YAP Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət ruhunda inkişaf edir
Digər xəbərlər

YAP Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət ruhunda inkişaf edir

Azərbaycan xalqının atdığı tarixi addımlardan biri məhz Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratması oldu. Bu, elə bir dövr idi ki, xalqımız taleyinin ən ağır günlərini yaşayırdı. Demək olar ki, sabaha olan ümidlər sarsılmışdı, ölkə rəhbərliyinə heç bir inam qalmamışdı. Xalqımız min bir əziyyətlə sahib olduğu müstəqilliyinin itirilməsi, dövlətin parçalanması təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin ağır dönəmlərdə yalnız dövlətini və xalqını düşünən, tərəqqipərvər, aydın fikirli ziyalılarımız, ölkəmizin nüfuzlu şəxsiyyətləri yegənə çıxış yolunu Heydər Əliyevdə gördülər. Məhz onların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasına rəhbərlik Ulu Öndərə tapşırıldı və bununla Azərbaycanın uğurlu gələcəyinin əsası qoyuldu. Bu siyasi təşkilatın yaradılması zərurətdən doğub və xalqımızın iradəsinin məhsuludur.

Partiya qısa müddətdə cəmiyyətimizin əsas aparıcı qüvvəsinə və inkişaf etmiş siyasi təşkilata çevrildi. Qısa zaman kəsiyində sıraları durmadan genişləndi, Vətəninin bütövlüyünü, dövlət müstəqilliyinin möhkəmlənməsini, xalqının rifahını arzulayan insanlar partiyanın ətrafında cəmləşdi, onun liderinin hər bir qərarına dəstək verdilər. Hadisələrin sonrakı gedişi göstərdi ki, məhz xalqımızın həmin vaxt verdiyi müdrik qərar bugünkü uğurlarımızın təməlini təşkil edir. Ulu Öndər Heydər Əliyev müdrik rəhbərliyi ilə müasir müstəqil Azərbaycan dövlətini yaratdı, ölkədə siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu. Bir sözlə, Partiya müəyyən etdiyi proqramını ləyaqətlə həyata keçirdi. Yetişən yeni nəsillər, fəal gənclər YAP-ın uğurlarını görərək, xalqımızın taleyində oynadığı rolu dərk edərək bu siyasi təşkilata dərin inamlarını ifadə edir, ölkəmizin gələcək inkişafı naminə onun sıralarına daxil olurlar.

Cənab İlham Əliyev sədr seçildikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik əsasında Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, dövlətimiz və xalqımızın taleyində böyük uğurlara imza atdı. Bu gün müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədaləti özünün əsas prinsiplərinə çevirən YAP Vətəninə, xalqına ürəkdən bağlı olan, hüquqi dövləti, sabit və sosialyönümlü iqtisadiyyatı, vətəndaş cəmiyyəti qurmaq ideyalarını dəstəkləyən insanlarımızı öz ətrafında birləşdirərək Azərbaycanın parlaq gələcəyi naminə uğurla irəliləyir. Hazırda Azərbaycan yerləşdiyi coğrafiyanın əsas aparıcı ölkəsi hesab olunur, dünyada böyük söz sahibidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi nəhəng enerji layihələri, irəli sürdüyü qlobal xarakterli təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Bu gün dünya xəritəsində hərtərəfli inkişaf etmiş, iqtisadi qüdrəti durmadan artan, Ordusu dünyanın ən güclü orduları sırasında yer alan güclü Azərbaycan var. Bu nailiyyətlərin arxasında Prezident İlham Əliyevin səmərəli fəaliyyəti, fədakar əməyi, gərgin zəhməti, dövlətinə və xalqına sonsuz sevgisi dayanır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.