XALQIMIZA ZƏFƏR YARAŞIR
Digər xəbərlər

XALQIMIZA ZƏFƏR YARAŞIR

Artıq iki ildir ki, xalqımız, bütövlükdə, dünya azərbaycanlıları Ermənistan üzərindəki tarixi qələbənin sevinci ilə yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 illik işğala son qoydu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycanın möhtəşəm qələbəyədək keçdiyi bu yol əvvəldən sonadək qanlı-qadalı olmuşdur. Bu müddətdə ərazilərimizin 20 faizi erməni faşizmi tərəfindən işğal edilmiş, insanlarımız məcburi şəkildə yurd-yuvalarından didərgin salınmış, neçə-neçə igid əsgər və zabitimiz şəhadətə yüksəlmişdir. Son illərdə Azərbaycan Ordusu güc-qüdrəti ilə Naxçıvanda, Cəbrayılda və digər təmas nöqtələrində misilsiz qəhrəmanlıqlar göstərərək geniş həcmdə torpaqlarımızı düşmən tapdağından azad etmiş, qəsbkarı cəzalandıraraq yerində oturtmuşdur. Ancaq bütün bunlar Ermənistana dərs olmurdu. İşğalçı ölkə davamlı təxribatlar törətməkdən əl çəkmirdi. Düşmən sonuncu belə mənfur addımı 2020-ci il sentyabrın 27-də atdı. Nəhayət, səbir kasası daşan Azərbaycan əks-həmlə əməliyyatları ilə Vətən müharibəsinə başladı və 44 günlük savaşla Ermənistan ordusunu darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Ordumuz 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkliklərini və daha 5 adsız yüksəkliyi yağılardan təmizlədi.

Azərbaycan böyük qələbənin ilk addım səslərini isə noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Beləliklə, Silahlı Qüvvələrimiz dünya hərb tarixinə yeni bir səhifə yazmaqla nəyə qadir olduğunu beynəlxalq aləmə nümayiş etdirdi.

Deyə bilərəm ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti Ermənistan və onun havadarlarının acı məğlubiyyəti ilə nəticələndi. Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Dövlətimizin başçısı müdrik siyasəti, qətiyyəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.

Prezident İlham Əliyev müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı. Həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

Mən də çoxsaylı ədliyyə işçiləri kimi müharibənin ilk günündən könüllü şəkildə cəbhəyə yollandım. 2020-ci il sentyabrın 27-də Bakıdan Beyləqan rayonuna yola düşən dəstə ilə cəmləşmə rayonunda bir neçə gün təlim keçib, sentyabrın 30-da döyüşə girmək haqqında komanda gəldi. Döyüş başladı. Bu nə yuxu idi, nə də kino, real həqiqət idi, atəş səslərindən, uğultudan qulaq tutulur, göydən yağış kimi səpələnən güllə, mərmi qəlpələri altında müvafiq mövqe seçib düşmənə əks-həmlə endirirdik. Müharibə nə qədər dəhşətli görünsə də, düşməndən qisas, intiqam almaq hissi bütün həyəcanımızı yox etmişdi, bizə verilən komandanı məsuliyyətlə yerinə yetirirdik. 30 ildən bəri düşmən tapdağı altında inləyən Vətən torpaqları bizi çağırırdı. Addım-addım irəliləyib azad etdiyimiz ərazilərə üçrəngli bayrağımızı sancdıqca qələbəyə bir az da yaxınlaşırdıq.

Noyabrın 2-si idi. Hadrutda gedən döyüşlərə ara vermək əmri gəldi. Şuşa uğrunda qızğın döyüşlərin getdiyini bilirdik. Quraşdırdığımız kiçik radiocihaz vasitəsilə hərdən xəbərləri, Prezident, Ali Baş Komandanın çıxışlarını dinləyə bilirdik. Noyabrın 8-i təkcə bizim üçün deyil, bütün ordumuz üçün dönüş nöqtəsi oldu. Alınmaz qala Şuşa fəth edilmişdi. Ali Baş Komandanın xalqa müraciətində verdiyi bu xoş xəbər digər əsgər yoldaşları kimi məni də hədsiz sevindirdi. Həmin vaxt keçirdiyim o hissləri sözlə, cümlə ilə ifadə edə bilmirəm. Doğrudan da müharibənin bitməsi, qələbə xəbərini döyüş meydanlarından uzaqda qarşılamaqla, düşmənlə göz-gözə dayanıb qarşılamağın fərqi çox böyükdür. Yaxınlıqda dayanan düşmənə: "Biz qalib gəldik,  qələbə bizimdir", - deyə bağırıb, qışqırıb sevinməyin öz ləzzəti vardı. Müharibə vaxtı 44 günün hər biri kədər, sevinc və qarışıq günlər oldu. Bir qədər irəliləyib, hansısa kəndi, qəsəbəni azad edib sevinir, itirdiyimiz yoldaşlarımıza görə kədərlənir, qüssələnirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!  Qazilərimizə isə şəfa diləyirəm.

Bu gün mən də şərəflə döyüşdüyüm üçün qürurluyam, ancaq özümü bu Vətənə hələ çox borclu bilirəm. Vətənimə, xalqıma layiq övlad,  Prezidentimiz, Ali Baş Komandana layiq vətəndaş-əsgər olmağa çalışacağam. Hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz bu ölkənin əsgəriyik, hər sahədə Vətənə xidmət etmək şərəfimizdir. Vətən üçün döyüşdük, onun üçün də yaşayıb, qurub-yaratmalıyıq, hara səsləsə yenə də getməyə hazıram.

"Mən hər zaman qazilərin yanında olacağam", - deməklə Prezident İlham Əliyev əslində bütün müharibə iştirakçılarına olan münasibətini bildirmişdir. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülən işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Böyüməkdə olan gənc nəsildə qələbənin yaratdığı milli düşüncə, milli mənlik şüuru, milli ideologiya Vətən sevgisinin formalaşmasında böyük rol oynayır. Gənc nəsli ata-babalarımızın dilindən eşitdiyi qəhrəmanlıq dastanlarının canlı şahidi olmaqla yanaşı, onlarda vətənə, torpağa məhəbbət hissi aşılandı. Həmçinin, bu tarixi zəfər dövlət və xalqımızın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə olan güvənini geri qaytardı, xalqın öz ordusunun gücünə inamını və ona olan etibarını daha da möhkəmləndirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandırdığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı.

Artıq üstündən qaçqın və məcburi köçkün adı götürülən soydaşlarımız azad dədə-baba yurdlarına qayıdırlar. İndi işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Prezidentimizin tapşırığı ilə "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri bu gün Qarabağımızda böyük vüsət alaraq həyata keçirilir. Aparılan bu işlər təbii ki, bizləri çox sevindirir.

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarını, gözünü qırpmadan torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşan qazilərimizin şücaətini xalqımız heç vaxt unutmayacaq, bu zəfər hər bir azərbaycanlını daim qürurlandıracaqdır.

İsa EYVAZZADƏ,  

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin Məhkəmə

Ekspertizası Mərkəzinin əməkdaşı.