Xalqımız Zəfər yolunun növbəti mərhələsinə qədəm qoydu
Siyasət

Xalqımız Zəfər yolunun növbəti mərhələsinə qədəm qoydu

Xalqımızın möhkəm iradəsi və sarsılmaz həmrəyliyi sayəsində Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin xalq qarşısında öz müqəddəs andını içməsi ilə böyük və şərəfli yola inamla qədəm qoyduq. Bu yol doğma Vətənimizin indikindən də gözəl çiçəklənməsinə, hərtərəfli inkişafına, müstəqilliyinin, suverenliyinin qorunmasına, qazanılmış bənzərsiz uğurların davam etdirilməsinə və yeni hədəflərə nail olmaqdır. Bu yol təbii ki, zəfər yoludur. Bunu əminliklə söyləməyə bizə ötən illərin nailiyyətləri əsas verir.

Xalqımız ilk dəfə - 2003-cü ildə cənab İlham Əliyevi dövlətimizə rəhbər seçərkən qəlbimizdə böyük ümummilli arzular, qarşımızda çətin hədəflər, ən əsası isə Qarabağ həsrəti var idi. Amma qətiyyən naümid deyildik. İnanırdıq ki, bütün istəklərimizə çatacağıq. Gəlin, bugünkü Azərbaycana nəzər salaq - davamlı inkişaf edən müstəqil və güclü iqtisadiyyat, döyüş meydanında öz sözünü demiş yenilməz Ordu, xalqımızın xoşbəxt və firavan həyatı, yerləşdiyi coğrafiyanın əsas aparıcı dövləti, dünyanın ən əhəmiyyətli və strateji ölkələrindən biri, bir tərəfdə də dirçələn, çiçəklənən Qarabağ. Qeyd etdiklərim vaxtilə çoxlarına əlçatmaz görünə bilərdi, bu gün isə realdır. Biz bu arzu və istəklərə xalqımızın müdrik qərarı və sərrast seçimi, həmrəyliyi, dövlətimizin başçısı cənab İlham Əliyevin mükəmməl dövlətçilik təfəkkürü, çevik və səmərəli idarəçilik bacarığı, dərin siyasi biliyi, diplomatik səriştəsi və qətiyyəti sayəsində çata bildik.

Mürəkkəb bir coğrafiyada yerləşən, ərazisinin həcmi və əhalisinin sayı baxımından böyük olmayan, digər tərəfdən hərbi təcavüzə məruz qalan, bir milyondan artıq vətəndaşı məcburi köçkün həyatı yaşayan bir ölkənin cəmi 20 ildə bütün maneələri aşması, blokadaları yarması, regionda bütün təşəbbüsü öz əlinə alması yalnız uzaqgörən və güclü Liderin sayəsində mümkün olduğu hamıya məlumdur. Sözsüz ki, bunun arxasında bilavasitə Prezident İlham Əliyevin gərgin zəhməti, fədakar əməyi dayanır. O, qısa zaman kəsiyində yorulmadan gördüyü əvəzsiz işlər, apardığı ardıcıl islahatlar, müəyyənləşdirdiyi mükəmməl strategiyalar, həyata keçirdiyi aydın və konkret proqramlarla daim modernləşən, müasir dövrün tələblərinə cavab verən, dünyada gedən amansız rəqabətədavamlı güclü bir Azərbaycan qurub. Bu Azərbaycanın dünyada yeri və rolu, nüfuzu böyük, təsir imkanları geniş, onunla əlaqələr qurmaq, dost olmaq istəyən dövlətlərin sayı isə kifayət qədərdir. Çünki ölkəmizin təşəbbüsü ilə ərsəyə gələn beynəlxalq və regional layihələrin işığı bütün dünyada bərq vurur, Avropanın enerji böhranından yeganə xilas yolu hesab edilir. İqtisadi, siyasi və strateji baxımdan yüksək əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmiryolu ölkəmizin regional güc mərkəzinə çevrilməsində, qlobal mövqelərinin möhkəmlənməsində son dərəcə önəmli layihələrdir.

Təcrübə göstərir ki, dövlətlərin bir-birinə yaxınlaşması, əməkdaşlığın qurulması və genişlənməsi ölkədə mövcud olan sabitlikdən çox asılıdır. Bu mənada Azərbaycanda möhkəm sabitlik var, həmçinin Prezidentimiz sözü ilə işi bir olan, atdığı hər bir imzasına hörmətlə yanaşan şəxsiyyətdir. Azərbaycanın qlobal uğurlarının digər səbəbi isə cənab İlham Əliyevin dünya siyasətini, beynəlxalq münasibətləri tarixi, nəzəri və praktik baxımdan dərindən bilməsidir. Dövlətimizin başçısı xarici siyasətdə hər zaman milli maraqlardan çıxış edib, Azərbaycanın mənafeyini bütün dəyərlərdən üstün tutub. İştirak etdiyi qlobal tədbirlər, beynəlxalq tribunalarda etdiyi çıxışlar, irəli sürdüyü təşəbbüslərlə ölkəmizi layiqincə təmsil edib. Onun nümunəvi davranışları, yüksək siyasi mədəniyyəti və intellektual səviyyəsi dünyada ölkəmizin nüfuzunu artırıb, həm də hər birimizi qürurlandırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızı qarşıda daha böyük nailiyyətlər, parlaq gələcək və güclü Azərbaycan gözləyir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.