Xankəndidəki “qondarma seçki
Siyasət

Xankəndidəki “qondarma seçki" beynəlxalq hüquqa ziddir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni separatçılarının Xankəndidəki qondarma rejimin "prezident seçkiləri" keçirmələri beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir.

Heç bir dövlətin və beynəlxalq təşkilatın tanımadığı qondarma rejimin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə ciddi zərbə vurmağa hesablanmış bu addımı bütün  hallarda qəbulolunmazdır. Şübhəsiz ki, xunta rejimin bu hərəkəti onların özlərini və orada yaşayan erməni əhalini aldatmaqdan başqa bir şey deyil. Bütün dünya, eləcə də Ermənistan Nikol Paşinyanın şəxsində Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, Qarabağı Azərbaycanın tərkib hissəsi qəbul edir.  Bu baxımdan deyə bilərik ki, xunta rejimin növbəti seçki şousu da, 30 il ərzində gah "prezident seçkisi", gah "parlament seçkisi" oyunlarından biridir. Şübhəsiz ki, onların bu qanunsuz əməllərinin layiqli cavabı veriləcək. Görünür, 44 günlük Vətən müharibəsindəki uğradıqları ağır məğlubiyyətdən dərs çıxarmayıblar. Azərbaycanın hərbi-siyasi gücü erməni separatçılarının layiqli cavabını verməyə hər zaman hazırdır.

Milli Məclisin deputatı Tamam CƏfƏrova qeyd etdi ki, keçirilən qondarma "seçkilər" onların sonuncu oyunudur. Artıq Azərbaycan dövləti lazımi bəyanatını verib, tədbirlərini də görəcək, eləcə də dünyada heç kəs bu "seçki"ni tanımır. Qeyd edim ki, dünən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"i tanımamağa çağırıb. Xüsusilə vurğulamalıyıq ki, qondarma "seçkilər" beynəlxalq hüquqa tamamilə ziddir.  Bu, mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdinin növbəti təzahürüdür və qəbulolunmazdır. Eyni zamanda, bir daha qeyd edək ki, bu addım  BMT Təhlükəsizlik Şurasının, İƏT-in qətnamələri və ATƏT-in prinsipləri daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Deputat bildirib ki, son zamanlar separatçılar tərəfindən mövqelərimizin atəşə tutulması və mühəndis-istehkam qurğularının qurulması və Ermənistanın mövqelərimizə yaxınlaşmaq cəhdləri hayların yeni müharibəyə hazırlaşdığının göstəricisidir. Qarabağda separatçıların "seçki", "humanitar böhran" şouları ilə yanaşı Ermənistanın atdığı bu addımlar daxili və xarici auditoriya üçün nəzərdə tutulmuş siyasi hərəkətlərdir. Ermənistanın 44 günlük Vətən müharibəsində uğradığı ağır məğlubiyyət və kapitulyasiya aktını imzalamasından sonra yeni müharibəyə hazırlaşmaq cəhdi revanşizmin təzahürü olmaqla yanaşı, İkinci Qarabağ müharibəsindən nəticə çıxarmadıqlarının göstəricisidir. Şübhəsiz ki, Azərbaycanın dəmir yumruğu hər zaman olduğu kimi yerindədir və hər an düşmənin layiqli cavabını verməyə hazırdır. Ümid edirik ki, Qarabağda məskunlaşan erməni əhali də separatçı və revanşistlərin əlaltısına çevrilmədən Azərbaycan vətəndaşlığını tezliklə qəbul edərək, sülh, əmin-amanlıq və rifah içərisində yaşayacaqlar. Əks halda Qarabağdakı separatçı rejimin qurbanına çevriləcəklər.

M.NƏRİMANOĞLU,

"Respublika".