YAP-ın təşkilatçılığı ilə
Sosial həyat

YAP-ın təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi

Noyabrın 7-də "Gülüstan" sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu yarışma gənclərimizin intellektual inkişafı, onların şəbəkələşməsi, dostluq əlaqələrinin qurulması və müasir tariximizdə baş verən hadisələrin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. O, intellektual yarışmada iştirak edən bütün gəncləri, xüsusilə qalibləri təbrik edərək vurğulayıb ki, bu yarışa qatılan hər bir gənc özünü qalib hesab edə bilər. Tahir Budaqov diqqətə çatdırıb ki, belə intellektual yarışlarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə olan inamın ifadəsidir.

YAP Sədrinin müavini bildirib ki, bu gün Azərbaycan Heydər Əliyev ideyalarından və Ümummilli Liderin zəngin dövlətçilik irsindən bəhrələnərək möhtəşəm uğurlara imza atır. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi davamlı olaraq möhkəmlənir. Artıq regionda və dünyada söz sahibinə çevrilən Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi ilə Türk dünyasının inkişafına da öz töhfələrini verir: "Təbii ki, müasir dövlətçilik tariximizin zirvə hadisəsi üçüncü ildönümünü qeyd etdiyimiz şanlı Zəfərdir. Rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdi, milli qürur və ləyaqətimizi özümüzə qaytardı. Şanlı Zəfər dövlətçilik tariximizin ən şərəfli və möhtəşəm hadisəsidir".

YAP Mərkəzi Aparatının rəhbəri gəncləri hər zaman Heydər Əliyev ideyalarına sadiq olmağa və Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb. T.Budaqov 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilmiş Əli Həsənova və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş Sudeif İmamverdiyevə ordenləri təqdim edib.

Göstərilən diqqətə və fəaliyyətinə verilən qiymətə görə dövlət başçısına təşəkkürünü bildirən Əli Həsənov Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına daim sadiq olduğunu diqqətə çatdırıb. Əli Həsənov bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. O, Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişaf etdiyini söyləyib. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin təmin edilməsi ilə Prezident İlham Əliyev güclü sərkərdə kimi tarixə öz möhürünü vurub.

Daha sonra mərasimdə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, partiyanın Mərkəzi Aparatı öz fəaliyyətini Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, həmçinin yeni dövrün çağırışları əsasında qurur və bu istiqamətdə mühüm addımlar atılır. "Partiyamızın VII Qurultayından sonra bir sıra normativ-hüquqi sənədlər, yeni Nizamnamə və Proqram qəbul olunub və digər tədbirlər görülüb. Bütün bunlar Yeni Azərbaycan Partiyasının daha çevik və mütəşəkkil fəaliyyəti üçün zəmin yaradır. Sevindirici haldır ki, gənclər də partiyamıza axın edir, öz gələcək fəaliyyətlərini Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası ilə bağlayırlar", - deyən Tahir Budaqov vurğulayıb ki, yeniliklərdən biri də Yeni Azərbaycan Partiyasının Himninin hazırlanmasıdır. YAP Sədrinin müavini partiyanın Himninin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra Yeni Azərbaycan Partiyasının Himninin təqdimatı olub. Himni Opera və balet teatrının Xor kollektivinin müşayiəti, Zülfiyyə İbrahimovanın drijorluğu ilə Xalq artisti, Prezident mükafatçısı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Samir Cəfərov ifa edib.

Sonda Himnin hazırlanmasında və səsləndirilməsində əməyi olan şəxslərə Yeni Azərbaycan Partiyasının xatirə hədiyyələri təqdim olunub.

Tədbirdə I, II, III yerləri tutmuş Səbail, Hacıqabul və Nərimanov komandalarının oyunçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.

III yerin qalibi - Nərimanov komandasını YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, II yerin qalibi - Hacıqabul komandasını YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, I yerin qalibi - Səbail komandasını isə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.

Xaqani KOSAYEV,

“Respublika”.