Vətənin yenilməz sipəri
Siyasət

Vətənin yenilməz sipəri

Müzəffər Ordumuz çevik döyüş qabiliyyəti, peşəkarlığı və vətənpərvərliyi ilə tanınır

Dövlət müstəqilliyinin qorunması bilavasitə ordunun gücündən asılıdır. Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Ordunun gücü dövlətin iqtisadiyyatıyla, dövlətin gücü ordunun qüdrətiylə, qüdrəti gücüylə müəyyənləşdirilir. Azərbaycan Prezidenti İlham Əliyev fəxrlə bildirir: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var". Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində dünyanı heyrətləndirən şanlı Zəfər qazandı. Məhz bu tarixi Qələbə sayəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi nüfuzu yüksəldi.

Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk ölkə olub. Bu, ölkəmizin dünya miqyasındakı reytinqini daha da yüksəldib. Zəfər paradı ölkəmizin gücünü, rəşadətli Ordumuzun qüdrətini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. "Dəmir yumruq" əməliyyatı adı ilə qalib sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində qazandığımız şanlı Qələbə xalqımızın qəhrəmanlıq əzminin də əyani təsdiqidir. Şanlı Qələbədən sonra Ordumuzun peşəkarlığının və döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atıldı, yeni hərbi hissələr yaradıldı, xüsusilə işğaldan azad edilmiş ərazilərdə hərbi quruculuq işləri geniş vüsət aldı. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Ordumuzun strategiyası və taktikası haqqında bir çox böyük dövlətlərin hərbi ekspertləri bu gün də heyrət hissilə danışırlar. Xüsusi Təyinatlı Qüvvələrimizin həyata keçirdiyi "Şuşanın azad olunması əməliyyatı" isə şübhəsiz ki, hərbi dərsliklərdə yer alacaq.

Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Azərbaycan tarixinə qəhrəmanlar ordusu kimi düşən Silahlı Qüvvələrimiz hər birimizin qürur mənbəyinə çevrildi. Ordumuz arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir.

Ali Baş Komandan Azərbaycanın hərbi qüdrətinin bundan sonra da artırılacağını, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü və görüləcəyini söyləyib. Müdafiə Nazirliyinin tərkibində Komando briqadasının yaradılması da belə tədbirlərdəndir. "Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq". Bu fikirləri ölkə başçısı 2021-ci il dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı Komando briqadasına döyüş bayrağının təqdim edilməsi mərasimində bildirib. Güclü potensiala malik, İkinci Qarabağ müharibəsinin ilk günlərindən şərəfli döyüş yolu keçmiş torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün qüdrətli Azərbaycan Ordusu ilə birgə savaşan Daxili Qoşunların şəxsi heyəti Ali Baş Komandanın əmrinə hazırdır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ordu gəncləri ilə görüşlərində daim bildirirdi ki, əsgərin, döyüşçünün gücü onun vətənpərvərliyindədir. Görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu Vətən. Düşmən üzərində zəfər qazanmağı qarşısına məqsəd qoyan əsgər Vətəninə, millətinə, dövlətinə sıx tellərlə bağlı olmalıdır. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunda əsgər və zabitlərin yüksək vətənpərvərlik hissinə malik olduğunu göstərdi. Əgər belə olmasaydı, qısa bir vaxtda torpaqlarımız azad edilə bilməzdi.

Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən dövlət başçısı deyib ki, komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələrinin sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. Bütün təchizat ən yüksək səviyyədə təmin edilir. Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb. Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayı da artıb. Yəni onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır. XTQ deyəndə müharibədə xüsusi ağırlığı çiyinlərində daşıyan, uğurlu əməliyyatlara imza atan, Şuşada düşmən ürəyinə xəncər saplayan qüvvələri yada salırıq. Ermənistanla sərhəd boyu ərazilərimizi qiymətləndirsək, həmin ərazilərin çətin relyefli, meşəlik, dağlıq, qayalıq ərazi olduğunu görərik. Belə olduğu halda, çevik, müstəqil şəkildə fəaliyyət göstərə, hər bir şəraitdə döyüş tapşırığını yerinə yetirə bilən peşəkar hərbçilər lazımdır. Bu peşəkarlar "Komando" hərbi hissələrinin nümayəndələri və XTQ-dir. Çünki onların fəaliyyəti xüsusidir. Onların formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb.

Torpaqlarımızı işğaldan azad edən mərd oğullarımız bu gün də mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ədalətlə apardığımız müharibə Qələbəmizlə bitdi. Bütün dünyada haqqın, ədalətin tərəfdarları Zəfərimizə bizimlə birgə sevindilər. Amma Qələbəmizdən özlərinə yer tapmayanlar, işğalçıların acı məğlubiyyətinə az qala, "dəsmal götürüb ağlayanlar" da oldu. Məhz həmin qüvvələr müharibədən sonra Ermənistandakı bəzi revanşist qüvvələrə dəstəyini ifadə etdilər. Həmin qüvvələr bu gün də rəşadətli Ordumuza qarşı təxribatlar törədirlər. Təbii ki, belə təxribatların qarşısı dərhal alınır və növbəti sarsıdıcı zərbəni alan kimi, adəti üzrə döyüş meydanından qaçmağa məcbur olurlar.

Mustafa KAMAL,

"Respublika".