“Yaşıl enerji” prioritetdir
Ekologiya

“Yaşıl enerji” prioritetdir

Ölkəmizdə “yaşıl enerji”yə keçid və ondan səmərəli istifadə prioritet məsələlərdən biridir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmasını göstərir. Bütövlükdə “yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətindən biridir. Ölkənin “yaşıl enerji”mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq üçün bu sektorda aparılan islahatlar əsas məqsədlərdən biridir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.

Qeyd edək ki, 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının 30 faizə çatdırılması hədəf götürülüb. Yeri gəlmişkən ötən il noyabrın 30-da dövlətimizin başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) rəsmi açılışında iştirak məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Azərbaycanınbərpaolunan enerji potensialının dünyanın diqqət mərkəzində olması, COP29-un keçirilməsinin bu il Azərbaycana həvalə edilməsi kimi faktorlar ərəb ölkələrinin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ölkəmizdə quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 

Hələ 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalandı. “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə pilot layihələr icra ediləcək. Bununla yanaşı, həmin il dekabrın 30-da Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Ötən il yanvarın 13-də isə “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bundan başqa, 2022-ci il martın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.

2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası “yaşıl enerji”zonası olacaq. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Qeyd edək ki, beş Milli Prioritetdən biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi tanınmaqdır.

 

Nurlan ABDALOV,

“Respublika”.