Xarici ticarət dövriyyəsi və iqtisadi əlaqələr
İQTİSADİYYAT

Xarici ticarət dövriyyəsi və iqtisadi əlaqələr

Respublikamızın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun xeyli artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan vermişdir. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, Azərbaycanın xarici dövlətlərlə ticarət əlaqələri müstəqilliyinin ilk illərində -1995-ci ilin səviyyəsini dəfələrlə ötmüşdür. Bu da, heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə iş birliyinin getdikcə genişlənməsi və idxal-ixrac əməliyyatlarının ilbəil artmasının nəticəsidir. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. 

Dövlət Statistika Komitəsinin məlumatına görə,  2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 119 ölkəyə məhsul ixrac, 160 ölkədən isə idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 35608,3 milyon dollar təşkil etmişdir. Ticarət dövriyyəsinin 26739,9 milyon dollarını və ya 75,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 8868,4 milyon dollarını (24,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 17871,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.  Dövlət Gömrük Komitəsindən DSK-ya daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,1 faizi İtaliya, 11,1 faizi Türkiyə, 6,3 faizi Rusiya, 4,4 faizi Hindistan, 3,8 faizi Çin, 3,4 faizi İsrail, 2,7 faizi Birləşmiş Krallıq, 2,5 faizi Yunanıstan, 1,9 faizi Almaniya, 1,8 faizi Çexiya, 1,7 faizi Xorvatiya, 11,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Son illər xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda analoji malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur.

M.MİRZƏ,

“Respublika”.