“Respublika”.