Yeni dünya düzəni və güclü Azərbaycan
Siyasət

Yeni dünya düzəni və güclü Azərbaycan

Yeni dünya düzənində mövqeyi güclənən Azərbaycanın beynəlxalq nüfuzu get-gedə artmaqdadır. Prezident İlham Əliyevin mükəmməl diplomatik gedişləri ölkəmizin həm regional, həm də dünya miqyaslı gücünü artırır. Bu gün əksər dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər Azərbaycanı dünya siyasətinin mühüm iştirakçısına çevirib. Mötəbər tədbirlərə ev sahibliyi etməsi dövlətimizin növbəti uğurları hesab olunur.

Milli maraqlara əsaslanan, müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində qurulan Azərbaycanın xarici siyasi strategiyası beynəlxalq münasibətlər sistemində təqdir olunur. Bu gün ölkəmiz qlobal arenada sülh və təhlükəsizliyə mühüm töhfələr verir, son dərəcə vacib təşəbbüslərlə çıxış edir. Bu baxımdan dünya dövlətləri ölkəmizlə münasibətlərin qurulmasına və genişləndirilməsinə xüsusi önəm verirlər. Həmçinin hazırda qlobal gərginliyin artdığı, kəskin böhranın yaşandığı bir dönəmdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr beynəlxalq ekspertlər və siyasi xadimlər tərəfindən ən çox müzakirə edilən mövzulardan biridir.

Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verilir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan "qlobal aktor" statusunu təmin edir. Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının həcmi ölkənin tarixi-coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın qeyri-enerji sektoru inkişaf edir, bu isə o deməkdir ki, ölkəmiz öz iqtisadiyyatını uğurla şaxələndirir. İqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradır.

Müstəqil dövlətimiz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunub və bu prioritetlərə söykənən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanıb.

Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlılığı daha da güclənəcəkdir.

Müasir Azərbaycanın xarici siyasəti də yeni rellıqlar əsasında formalaşıb. Qarabağ torpaqları işğaldan azad olunana qədər beynəlxalq platformalarda əsasən bir problemin həll olunması daha çox maraqlı idi. İndi isə ərazilərimizdə suverenlik təmin olunub və beynəlxalq əməkdaşlıqda qarşılıqlı fayda əsasında bütün tərəflərlə iş aparılır. Prezident İlham Əliyevin fevralda Münxen Təhlükəsizlik Konfransındakı görüşləri həm regional, həm də qlobal baxımdan böyük əhəmiyyət daşıyır. Konfrans çərçivəsində Azərbaycan Prezidenti ATƏT-in sədri, Baş katibi, ABŞ dövlət katibi, Almaniya kansleri ilə görüşlər keçirdi. Bu görüşlər, ölkəmiz haqqında düzgün təsəvvürlərin formalaşması, Cənubu Qafqazda aparıcı dövlət olmaqla yanaşı, həm də sülhə, təhlükəsizliyə verdiyi töhfə ilə bağlı məsləhətləşmələr, məlumatların mübadiləsi mühüm önəm kəsb etdi və bu görüşlər bəzi dairələrin Azərbaycana qarşı təzyiq ritorikasından əl çəkməyə məcbur olduğunun da göstəricisidir. Artıq bütün dünyada anlayırlar ki, Azərbaycan müstəqil dövlətdir, inamlı xarici siyasət yürüdür və ona təzyiq yolu ilə nəyisə diktə etmək mümkün deyil. Rəsmi Bakı hər zaman məsələlərin müzakirə, dialoq yolu ilə həllinin tərəfdarı olub və özü də bunu təşviq edir.

Uğurla davam edən NATO-Azərbaycan əməkdaşlığı da hər iki tərəf üçün kifayət qədər faydalı və məhsuldar olub. NATO-nun Baş katibi Yens Stoltonberqin ölkəmizə səfəri dünyada və bölgəmizdə sülhün və sabitliyin təmin edilməsi üçün bu əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında fikir mübadiləsi aparmaq imkanı yaratdı. Prezident İlham Əliyev NATO-nun Baş katibinə bölgəmizdəki vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün irəli sürülən sülh təklifi ilə bağlı aparılan ikitərəfli danışıqlar haqqında ətraflı məlumat verdi. NATO Baş Katibi COP-29 tədbirinin ölkəmizdə keçirilməsinə də münasibət bildirdi və Azərbaycanın dünyanı narahat edən qlobal problemlərin həllində konstruktiv iştirakını və böyük töhfələrini yüksək qiymətləndirdi. Yens Stoltonberq qeyd etdi ki, Azərbaycan qlobal miqyaslı problemlərin müzakirəsi, onların həll yollarının axtarılması və dövlətlərarası münasibətlərin münaqişə rejimindən qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçirilməsində mühüm rol oynayan ölkələrdən biridir. Hazırda bütün Avrasiya miqyasında hərbi-siyasi vəziyyətin gərgin olduğu bir zamanda NATO ilə tərəfdaş ölkələr arasında məsləhətləşmələr xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə Azərbaycan da dünyada təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir.

Ümumilikdə, Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir. Qlobal Bakı Forumu da bunlardan biridir. Ötən illər ərzində Qlobal Bakı Forumunun təşkilatçıları və iştirakçıları tədbirin beynəlxalq səviyyədə nüfuzunun əhəmiyyətli dərəcədə artmasına nail olublar. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, bu təşkilat çərçivəsində irəli sürülən təşəbbüslər də mühüm rol oynayır. Bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu konfransı (COP29) keçiriləcək. Dünyanın inkişaf etmiş ölkələri, xüsusən də ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər bu konfransa xüsusi maraq göstərirlər. Bu baxımdan beynəlxalq əhəmiyyət daşıyan COP29-un ölkəmizdə keçirilməsi qürurverici bir hadisədir.

Göründüyü kimi, geoiqtisadi maraqlar kontekstində təhlükəsizliyə xidmət edən və yeni geosiyasi çağırışlara çevik reaksiya verən xarici siyasət müasir dövrün tələbidir. Məhz bunun nəticəsidir ki, kifayət qədər dinamik və intensiv xarakteri, regional və qlobal miqyasda sabitliyə xidməti sayəsində Azərbaycan dünyada müstəqil xarici siyasəti ilə öz maraqlarını təmin edən güclü dövlət kimi tanınır.

Mustafa KAMAL,

"Respublika".