Zabux məktəbi 31 ildən sonra fəaliyyətini bərpa etdi
Sosial həyat

Zabux məktəbi 31 ildən sonra fəaliyyətini bərpa etdi

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran ən vacib məsələlərdən biri ərazilərin yenidən qurulması idi. Ermənilər tərəfindən tamamilə dağıdılmış yaşayış məskənlərinin bərpa olunması üçün dövlətimiz bütün gücünü səfərbər edib. Qədim yurd yerlərimiz öz sahiblərini qarşılamaq, əbədi olaraq qoynuna almaq üçün yenidən tikilir. Qarabağa yeni nəfəs, yeni görkəm verilir. İşğaldan azad olunmuş ərazilər tamamilə fərqli, modern və müasir üslubda qurulur. Cənnət diyarımız əzəli, əbədi görkəminə qaytarılır. Artıq bütün Qarabağ ərazilərinə köç həyata keçirilir. Kəndlər, şəhərlər tikilib qurulduqca öz sakinlərini qoynuna alır. Bu yerlərə yenidən daha parlaq, daha rahat və təhlükəsiz həyat gəlir.

 Qarabağ və Şərqi Zəngəzur bölgəsində məktəblərin, mədəniyyət obyektlərinin və digər zəruri obyektlərin tikintisi uğurla aparılır. Ölkə başçısının da qeyd etdiyi kimi, biz zamanla öz tarixi torpaqlarımıza dönəcəyik. Axı biz düşməndən fərqli olaraq qurub-yaradan xalqıq. Bu gün Qarabağın təhsil sisteminin bərpası  qarşıda duran önəmli və vacib məsələlərdən biridir. İşğal dövründə ermənilər Qarabağda 1107 təhsil müəssisəni tamamilə dağıdıblar. Vətən müharibəsindəki qələbəmiz Qarabağ bölgəsində təhsilin inkişafına yeni imkanlar açıb. Zəngilan rayonu Ağalı kənd orta məktəbi,  Şuşada 1 nömrəli məktəb, Füzulidə Özbəkistan dövləti tərəfindən inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və digər yaşayış məntəqələrində tikilib istifadəyə verilən təhsil müəssisələri bu istiqamətdə atılan uğurlu addımlardır. Yaxın günlərdə isə ölkə başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında verdiyi Sərəncam bütün Azərbaycanın sevincinə səbəb oldu. Qarabağda təhsilin yenidən qurulması istiqamətində işlər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun aparılır. Strategiyanın məqsədi insan kapitalının inkişaf etdirilməsi prinsipini reallaşdırmaqdan ibarətdir. Bu, müasir təhsil sistemində olduqca vacib məqamdır. Çünki tarixin indiki mərhələsində insan kapitalı hər bir cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir.  Bu məqsədlə, Azərbaycanda təhsil sahəsində mükəmməl Dövlət proqramları və islahatlar həyata keçirilir. Qarabağda təhsilin yenidən təşkili isə bu proqramın əsas tərkib hissəsidir. Bütövlükdə isə təhsil sisteminin müasir tələblərə uyğun qurulması müstəqil dövlətçiliyin möhkəmləndirilməsində, tərəqqisində əhəmiyyətli rol oynayacaq.

İşğaldan azad edilmiş Zabux kəndində də quruculuq işləri sürətlə davam edir. Bu kənddə də sakinlərin məskunlaşması üçün evlər inşa olunub və infrastruktur yaradılıb. Mərhələli şəkildə köçürülən sakinlər öz doğma ocaqlarında böyük sevinc hissi ilə yaşayırlar. Yaxın günlərdə isə  Zabux kəndinin bir əsrə yaxın yaşı olan məktəbi yeni binada fəaliyyətə başlayıb. Kənddə 31 ildən sonra ilk dəfə məktəb zəngi çalınıb. Azadlığına qovuşan kənd və şəhərlər kimi, artıq Zabuxda da həyat canlanmağa başlayıb.

Qeyd edək ki, ilk dəfə Zabuxda məktəb 1926-cı ildə fəaliyyətə başlayıb. 1992-ci ildə Laçının Ermənistan tərəfindən işğalı zamanı kənd tamamilə dağıdılıb, məktəb binası da yerlə-yeksan edilib. 44 günlük Vətən müharibəsi zamanı  bir neçə rayonumuz kimi, Laçın da bir güllə atılmadan düşmən işğalından azad olundu. Erməni zülmündən ən çox əziyyət çəkən, dağıdılıb tamamilə erməniləşdirilmək planı aparılan Zabux da öz ağ günlərinə qovuşdu. Yenidən fəaliyyətə başlayan  97 yaşlı məktəbdə  şagirdlərin təhsil alması üçün bütün şərait yaradılıb. Dekabrın 13-də Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb. Məktəbə ilkin olaraq 35 şagird və onların təhsili ilə məşğul olacaq 17 müəllim cəlb edilib. 176 şagird yerlik ikimərtəbəli məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, gənclərin çağırışaqədərki hazırlığı və tibb otağı, kitabxana, idman, həmçinin 105 yerlik akt zalı, yeməkxana, bufet mövcuddur.

31 ildən sonra dövlətin qayğı və diqqəti sayəsində həsrətlərə son qoyulur, acılar unudulur, yaralar öləziyir.  İndi hamı həvəslə yeni həyata başlayır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsində çalınan məktəb zəngləri övladlarımızı işıqlı sabahlara səsləyir.

Ramidə YAQUBQIZI,

"Respublika".