XİN Qoşulmama Hərəkatının Uqandada keçirilmiş 19-cu Zirvə görüşünün nəticələrinə dair məlumat yayıb
Siyasət

XİN Qoşulmama Hərəkatının Uqandada keçirilmiş 19-cu Zirvə görüşünün nəticələrinə dair məlumat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Qoşulmama Hərəkatının Uqandada keçirilmiş 19-cu Zirvə görüşünün nəticələrinə dair məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-20-də Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Tədbirdə Qoşulmama Hərəkatına üzv və ya müşahidəçi 120-yə yaxın dövlətin, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Tədbirə xüsusi qonaq qismində BMT Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Fransis, Afrika İttifaqı Komissiyasının Baş katibi Musa Faki Məhəmməd, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt, Millətlər Birliyi təşkilatının Baş katibi Patrisiya Skotland, həmçinin digər rəsmilər qatılıb və çıxışlar ediblər. Görüşdə, həmçinin mənzil-qərargahı Azərbaycanda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Uqanda təmsilçisinin çıxışı olub.

Zirvə görüşünün gündəliyinə əsasən, Azərbaycan Prezidentinin Hərəkatın sədri qismində fəaliyyətini və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub. Sonra xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.

Tədbirdə iştirak edən Hərəkata üzv dövlətlərin və beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri və Millətlər Birliyi təşkilatının Baş katibi ölkəmizin təsisata dördillik uğurlu sədrliyini təqdir ediblər.

Çıxışlarda Hərəkata sədrliyimizin böyük bir hissəsinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycanın bu vəzifənin öhdəsindən nəinki uğurla gəldiyi, hətta irəli sürülən müvafiq təşəbbüslər və platformalar ilə Hərəkatın daha da gücləndirilməsinə və təsisatlanmasına töhfə verdiyi vurğulanıb.

Tədbir çərçivəsində Qoşulmama Hərəkatının 19-cu Zirvə görüşünün yekun sənədi qəbul edilib. Sənəddə ölkəmiz üçün bir sıra vacib məqamlar əks olunub.

Belə ki, yekun sənəddə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərdə həyata keçirdiyi bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətləri ilə bağlı həmrəylik ifadə edib, bu ərazilərdə partlamamış sursat və mina probleminə diqqət çəkərək beynəlxalq yardımın göstərilməsinə çağırış ediblər.

Üzv ölkələr Azərbaycan tərəfindən irəli sürülən Qoşulmama Hərəkatının Qadın Platformasının yaradılması təşəbbüsünə dəstək ifadə edib, bu istiqamətdə ilk addım olaraq 2023-cü ilin noyabrında Hərəkatın Bakıda keçirilmiş qadın hüquqlarının gücləndirilməsi ilə bağlı konfransını yüksək qiymətləndiriblər.

Sənəddə Qoşulmama Hərəkatının sədri qismində ölkəmiz tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Xüsusi Sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.

Ölkəmizin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına ev sahibliyi etmək üçün seçilməsi Hərəkata üzv ölkələr tərəfindən yekdilliklə alqışlanıb.

Sədrliyi dövründə Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının institutlaşdırılması istiqamətində görülmüş işlər, xüsusilə təsisatın Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin fəaliyyəti Zirvə görüşünün yekun sənədində dəstəklənib. İnsan Hüquqları Şurasında Azərbaycanın sədrliyinin nəticəsi kimi ilk dəfə inkişaf hüququ üzrə hüquqi məcburetmə xarakterli sənədin qəbulunu tələb edən qətnamənin Şurada qəbul olunması yüksək qiymətləndirilib.

Zirvə görüşü zamanı Azərbaycanın Hərəkata sədrliyi dövründə təsisatın genişlənməsi istiqamətində atdığı müvafiq addımlar nəticəsində Afrika qitəsindən yeganə üzv olmayan ölkə - Cənubi Sudan Qoşulmama Hərəkatına qoşulub və beləliklə, üzvlərin sayı 121-ə çatıb.

Toplantı çərçivəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib, ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə təsisata sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.