Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə işlər davam etdirilir
Digər xəbərlər

Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə işlər davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinə dair silsilə tədbirlər keçirib. 22 may Nazirliyin mətbuat xidmətindən bildirilir.

 Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Masallı, Göyçay və Şəmkir rayonlarında seminar-müşavirələr keçirilib. Şəmkirdə keçirilən tədbirdə Gədəbəy rayonunun da aidiyyəti qurumlarının məsul şəxsləri iştirak ediblər.

Tədbirlərdə qeyd olunan rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin işçiləri, bələdiyyə sədrləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı mərkəzlərinin və “Aqroservis” ASC-nin vəzifəli şəxsləri, yerli sahibkarlar və fermerlər iştirak ediblər.

Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi və digər işlərlə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.

“Respublika”.