Yüz il yaşaya bilməsə də, illər yaddaşlarda yaşayacaq
Maraqlı

Yüz il yaşaya bilməsə də, illər yaddaşlarda yaşayacaq

XX əsr Azərbaycan poeziyasına nəzər salanda olduqca zəngin, çoxşaxəli ədəbi mühitlə qarşılaşırsan. Həmin dövrdə ədəbiyyatımız bütün istiqamətlər üzrə böyük inkişaf mərhələsi keçib. İstər müasir, istərsə də şifahi xalq ədəbiyyatının təsiri ilə zəngin ədəbi mühit formalaşıb. Yaradıcılığında milli üslubu qoruyan, özünəməxsus yolu, poetik üslubu olan Osman Sarıvəlli Azərbaycan ədəbiyyatının ötən əsrdə yetişdirdiyi şairlərdəndir. Şairin poeziyamızın inkişafında, yeni üslub və formanın aşılanmasında xidmətləri böyük olmuşdur. Sadə el dilində, xalq yaradıcılığından bəhrələnərək yazdığı şeirlər onu xalqa daha da sevdirmişdi.

Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 17 dekabr 1905-ci ildə Qazax qəzasının İkinci Şıxlı (Sarıvəlli) kəndində dünyaya gəlib.

Qazax Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Bir müddət sonra Moskva Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Sonralar Osman Sarıvəlli xatirələrində yazırdı: "Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim".

Osman Sarıvəlli ədəbi yaradıcılığa 1933-cü ildə "Gənc işçi" qəzetində dərc olunan "Ayaqsız" adlı şeiri ilə başlayıb. 1934-cü ildə isə "Dəmir sətirlərim" adlı ilk şeirlər kitabı nəşr olunub. 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, "Uşaqgəncnəşr"də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib. Sovet rejiminin qorxunc repressiya illəri Osman Sarıvəllinin də həyatından yan keçməmişdir. Qardaşı sürgün olunmuş, özü isə illərlə repressiya qorxusu altında yaşamış, haqsızlığa, təqiblərə məruz qalmışdır. Şair xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuşdur. Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun "Antiqona" faciəsini dilimizə çevirmişdir. Folklorumuzun, aşıq yaradıcılığının və Səməd Vurğunun külliyyatının hazırlanıb çap edilməsində böyük əməyi olmuşdur. Onun qoşmalarını bu gün də Azərbaycan aşıqları sevə-sevə oxuyurlar.

Osman Sarıvəlli yaradıcılığında şeirlərini aşıq ədəbiyyatından bəhrələnərək yazmış, aşıq poeziyasının vurğunu olmuşdur. Onun yazdığı qoşmalar və gəraylılar çox olmasa da, öz poetik incəlikləri ilə qəlb oxşayır. Şairin ilham mənbəyi Vətəninin daşı, torpağı, yurdu, təbiəti idi. Şeirlərinin qidasını folklordan, xalq yaradıcılığından alan şair vətəninin gözəlliklərini qələminin gücü, ilhamının qüdrəti ilə böyük ustalıqla canlandırırdı. O, öz vətəninə, torpağına aşiq idi. Bütün şeirlərinin mayasını, qayəsini Vətən məhəbbəti təşkil edirdi. Şair bütövlükdə Azərbaycan idi:

İlham bulaqları quruyacaqdır,

Hər kimin deyilsə mayası eldən.

Mirvarid Dilbazi onun haqqında deyirdi: "Osman Sarıvəlli çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır".

Hər bir şairin möhürbəndi şeirləri olur. Osman Sarıvəllinin "Tut ağacı", "Gətir, oğlum, gətir", "Günah onun özündədir", "Bənövşə" kimi əsərləri bu qəbildəndir. Şair-filosof olan Osman Sarıvəlli həyatının ən qaynar çağlarında vətənindən, elindən, onun gözəlliklərindən, mənəvi dəyərlərindən güc alaraq: "Hər kim yüz il yaşamasa, günah onun özündədir", - deyirdi. Lakin gəncliyini, ömrünün coşqun illərini zamana təslim edəndən sonra ömrünün ahıllıq, qürub çağında yazırdı: "İndi görürəm ki, həyat öz işini görür, illər bizi qocaltmağı da bacarır".

Qocalığı heç qaxmayın başıma,

Yeni çatır ömrüm əlli yaşına,

Ağ gün çəkdi sağ əlini başıma,

Ağ saçlarım qaralmağa başladı.

Onun Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayan yaradıcılığı əxlaqın və mənəvi təmizliyin üzərində qurulmuşdur. O, müraciət etdiyi hər bir mövzunu şeirdə obrazlı, dolğun canlandıra bilən, milli koloritli şair idi. Şeirlərinin öz ahəngi, öz rəngi var. Milli folklora, xalq yaradıcılığına söykənən şeirləri ana torpağımızdan, torpağın əsrarəngiz nemətlərindən, dağından, daşından, bulağından qaynaqlanır. Şairin şeirlərində süniliyə, yalançı pafosa, boş hay-küyə rast gəlmək olmur. Gördüklərini hiss etdiyi, sevdiyi kimi yazmış, öz fikirlərini el dilində səsləndirmişdir. Osman Sarıvəllinin dili sadə, təmiz, atalar sözləri ilə zəngin poeziyası xalqın ruhunu oxşayır. Çox kasıb ailədə dünyaya gələn şair ömrünün ağrılı-acılı günlərini yaradıcılığının şah əsəri olan "Gətir, oğlum, gətir!" poemasında təsvir edib.

Osman Sarıvəlli poeziyamızda siyasi lirikanın bənzərsiz nümunələrini sadə dildə yazmışdır. Onun millət vəkilinə müraciətlə yazdığı "Mən səni seçdim ki..." şeiri bu mövzuda ən gözəl poeziya nümunəsidir. "Böyük dostluq", "Sibir dəftəri", "Neapol şeirləri", "Mərakeş lövhələri", "Misirli qardaşlara", "Səyahət şeirləri" şairin dünyanın qardaş ölkələrinə baxışını, isti münasibətini ifadə edirdi. Şair bu ölkələrin təbiətini, gözəlliklərini doğma Azərbaycanın gözəllikləri ilə müqayisə edərək oxşar cəhətlərini göz önünə gətirirdi. Şeirlərində torpağa, yurda bağlılıq hər misrada hiss olunur, sezilir. Osman Sarıvəllinin şeirləri arasında "Bənövşə" şeiri də xüsusi dili, canlılığı ilə seçilir. Qurbanidən sonra bənövşəyə bu gözəlliyi, həyatı verən məhz o olub. Bənövşəni gözəl, ətirli çiçək kimi vəsf edən şair onu insanla təbiətin əlaqəsi fonunda daha da ucaldaraq insanın daxili gözəlliyi ilə əlaqələndirir:

Taxsa da döşünə səni hər yetən,

Təmiz ürəklərə yaraşır xalın!

Ömrünün son çağlarında uzaqlara boylanan şair ümidini əsla itirməmişdi. Gözlərində yenə də həyat eşqi, yaşamaq həvəsi alovlanırdı. Bütün bunlara baxmayaraq, şair həyat qanunlarına tabe olub yazırdı:

Osman, ələ alma əsa,

Yaş dolanda batma yasa.

Hər kim yüz il yaşamasa,

Günah onun özündədi.

Osman Sarıvəllinin bu şeiri dillər əzbərinə çevrilir. Xalqın dilində yazıb-yaradan şair yaddaşlarda nəğməli şeirləri ilə yaşayır. 3 iyun 1990-cı ildə 84 yaşında vəfat edən Xalq şairi Osman Sarıvəlli doğma kəndində dəfn olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".