Yaddaşlarda yaşayan el ağsaqqalı
Sosial həyat

Yaddaşlarda yaşayan el ağsaqqalı

Əsədulla Qulu oğlu Abbasov 9 may 1922-ci ildə Qərbi Azərbaycanın İrəvan qəzasında yerləşən Artız kəndində dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə alsa da, ermənilərin azərbaycanlıları bu ərazilərdən çıxarması səbəbindən Abbasovlar ailəsi məcbur qalaraq Vedi rayonunun Şuqayıb kəndinə köçmüşdür. Əsədulla Abbasov orta təhsilini Şuqayıb kəndində davam etdirmiş məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

1941-ci ildə İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar Sovet ordusu tərəfindən hərbi xidmətə çağırılan Əsədulla Abbasov Qafqaz cəbhəsi uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş dəfələrlə yaralanmasına baxmayaraq, yenidən döyüşlərə qatılmışdır. Bir müddət sonra Tehrana gedən kontingentin tərkibində İrana göndərilmişdir.

Hərbi xidməti zamanı hünər şücaətinə görə onlarca orden medallarla təltif olunan Ə.Abbasov 1947-ci ildə ordudan tərxis olunduqdan sonra, 1948-ci ildə Qərbi Azərbaycanın Kotanlı kəndində kolxoz sədri vəzifəsinə təyin edilmiş, 1948-1949-cu illərdə ermənilərin Qərbi Azərbaycandan soydaşlarımızı deportasiya etmələri nəticəsində ailəsi ilə birlikdə Salyan rayonunun Marışlı kəndinə köçən Əsədulla Abbasov həmin kənddə Əzizbəyov adına kolxozda partiya təşkilatı katibi kimi işə başlamışdır. Sonrakı illərdə Salyan rayon partiya komitəsinin şöbə müdiri, daha sonralar isə Sənaye Məişət İdarəsində direktor, Kommunal Təsərrüfat İdarəsinin müdiri vəzifələrində çalışmışdır.

Bu müddət ərzində Salyanda ilk ikimərtəbəli yaşayış binasının, Salyan rayon Kərpic Zavodunun tikintisində, rayonun kanalizasiya drenaj sisteminin qurulmasında, həmçinin müasir avadanlıqlarla təchiz olunmuş camaşırxananın mebel sexinin tikintisində əvəzsiz xidmətlər göstərmişdir. Rayonun Su Təmizləmə Stansiyasının tikilib istifadəyə verilməsində yaxından iştirak etmişdir.

Əsədulla Abbasov fəaliyyətindəki xidmətlərə görə bir sıra orden medallarla mükafatlandırılmışdır. O, 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuş, dəfələrlə Salyan rayon şəhər sovetinin deputatı seçilmişdir.

2006- ildə isə Salyan Rayon Veteranlar Şurasının sədri vəzifəsində çalışmışdır.

Ürəyi hər zaman Vətən sevgisi, Vətən həsrəti ilə döyünən Əsədulla Qulu oğlu Abbasov 2009-cu il fevral ayının 4- dünyasını dəyişsə , bir el ağsaqqalı kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Əsədulla Abbasov kimi el ağsaqqallarımız, qəhrəman, igid, cəsur Azərbaycan oğullarımız hər zaman var olub xalqın yaddaşında əbədilik qazanıblar.

Mehparə ƏLİYEVA,

"Respublika".