Xunta rejiminin qondarma “seçki”si dünyanın qınaq obyektinə çevrilib
Digər xəbərlər

Xunta rejiminin qondarma “seçki”si dünyanın qınaq obyektinə çevrilib

Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında qalmış xunta rejimi Araik Arutyunyanın istefasından sonra yeni "rəhbərini" müəyyənləşdirmək üçün sentyabrın 9-da prezident seçkiləri keçirdi. Amma bu seçki tamamilə qanunsuz idi və bu baxımdan beynəlxalq təşkilatların, eləcə də xarici dövlətlərin reaksiyası xüsusi əhəmiyyət kəsb edirdi. Doğrudur, dünya birliyi torpaqlarımızın 30 illik işğalı, eləcə də postmüharibə dövründə atdığı addımlara görə erməniləri kifayət qədər tənqid etməsə də, bu dəfə qondarma seçkinin keçirilməsini pislədi.

İlk olaraq, Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "seçkilər" adlandırdığı qanunsuz fəaliyyətinə sərt reaksiya verib. Türkiyə XİN yaydığı bəyanatda bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni separatçılarının məskunlaşdığı torpaqlarda keçirilən "seçkilər"i sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik. Bu "seçkilər" regionda beynəlxalq hüquqazidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır. Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır.

Türk Dövlətləri Təşkilatının Katibliyi də Azərbaycan Respublikasının ərazisində qanunsuz separatçı rejim tərəfindən keçirilən qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb. Qurum Qarabağ bölgəsinin Azərbaycanın və Türk dünyasının bir hissəsi olduğunu bir daha vurğulayıb və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə və konstruktiv dialoqa çağırıb.

Növbəti dəstək digər qardaş ölkə Pakistandan gəlib. Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni qınayıb. Pakistan XİN-in sözçüsü bununla bağlı bildirib ki, ölkəsi Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin "qondarma seçkilər"in keçirilməsinə hər hansı cəhdi hüquqi və mənəvi cəhətdən doğru hesab etmir.

Böyük Britaniya da Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri tanımayıb. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində bununla bağlı paylaşım edib. Səfir qeyd edib ki, ölkəsi beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Ukrayna və Moldova da növbəti dəfə Azərbaycan Respublikasının suverenliyinə, onun beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyini ifadə edib və Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizama salınmasının tərəfdarı olduqlarını açıqlayıb.

Amma bu dəfə qanunsuzluqlara etiraz edən təkcə Azərbaycana dost ölkələr olmayıb. Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriç də "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, Xankəndidə qondarma "prezident seçkiləri"nin heç bir hüquqi əsası yoxdur. Mariya Pejçinoviç-Buriç əlavə edib ki, regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır. Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır. Avropa Şurası bunları dəstəkləməyə hazırdır.

Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali isə bildirib ki, Avropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır.

Azərbaycanın Xarici İşlər Nazirliyi öz növbəsində Qarabağdakı qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür edib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Türkiyə, Moldova, Ukrayna və Pakistan XİN-in, İslam Konfransı Təşkilatının, Türk Dövlətləri Təşkilatının, Avropa Xarici Fəaliyyət Xidmətinin, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfirinin Qarabağ bölgəsində keçirilən qanunsuz "seçkiləri" pisləməklə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini bildirib.

Artıq aydın məsələdir ki, Xankəndidəki separatçı rejimin "qondarma" seçkiləri heç bir ölkə tərəfindən tanınmadı, eyni zamanda beynəlxalq mərkəzlər bu "seçkini" pisləyən bəyanatlar verdilər. Lakin separatçıları narahat edən əsas məsələ rəsmi İrəvanın mövqeyidir. Qondarma "seçki"də separatçıların yeni "başçısı" seçilən Samvel Şahramanyanı Ermənistan rəsmiləri "təbrik" etməyib: nə baş nazir Nikol Paşinyan, nə parlament sədri Alen Simonyan, nə də hər hansı rəsmi şəxs nəinki təbrik ünvanlamayıb, ümumiyyətlə "seçkilərlə" bağlı mövqe açıqlamayıb. Bu, iki istiqamətdə şərh oluna bilər. Birincisi, Ermənistan Qarabağdakı separatçılardan imtina edir və beynəlxalq müstəvidə qınanılan qondarma "seçki" ilə bağlı mövqe sərgiləməkdən çəkinir, eyni zamanda rəsmi Bakının cavabından qorxur. İkincisi isə mümkündür ki, Samvel Şahramanyan Paşinyan hakimiyyəti tərəfindən qəbul olunmur. Bu da ona işarə edir ki, Araikin gedişi və yerinə Şahramanyanın gətirilməsi Ermənistan hakimiyyətinin iradəsindən kənar baş verib.

Jalə QASIMZADƏ,

“Respublika”.