Vətənpərvər və nəcib insan, veteranların unudulmaz dostu
Sosial həyat

Vətənpərvər və nəcib insan, veteranların unudulmaz dostu

Həyatda elə insanlar var ki, onlar əbədiyyətə qovuşandan illər, əsrlər sonra da sevgi və heyranlıqla xatırlanır, minnətdarlıq və fərəh hissi ilə yada salınırlar. Bu cür nəcib insanlardan biri də bütün ömrünü xalqımızın və dövlətimizin rifahına həsr edən görkəmli ziyalı Çingiz Həsənovdur.

Orta təhsilini Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində alan Çingiz Həsənov 1939-cu ildə Naxçıvan şəhərindəki Tibb Texnikumunu fərqlənmə diplomu ilə başa vurur. Tələbə həyatını başa vurduqdan cəmi bir il sonra - 1940-cı ildə həqiqi hərbi xidmətə yollanır. 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə hücumu sovet komandanlığını bütün qüvvələrini faşist hücumuna qarşı səfərbər etmək məcburiyyəti qarşısında qoyur. Çox keçmir ki, Çingiz Həsənovun xidmət etdiyi Poltava şəhərindəki 51-ci diviziyanın 683-cü alayı da hərbi əməliyyatlara cəlb olunur.

Çingiz Həsənov və əsgər yoldaşlarının faşistlərlə ilk qarşıdurması Belarusun Qomen vilayətinin Viloven şəhərində baş verir. Daha sonra onun xidmət etdiyi alay Moskva ətrafındakı müdafiə döyüşlərində iştirak edir. İkinci Dünya müharibəsi tarixinin ən prinsipial və həlledici döyüşlərindən biri hesab edilən Moskva döyüşlərində Çingiz Həsənov özünü əsl azərbaycanlı - qorxmaz döyüşçü kimi göstərir.

O, Ukrayna, Belarus və bir çox ərazilərin faşist işğalından azad edilməsində yaxından iştirak edir, bu döyüşlərdə dəfələrlə şəxsi igidlik nümunəsi göstərir. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə "Qırmızı Ulduz", I və II dərəcəli "Vətən müharibəsi", 2 dəfə "Şərəf nişanı" ordenləri, habelə 20-dən çox medalla təltif olunur.

Faşistlərlə döyüşdə iki dəfə yaralanan Çingiz Həsənov müalicə olunduqdan sonra yenidən döyüş meydanına qayıtmaq istəsə də, hərbi komandanlıq onun bu istəyinə razılıq vermir. O, İranda yerləşdirilən sovet qoşunlarının tərkibində xüsusi tapşırıqların icrasına cəlb olunur. 1946-cı ilə kimi orduda xidmət edən Çingiz Həsənov bu müddət ərzində İran azərbaycanlıları, o cümlədən buradakı ziyalı soydaşlarımızla geniş əlaqələr qurur, Cənubi Azərbaycanın tarixi və ədəbiyyatı ilə yaxından maraqlanır.

1948-1953-cü illərdə Azərbaycanın ən qədim ali təhsil ocağı olan indiki Bakı Dövlət Universitetində ali təhsil alan Çingiz Həsənov hələ tələbə ikən öz çalışqanlığı, mütaliəyə, eləcə də hüquq elminə olan marağı ilə müəllim-professor heyətinin diqqətini cəlb etmiş, onlarda gənc hüquqşünasa qarşı rəğbət hissi formalaşdırmışdı. Elə bu səbəbdəndir ki, o, hələ Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alarkən universitetin Həmkarlar Təşkilatının sədri seçilmiş, sözügedən təhsil müəssisəsinin ictimai həyatında yaxından iştirak etmişdir. Daha sonra aspirantura pilləsində təhsilini davam etdirən Çingiz Həsənov vaxtilə tələbə olduğu universitetdə müəllim kimi fəaliyyət göstərmiş, minlərlə savadlı kadrın yetişməsində mühüm rol oynamışdır.

Çingiz Həsənov Bakı Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri olarkən müəllim-professor heyətinin sosial rifahının yüksəldilməsinin mümkün yolları ilə maraqlanır, bununla bağlı rəhbərlik qarşısında konkret təkliflərlə çıxış edir. Çox keçmir ki, onun elm-təhsil adamlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq cəhdləri öz müsbət nəticəsini verir. Belə ki, Çingiz Həsənovun yaxından iştirakı ilə universitet müəllimləri üçün 60 ailəlik bina inşa edilir.

Çingiz Həsənovun bu prosesdə yaxından iştirakı və sözügedən binanın inşasına verdiyi töhfə onun universitetdəki nüfuzunun daha da artmasına səbəb olur. Bu, onun malik olduğu yüksək mənəvi xüsusiyyətləri - xeyirxahlıq, yardımsevərlik başqalarının qayğı və problemlərinə həssas, duyarlı yanaşma kimi müsbət keyfiyyətlərini də üzə çıxarır.

Bir müddət Mərkəzi Komitənin aparatında müdir müavini vəzifəsində çalışan Çingiz Həsənov daha sonra öz fəaliyyətini "Azərittifaq"da davam etdirir. Onun öncə "Azərittifaq" sədrinin müavini, sonra isə adıçəkilən qurumun sədri kimi fəaliyyəti respublikamızın ictimai iaşə sektorunda əsaslı dönüş yaratdı. Öz təcrübəsi və uzaqgörənliyi ilə ölkənin ictimai iaşə sektorunun işini yenidən quran Çingiz Həsənov hər şeydən öncə müasir dövrün tələblərinə cavab verən univermaqların, restoran, mağazaların və bu kimi digər xidmət obyektlərinin inşasına xüsusi diqqət yetirir, bu zaman həmin obyektlərin milli ornamentlərlə bəzədilməsinə, milli dəyərlərə xas şəkildə tikilməsinə böyük önəm verir. Bu gün respublikanın bir çox bölgələrində Çingiz Həsənovun bilavasitə nəzarəti ilə inşa edilən çoxlu sayda ictimai iaşə müəssisələri var ki, onların hər biri böyük ziyalının öz xalqına təmənnasız xidmətinin nümunəsidir. Çingiz Həsənov 1987-ci ildən 2012-ci ilə qədər Bakı Dövlət Universitetində iqtisadiyyat kafedrasının dosenti vəzifəsində çalışaraq gənc nəslin maariflənməsində, yüksəkixtisaslı iqtisadçıların yetişdirilməsində əhəmiyyətli rol oynayır.

Harada olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər zaman milli maraqları hər şeydən uca tutan Çingiz Həsənov XX əsrin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəllərinə qədər Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin milli quruculuq və inkişaf siyasətini qətiyyətlə dəstəkləyir, onun Azərbaycanda həyata keçirdiyi nəhəng quruculuq işlərini yüksək dəyərləndirirdi. Çingiz Həsənov hesab edirdi ki, hər kəs bu böyük və müqəddəs işdə ulu öndərə dəstək verməli, Azərbaycanın tərəqqisi üçün əlindən gələni əsirgəməməlidir. Heydər Əliyev vətəndaşların sosial rifahını yaxşılaşdırmaq, Azərbaycanın keçmiş SSRİ-dəki iqtisadi gücünü artırmaq, onu SSRİ-nin sürətlə tərəqqi edən respublikasına çevirmək üçün ölkəmizdə iri sənaye müəssisələrinin, ictimai iaşə müəssisələrinin inşasına xüsusi diqqət yetirirdi. Çingiz Həsənov ulu öndərin respublika rəhbərlərinə ünvanladığı tövsiyələri diqqətlə izləyir, onların yüksək səviyyədə icrasına böyük əhəmiyyət verirdi. Heydər Əliyevin Azərbaycan sevgisindən ilham alan Çingiz Həsənov respublikamızda inşa etdiyi böyük müəssisələr, ictimai iaşə obyektləri ilə ulu öndərin siyasətini əməli surətdə dəstəklədiyini, xalqımızın, respublikamızın rifahı naminə durmadan çalışdığını sübut etmişdir. Heydər Əliyev yolunun əzəli-əbədi davamçısı olan Çingiz Həsənov ömrünün son gününə qədər ulu öndərin sadiq silahdaşı kimi çıxış etmiş, Heydər Əliyev siyasətinin əsas təbliğatçılarından biri olmuşdur.

Çingiz Həsənov 1961-ci ilin oktyabr ayından etibarən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini vəzifəsində çalışmış, daha sonra şöbə müdiri vəzifəsinə yüksəlmiş, MK-nın və onun kənd təsərrüfatı üzrə bürosunun üzvü seçilmişdi. Ç.Həsənov bu müddət ərzində milli maraqlarımızı qətiyyətlə müdafiə etmiş, Azərbaycan xalqının maraqlarına qarşı yönələn hər bir addımı sərt tənqid etmişdir. Azərbaycan KP MK-nın 1990-cı ilin 30 mart tarixində keçirilən plenumunda çıxış edən Çingiz Həsənov Azərbaycan xalqına olan ögey münasibəti açıq şəkildə tənqid etmiş, xalqımıza qarşı işlənən cinayətlərin araşdırılmasını, müqəssirlərin cəzalandırılmasını tələb etmişdir.

Onun bu qətiyyəti ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənirdi. Ümummilli lider kimi, Prezident İlham Əliyev də Çingiz Həsənovun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirir, bu fəaliyyəti bir çox baxımdan, o cümlədən gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafı baxımından əhəmiyyətli hesab edirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 21 fevral 2012-ci il tarixli Sərəncamı ilə Çingiz Həsənov "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Prezident təqaüdçüsü Çingiz Həsənov bu gün aramızda olmasa da, onun dəyərli irsi, o cümlədən azərbaycançılıq, milli tərəqqi, vətənpərvərliklə bağlı ideyaları geniş təbliğ edilməkdə, gənc nəsillər tərəfindən öyrənilməkdə, vətənə, bayrağa, mənəvi dəyərlərimizə bağlı nəsillərin yetişməsinə töhfə verməkdədir.

Çingiz Həsənovu xarakterizə edən mühüm amillərdən biri də onun veteranların sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətdəki nüfuzunun yüksəldilməsi, gənc nəsillə veteranlar arasında mənəvi bağlılığın gücləndirilməsi istiqamətində mütəmadi addımlar atması, bu istiqamətdə fasiləsiz çalışması ilə bağlı idi. O, haqlı olaraq hesab edirdi ki, veteranların sosial şəraitinin yaxşılaşdırılması, onlarla bağlı köklü və rassional addımların atılması üçün öncə qanunvericilik bazası təkmilləşdirilməli, veteranların hüquqları ilk öncə hüquqi müstəvidə öz əksini tapmalıdır. Məhz bu səbəbdən də, Çingiz Həsənov veteran və şəhid ailələri ilə bağlı bir sıra məsələləri ilk öncə qanunvericilik baxımından həll etməyə çalışır, bunun üçün konkret təkliflərlə çıxış edirdi. Onun 1995-ci il parlament seçkilərində namizəd kimi irəli sürdüyü seçki platformasında bir sıra məsələlərlə yanaşı, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı müddəa da yer almışdır. Həmin müddəada göstərilirdi: "Şəhid ailələrinin iqtisadi problemləri, onların güzəranının yaxşılaşdırılmasına yönəldilmiş əlavə qanunverici aktların hazırlanması və qəbulu ilə məşğul olmaq..." ("Qarabağ" qəzeti. 8 noyabr 1995. Səh. 3) Aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi, bütün vətəndaşları əhatə edən sosial layihələrin tətbiqi Çingiz Həsənovun ictimai xadim kimi fəaliyyətində mühüm yer tuturdu. O, çox tez-tez veteranlarla, şəhid ailələri ilə görüşür, onların problemləri ilə maraqlanır, məlum problemlərin həlli üçün bütün imkan və resurslardan istifadə edirdi. Veteranlar Çingiz Həsənovun timsalında öz böyük və həqiqi dostlarını görür, onun irəli sürdüyü təklif və təşəbbüsləri qətiyyətlə dəstəkləyirdilər.

Çingiz Həsənovun döyüş yolu, o cümlədən həyat və fəaliyyəti gənc nəsillər tərəfındən öyrənilməli və daim təbliğ olunmalıdır. Veteranlara qayğı, onların problemlərinin həlli, müharibə əlillərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması Çingiz Həsənovun fəaliyyətində hər zaman mühüm yer tutmuşdur. Çingiz Həsənov veteranların problemləri ilə bağlı mütəmadi surətdə əlaqədar orqanlar qarşısında məsələlər qaldırır, həmin problemin həllinə nail olmayana qədər rahatlıq tapmırdı. O, veteranlarla gənc nəsil arasında mənəvi bağlılığın möhkəmlənməsinə can atır və çalışırdı ki, gənc nəsil veteranların timsalında xalqımızın mənəvi dəyərlərinə, qəhrəmanlarımızın döyüş yoluna, hərb tariximizə yaxından bələd olsun.

Təbii ki, gənclərimiz Çingiz Həsənov kimi böyük ziyalılarımızı, veteranlarımızı tanımalı, onların döyüş yoluna, həyat və fəaliyyətlərinə bələd olmalı, təcrübələrindən mühüm nəticələr çıxarmalıdırlar. Unutmamalıyıq ki, onların mübarizəsi tariximizin şanlı səhifələrini təşkil edir. Hansı ki, bu səhifələr daim xatırlanmalı, öyrənilməli və təbliğ edilməlidir.

Cəlil XƏLİLOV,

Müharibə, Əmək və Silahlı Qüvvələr

Veteranları Təşkilatının sədr müavini, polkovnik.