Xoşbəxtliyin açarı
Səhiyyə

Xoşbəxtliyin açarı

1950-ci ildən etibarən hər il 7 aprel Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi qərara əsasən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir.

Ümumdünya Sağlamlıq Gününün keçirilməsində məqsəd fərdi və ictimai sağlamlığın önəminin ön plana çıxarılması, xəstəliklərin profilaktikasının və müalicəsinin təmin edilməsi üçün təlimat və təhsilin artırılması, sağlamlıq hüquqlarının və imkanlarının təmin olunması, əməliyyat, tədbir və strategiyaların təşkili bunların icrası üçün maliyyənin təmin edilməsidir.

Bu gün bütün dünya ölkələrində, eləcə də Azərbaycanda ictimaiyyətin diqqətini insan sağlamlığına xələl gətirən problemlərin həllinə yönəltmək məqsədilə həkimlərin iştirakı ilə vaxtaşırı silsilə görüş və tədbirlər keçirilir. Məqsəd insanları maarifləndirmək və onları üzləşə biləcəkləri risklər barədə məlumatlandırmaqdır. Əksər hallarda insanlar özlərində olan ümumi zəiflik, halsızlıq, başağrıları, ürəkbulanma, iştah pozğunluğu və bu kimi başqa əlamətlərin gələcəkdə ciddi xəstəliklərin başlanğıcı olduğunu bilmirlər. Belə fəsadların qarşısını almaq üçün insanların məlumatlılığının artırılması vacibdir.

Dövlətimizin yaratdığı yüksək xidmətləri dəyərləndirmək lazımdır. Bütün dövlət xəstəxanalarında, poliklinikalarda müayinələr üçün yüksək səviyyədə xidmətlər dövlət hesabına aparılır. Məqsəd insan sağlamlığını qorumaq, yaranan xəstəliklərin qarşısını almaqdır. Sağlamlıq böyük nemətdir. Necə deyərlər, sağlamlığın varsa dünyanın ən varlı adamısan. Gəlin sağlamlığımızı qoruyaq, yaşam tərzimizə, qida rejiminə xüsusi diqqət edək.

Son illərdə dünya ölkələri ilə yanaşı, Azərbaycanda da insanlar ağır xəstəliklərlə üz-üzə qaldılar. COVID-19 pandemiyası saysız-hesabsız insanın həyatına son qoydu. Azərbaycanda virusun aşkarlandığı ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi ilə vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Ölkəmiz koronavirusa qarşı mübarizəyə qoşularaq bununla bağlı mühüm qərarlar verdi. Lakin əhalinin bir qisminin laqeydliyi, məsuliyyətsizliyi, karantin qaydalarına əməl etməməsi mənfi nəticələrə gətirib çıxardı. Bu gün də suçiçəyi, qızılca, göyöskürək kimi uşaqlarda rast gəlinən yoluxucu xəstəliklərlə mübarizədə valideynlər daha məlumatlı olmalı, xəstəliyin ilk günlərində həkimə müraciət etməli, uşaqlarının sağlamlığını qorumaq məqsədilə peyvəndləmə prosesində maraqlı olmalıdırlar.

Bir həkim kimi ən mühüm vəzifəm insanların sağlamlığının keşiyində durmaq, hər an yarana bilən təhlükənin qarşısını vaxtında almaqdır. Xəstənin müraciət etməsi və müayinələrdən keçməsi üçün həkimə inamı olmalıdır. İnam ən ağır xəstəliyə belə qalib gəlir.

Vəfa ƏHMƏDOVA,

Milan Hospital Klinikasının

ümumi terapevti.