Yurdda ətir qoxusu var
Region

Yurdda ətir qoxusu var

Bunları bilmək maraqlıdır

O, xarabazara çevrilmiş yurd yerlərində qurşağa qədər qalxan, dünyanın saysız-hesabsız rənglərini özündə birləşdirən çiçəklərin, yaşıllıqların arasında gəzib sinədolusu nəfəs alır, tez-tez hamının eşidə biləcəyi səslə "yurdda ətir qoxusu var", - deyirdi. Bura Laçın torpağı idi. Əsl cənnəti xatırladırdı. Təbiət nə ki gözəlliyi var yaşıl xalı sərilmiş qayaların ətəyindən əsirgəməmişdi: "Ölmədim, bu günü gördüm", yaşlı adam arabir bu kəlmələri də pıçıldayırdı.

Bəli, Qarabağ başdan-başa ətir saçan güllük-gülüstandan ibarətdir. Vətən övladının çox güman ki, əslən Laçından olan soydaşımızın dilindən səslənən "ətir" sözü fikrimizi aldı. Ömür boyu bu əvəzsiz nemətə sadəcə olaraq "hədiyyə" kimi baxmışıq. Qeyri-adi dərəcədə xoş qoxusunu duyanda, özümüzdə yüngüllük, rahatlıq hiss etmişik. Ətirlər necə hazırlanır, ümumiyyətlə, ölkəmizdə onun istehsalı varmı? Bu suala cavab tapmaq üçün kiçik bir araşdırma apardıq. Ən çox istifadə edilən ətirlər həyatımızın bir parçası olmuşdur. Ətirlərin tarixi, hazırlanması və ev şəraitində necə əmələ gələ biləcəyi çox maraqlıdır.

Ətirlər, yəni odekolon, losyon, dezodorant və bu kimi xoş təsir bağışlayan qoxular insanlar tərəfindən qədim dövrlərdən etibarən istifadə edilməkdədir. Bəzən pis qoxuları gizlətmək, bəzən də cəlbedici olmaq məqəsdilə ondan istifadə edilir. Bir-birindən fərqli, gözəl iylərin müxtəlif kimyəvi maddələrlə qarışdırılması nəticəsində hazırlanan xoş qoxulu mayelərə ətir deyilir. Hər ətir növünün qoxusu digərindən fərqlidir. Bu fərqliliyi təmin etmək üçün müxtəlif bitki və maddələrdən istifadə edilir.

Ətirin hazırlanmasında ən çox istifadə edilən maddələrdən biri güldür. Gül çiçəyindən istifadə edilən ətirlərin hazırlanması zamanı güllər sübh tezdən toplanılır. Toplanmış güllər müxtəlif proseslərdən keçirilir və gülün qoxusunu daşıyan yağı əldə edilir. 1 kiloqram gül yağı əldə edə bilmək üçün təxminən 2 milyon gülə ehtiyac vardır. Əldə edilmiş bu yağlar yenə müxtəlif mərhələlərdən keçir və qalıcılıq effekti verən kimyəvi maddələr əlavə edilərək ətirin esansı hazırlanır. Bu esanslara isə müxtəlif miqdarlarda spirt əlavə edilir və qablaşdırılır. Ətirlərin qablaşdırılması istifadə edilən şüşə qablar da ayrıca hazırlanır. Bəzi məşhur brendlər öz ətirlərini xrustal şüşələrdə qablaşdırırlar.

Maraqlısı budur ki, əgər tərkibində kimyəvi maddələrdən olan ətirlərdən istifadə etmək istəmiriksə, evimizdə özümüz üçün ətir hazırlaya bilərik. Tələb olunan ləvazimatlar: müşk, şam qozası, 2 fincan təmiz su, az miqdarda spirt. Müşk tapa bilmədiyiniz halda, onun yerinə alma, limon, iydə çiçəyi və gül kimi sevdiyimiz qoxulardan da faydalana bilərik. Hazırlanma prosesində ilk addım çiçəkləri düz bir taxtanın üzərinə qoyub bıçaqla incə-incə doğramaqdır. Daha sonra onu bir qabın içinə qoyub suyu çıxarana qədər əzməyə davam edirik. Bunu həmçinin şam qozası üçün də təkrarlayırıq. Daha sonra güldən və şam qozasından əldə etdiyimiz suyu ayrı bir qaba tökərək qarışdırırıq. Sonra isə su və spirti əlavə edərək həmin qabın ağzını bağlayır və isti bir yerdə saxlayırıq. 6 həftə bu qabın ağzı açılmadan saxlanılmalıdır. 6 həftədən sonra öz əllərimizlə hazırladığımız ətiri gözəl bir şüşəyə yığıb istifadə edirik.

Bəs ölkəmizdə ətirlərin qiymətli xammalı - gül yağı ən çox harada istehsal olunur? Bu suala cavab axtararkən ilk olaraq Zaqatala göz önünə gəlir. Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi Zaqatala rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biridir. "Qızılgüllər diyarı" kimi tanınan Zaqatalada qızılgül yağı istehsal edən "AzRose" istehsal müəssisəsi fəaliyyətə başlamışdır. Hazırda MMC-nin Aşağı Tala kəndi ərazisində 145 hektar "Dəməşq qızılgülü", 36 hektar lavanda gülü, 2 hektara yaxın nanə plantasiyası var. Mayın əvvəlində qızılgül ləçəyinin, iyun ayının əvvəlində isə lavanda gülünün yığımına start verilir. Tədarük edilən gül ləçəyindən filtrlənmiş gül yağı istehsal olunur. Təkcə 2020-ci ildə qızılgül plantasiyasından 438 ton gül ləçəyi yığılıb və ondan 121 kiloqram qızılgül yağı istehsal olunub. Nanə plantasiyasından 30 kiloqram nanə yağı əldə edilib. Qızılgül və lavanda yağları ABŞ, Bolqarıstan və Litva ölkələrinə ixrac edilir.

Qızılgül yağları parfümeriyada ən çox istifadə olunan yağlardır. Bu, təsadüfi deyil. Qızılgül güllərin şahı hesab olunur. Öyrənirik ki, qızılgül yağı ilk dəfə əfsanəvi qədim yunan şairi Homerin yazılarında hallanmışdır. Sevgi və romantika rəmzi hesab olunan qızılgülün bir çox növləri var. Qızılgül qoxulu ətirlər təravətli, zərif olurlar.

Zaqatalada istehsal olunan qızılgül yağları brend məhsul hesab edilir.

Tofiq HÜSEYN,

"Respublika".