YALANLAR BATAQLIĞINDA
Siyasət

YALANLAR BATAQLIĞINDA

Müzəffər ordumuz tarixi zəfərlə bu mifləri darmadağın etdi

“Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki uzun illər ərzində, otuz il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi bu fikir dövlətimizin həm hərbi, həm də mənəvi qələbəsinin əyani təzahürüdür. Heç bir cəmiyyət, o cümlədən də erməni cəmiyyəti mücərrəd aləmdə, həqiqətləri inkar edə-edə uzun müddət yaşaya bilməz. Erməniliyin xəstə təfəkkürünün məhsulu olan bu miflər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən darmadağın edildi. Yaltaq, çoxüzlü və eyni zamanda, məzlum erməni cəmiyyəti tərəfindən qəbul edilməli olan daha bir reallığı yenə də cənab İlham Əliyevin dilindən eşidək: “...Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.

Həqiqət nə dərəcədə acı olsa belə, qəbul edilməlidir. Doğrudur, buna da cəsarət və mərdlik tələb olunur. Bugünkü erməni cəmiyyətində ara-sıra praqmatik düşünmək meyarları özünü büruzə versə də, erməni əsgəri “cəsurdur” yalanını yeridənlər yenə də az deyil. Belələrinə Azərbaycan Prezidentinin sözlərinə qulaq asmaq, deyilənlərdən düzgün nəticə çıxartmaq lazımdır. Dövlət başçısı xəyallarda uçuşan sıravi ermənilərə onların əsgərlərinin bu “cəsarəti” haqqında konkret faktlara söykənən reallıqlar barədə belə deyib “Bu mifi də darmadağın etdik. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yəni, bu mif də darmadağın edildi. Erməni əsgəri fəraridir”.

Erməniliyin iki mifi beləcə yox oldu. Daha bir mifi isə Azərbaycan əsgəri cəsurluğu ilə puç etdi. Cənab Prezidentin çıxışından aydın olur ki, ermənilər belə fikirləşirmiş: azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, çünki otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq.
Soykökü, tarixi, evi-yurdu olmayan zavallılar bu yalanın içində şam kimi əriyiblər. Dövlət başçımız bütün tribunalardan dəfələrlə mövcud vəziyyətlə, status-kvo ilə heç vaxt barışmayacağını, Azərbaycan Ordusunun güclü olması haqqında dəfələrlə bəyan edirdi. Və, hər zaman olduğu kimi, dediklərini əməllərilə sübut etdi: “Bütün çıxışlarımda deyirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu mifologiya da darmadağın edildi”.

Ancaq miflərin sırası bununla da bitmirmiş. Əyyaşlığa boyun əymiş insan kimi, erməni cəmiyyəti də xəyallarda üzürmüş, bu qondarma dövlətin bədnam sakinlərinin həyatı əvvəldən sona qədər miflər adlı quyunun dibində keçirmiş. Dövlətimiz onları ayıldıb, real gerçəkliyin nədən ibarət olduğunu əyani şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” onların düzbucaq şəkilli, saman dolu başlarını əzməyincə, ermənilər real həyatın nə olduğunu bilmirdi. Bundan sonra başlarına gələnlərdən düzgün nəticə çıxarmasalar, həqiqətləri anlamasalar, bir də heç vaxt eşələndikləri çirkablardan, miflər quyusundan çıxa bilməyəcəklər.

Beləliklə, dövlət başçısı qeyd edir ki, növbəti mif onların “sərkərdələri” ilə bağlı idi. Sən demə, Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, lazım olan anda hərbi vəzifəni yüksək səviyyədə yerinə yetirə bilərlər. Reallığı isə cənab Prezident bildirir: “Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Köçəryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Necə ki, vaxtilə Xocalını işğal edəndə burada demək olar ki, onlara müqavimət göstərən qüvvə yox idi, mülki vətəndaşlar idi. Bax, bu evlərdə yaşamış mülki vətəndaşlar idi və aprel ayında hələ burada qarlar əriməmişdi, onların böyük hissəsi burada həlak oldu. Onlar buradan Gəncə istiqamətinə, o Murov dağının üstündən, Ömər aşırımından keçərkən onlara pusqular qurdular. Onları – uşaqları, qadınları, qocaları qətlə yetirdilər. Onlar məcbur olub ayaqyalın, qarlı-şaxtalı havada Ömər aşırımından keçərək, on kilometrlərlə yolu qət edərək buradan çıxmalı idilər. Bir çoxları da yolda qaldı, dondu, öldü. Bu, erməni vəhşiliyidir. Biz vəhşiləri məğlub etdik. Biz bölgəni vəhşilərdən, faşistlərdən xilas etdik. Bunu heç kim heç vaxt unutmamalıdır”.

Ermənilər belə bir mif də uydurmaq qərarına gəlmişlər ki, guya bu tayfa təfəkkürlü toplum bir xalqdır və qədim tarixə, mədəniyyətə malikdir. İyirmi faiz Azərbaycan torpağını gəmiricilər, həşəratlar kimi dağıdan bu ünsürlərin murdar mədəniyyətə malik olduqlarını bütün dünya təkcə bir Ağdam şəhərinin dağıdılmış mənzərəsində gördü. Sanki Xirosima bombardmanından sonra “ruhlar şəhəri”nə döndü bu əzəldən gözəl və mənzərəli şəhər. Heç bir terror təşkilatı, heç bir faşist xislətli təşkilat bu qədər barbar ola bilməz.

Dövlət başçısı cənab İlham Əliyev bu miskin reallığı görərək təkcə xalqımıza deyil, bütün dünya ictimaiyyətinə xitabən bildirir: “Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir”.

Torpaqlarımızdakı sərvətləri istismar etmək, meşələrimizi qırmaq, çaylarımızı zəhərləmək, məscidlərimizi murdarlamaq, abidələrimizi dağıtmaq, evlərin daşını, torpağını gəmirmək, qəbirləri yoxa çıxarmaq – budur erməni adlandırılan bu anormal yığnağın “mədəniyyəti”, “qədimliyi”. Bütün bunların əsl adı iyrənc əməllərdir.

Azərbaycan Prezidenti bu səfər çərçivəsində etdiyi çıxışında həmin məsələlərə tam aydınlıq gətirir. Azərbaycan xalqı qalib xalqdır. Ancaq bu mənfur düşmənə qalib gəlmək azdır, erməni təbii sərvətlərimizi talan etdiyinə görə Azərbaycana təzminat ödəyəcək. Prezident bununla bağlı kifayət qədər ətraflı bəhs etdi. Həmçinin, genişmiqyaslı bərpa işlərindən də söz açdı. Nələr edilib, nələr ediləcək, gün işığı kimi aydın olur. Minalardan təmizlənən ərazilər, yollar, hava limanları, biznes strukturları, stansiyalar, iş yerləri, evlər, istirahət məkanları qurulur – böyük işlər sürətlə aparılır. Artıq 14 iqtisadi rayon yaradılıb. Cənab İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığına xüsusi önəm verir: “Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.

Dünyada hamı yaxşı bilir ki, Zəngəzur, Göyçə - qədim Azərbaycan əraziləridir və bu ərazilərin köklü sakinlərin – azərbaycanlıların ora geri dönmələrinə çox qalmayıb. Biz həm də bununla bütövlükdə bölgəmizi xilas etmiş oluruq. Doğrudur, burada ermənilər  də məskunlaşıb. Ancaq Azərbaycan o qədər qüdrətli, humanist və sülhsevərdir ki, sadə ermənini də xilas etmək niyyətindədir. Qonşunun nə qədər əzazil, anormal olmasına baxmayaraq, bədbəxtlik girdabına düçar olması xoş ovqat yarada bilməz. O məzlumları haqq yoluna gətirmək vacibdir. Bunu isə yalnız bu qədər qüdrətli, müasir Azərbaycan edə bilər.

Emin QASIMOV,

“Respublika”.