XATİRƏLƏRDƏ YAŞAYAN MÜƏLLİM
Elm və təhsil

XATİRƏLƏRDƏ YAŞAYAN MÜƏLLİM

Müəllim ömrünü şama bənzədirlər. Şam yanaraq ətrafını işıqlandırdığı kimi, müəllim də cəmiyyətə nur, işıq saçır. Ömrünün 60 ilini Lənkəran və Masallı rayonlarında təhsilin inkişafına, şagirdlərin təlim-tərbiyəsinə həsr etmiş tanınmış maarifçi, pedaqoq, dövrünün mütərəqqi ziyalısı Abdulla İbadov kimi.

Abdulla müəllim 1901-ci il mart ayının 10-da Lənkəran rayonunun Separadi kəndində Kərbəlayi Qafurun ailəsində dünyaya göz açıb. Atası cəngavərliyi, comərdliyi, igidliyi və xeyirxahlığı ilə el-obada qəhrəman Qafur kimi tanınıb.

O, Ağdam, Lənkəran və Tbilisidə pedaqoji təhsil alıb. 1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya fakültəsini bitirib.

Qardaşı Şükür müəllimlə birgə 1920-ci ilin əvvəllərində kənddə ibtidai məktəbin əsasını qoyub. Məktəb ilk əvvəl evlərində yerləşib. Sonralar şəxsi imkanları hesabına sinif otaqlarını artırıblar.

Abdulla müəllim doğma kəndində, eləcə də Lənkəran və Masallı rayonlarının ayrı-ayrı kəndlərində yeni tipli məktəblərin və tədris işinin təşkilində, savadsızlığın ləğvində, neçə-neçə ziyalı nəslinin yetişməsində misilsiz xidmətlər göstərib.

O illərin canlı şahidi, qocaman tibb işçisi Əli Nəsirov deyir: "İbadovlar ailəsində üç qardaş: Şükür, Abdulla və Zəkəriyyə müəllimlik edirdi. Onlar çox çətin dövrdə işləyiblər. Kənddə nəinki qızların, hətta oğlanların oxumasına maneçilik törədirdilər. Abdulla müəllim evbəev gəzib uşaqları məktəbə cəlb edirdi. Axşamlar evində yaşlı adamlara dərs keçir, onlara yazıb-oxumağı öyrədirdi. Savadsızlıqla mübarizə cəmiyyətinin fəal üzvü idi. Abdulla müəllimin gərgin səyləri sayəsində kəndimizdə 7 illik, sonra isə orta məktəb fəaliyyətə başladı. O, qabaqcıl təhsil işçisi kimi rayonda böyük hörmət, nüfuz sahibi idi".

Abdulla müəllim şərəfli bir yol keçib. Lənkəran rayonunun Separadi, Boladi, Cil, Veravul, Şürük, Gəgiran, Türkəncil kəndlərində, Masallı rayonunun Boradigah qəsəbə, Mahmudavar, Tüklə, Bədəlan, Türkoba və Təklə kəndlərində müəllim, direktor müavini və direktor vəzifələrində işləyib. Yerli əhalinin maariflənməsində, təhsilin təşkilində, müəllim kadrlarının hazırlanmasında böyük əməyi olub. Çətin, ağır illərdə gecələr məktəbin keşiyini çəkib, onu yanğından, digər təhlükələrdən qoruyub.

Separadi kəndinin ağsaqqallarından biri, 80 yaşlı İsabala İbadov sevimli müəllimini belə xatırlayır: "Abdulla müəllim gözəl təşkilatçı idi. Rəhbərlik etdiyi məktəbdə tədris yüksək səviyyədə aparılırdı. Hətta qonşu Cil, Vilvan, Tükəvilə, Zövlə kəndlərindən, Gəgiran, Günəhir kimi ucqar dağ kəndlərindən uşaqlar Separadi məktəbinə gəlirdilər. Abdulla müəllim uzaq kəndlərdən gələn şagirdlərin evlərdə qalmasına şərait yaradır, dərslərinə nəzarət edirdi. İxtisasca kimya müəllimi olmasına baxmayaraq, fizika, riyaziyyat, biologiya, ədəbiyyat, tarix fənlərini də yaxı bilirdi. Müntəzəm olaraq müəllimlərin dərslərini dinləyib tövsiyə və məsləhətlərini verirdi. O dövrdə rayonda pedaqoji kadrlara ehtiyac çox idi. Abdulla müəllimin yaxından köməyi ilə Əlövsət Nurullayev, Sərraf Məcidov, Nəcəf Məmmədov və başqaları müəllim peşəsinə yiyələndilər. Separadi məktəbinin qurucusu Abdulla müəllim olub".

Abdulla müəllim övladlarına təhsil verməklə də kənddə hamıya nümunə olub. Üç oğlunu, dörd qızını müəllim məvacibi ilə oxudub. Qızı, təqaüddə olan tibb işçisi, 85 yaşlı Zərifə Tağıyeva deyir: "Atam əsl təhsil fədaisi idi. Şagirdləri çox sevirdi. Deyirdi ki, yaxşı oxuyun, gələcəyiniz sizin necə oxumağınızdan asılıdır. Amalı hamını elmli, savadlı görmək idi.

Qabaqcıl müəllim, nümunəvi məktəb direktoru olduğu üçün İkinci Dünya müharibəsinə səfərbərliyə alınmayıb. Müharibə və sonrakı illər çox çətin illər idi. Çörək tapılmırdı. Uşaqların məktəbə getməyə paltarı, ayaqqabısı olmurdu. Atam parça alır, anam evdə şagirdlər üçün paltar tikirdi. O paltarları gizli şəkildə evlərə aparıb uşaqları məktəbə gətirirdi. Atamın rayonda təhsilin inkişafında əziyyəti, zəhməti çox olub.

Ailədə də mehriban, qayğıkeş və səmimi idi. Bizi heç vaxt danlamazdı. Həm də olduqca tələbkar idi. Övladlarının tərbiyəsinə, təhsilinə ciddi fikir verirdi. Onun qayğısı sayəsində hamımız ali məktəb və texnikumlarda oxumuşuq".

Eyvazəli Mirzəyev kəndin hörmətli ağsaqqallarından biridir. Ömrünün ixtiyar yaşındadır. Uzun illər kənd kitabxanasında işləyib. Abdulla müəllimin yetirməsi olduğu üçün fəxr etdiyini deyir. "Abdulla müəllimin kəndin maariflənməsində müstəsna rolu olmuşdur", - deyə söhbətə başlayır: Bu gün Abdulla müəllimin yetirmələrinin sorağı təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda da eşidilir. Yaşlı nəsil, dərs dediyi şagirdlər, çiyin-çiyinə çalışdığı müəllimlər onu həmişə böyük ehtiramla xatırlayırlar. Bir vaxtlar evində fəaliyyətə başlayan məktəb böyük inkişaf yolu keçib. Müstəqillik illərində məktəb üçün təzə, yaraşıqlı bina tikilib. Bütün həyatını məktəbə, təhsilin inkişafına həsr etmiş Abdulla müəllimin adının əbədiləşdirilməsi hər birimizin arzusudur.

Şöhrət və Solmaz Cəfərovlar uzun illər Abdulla müəllimlə bir məktəbdə işləyib. Şöhrət müəllim deyir ki, Abdulla müəllimin özünəməxsus təlim metodları var idi. Şagirdlərə keçdiyi mövzunun konspektini tutmağı tapşırır və bunu dərsdə tələb edirdi. Şagird istər-istəməz kitabdan mövzunu oxumalı olurdu. Harada olsaydı, məktəblə əlaqə saxlayırdı. Bakıda xəstəxanada müalicə olunanda telefonla məktəbdəki vəziyyəti soruşur, məsləhət və göstərişlərini verirdi. Təqaüdə çıxanda da doğma məktəbdən ayrılmır, tədbirlərdə iştirak edir, kollektivə qayğısını, köməyini əsirgəmirdi.

Məktəbə uzun müddət rəhbərlik etmiş Solmaz Cəfərova deyir ki, Abdulla müəllim əmək təlimi dərslərinə xüsusi diqqət yetirir, şagirdləri müxtəlif peşələrə istiqamətləndirirdi. Məktəbin adlı-sanlı məzunları, ali məktəblərdə oxuyan tələbələrlə şagirdlərin görüşlərinin keçirilməsinə çox əhəmiyyət verirdi.

Separadi məktəbində Abdulla müəllimin çoxlu yetirmələri çalışır. Rakif Axundov unudulmaz müəllimi haqqında xatirələrini bölüşür: "Atam Əbülqasım müəllimlə bir kollektivdə işləyiblər. Dərin biliyə, gözəl təşkilatçılıq qabiliyyətinə malik müəllim olub. Həyatda nəyə nail olmuşuqsa onun kimi ləyaqətli, savadlı, peşəkar müəllimlərə borcluyuq. Ataların yolunu davam etdirməyə, doğma məktəbimizin adını ucaltmağa çalışırıq".

İxtisasca mühəndis olan Əmrəli Canıyev, kənd ziyalılarından Sərraf Kərimov, sahibkar Etibar Cəfərov, sadə peşə adamı Nazim İbadov, Zövlə bələdiyyəsinin sədri Niyaməddin Məmmədov, təqaüdçü müəllim Mirzəbala Kərimov, tələbə Nəsir Nurullayev və başqaları Abdulla müəllimin təhsil fədaisi, müəllimlərin müəllimi kimi yaddaşlarda iz qoyduğunu, mənalı, ibrətamiz ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildirirlər.

Separadi kəndinin hörmətli ziyalılarından olan nəvəsi İqbal İbadov da babası haqqında qürurla danışır. Babasının arxivini vərəqlədikcə sənədlərin dili ilə pedaqoji fəaliyyəti, ictimai fəallığı ilə yaxından tanış olduğunu bildirir.

Abdulla müəllim təhsil sahəsində uzun illər səmərəli fəaliyyətinə görə SSRİ Ali Sovetinin 8 sentyabr 1951-ci il tarixli fərmanı ilə dövrünün yüksək mükafatı - "Şərəf nişanı" ordeni ilə təltif edilib. Eyni zamanda "Əməkdə igidliyə görə" və bir sıra medallara, "Əmək veteranı" adına, çoxsaylı fəxri fərmanlara, mükafatlara layiq görülüb.

Respublika Təhsil Nazirliyinin göstərişi ilə Abdulla müəllimin bir vaxtlar təməlini qoyduğu Separadi kənd tam orta məktəbinin foyesində guşə yaradılıb. Hər gün şagirdlər, pedaqoji işçilər guşənin yanından keçib bu böyük təhsil fədaisini, tanınmış pedaqoqu, görkəmli maarifçini böyük ehtiramla yad edirlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".