Zaman diktə edir: türk birliyi
Siyasət

Zaman diktə edir: türk birliyi

Dünya çalxalanır, mövqelər uğrunda soyuq müharibə gedir, bəzi ölkələr arasında qanlı döyüşlər yüz minlərlə insan taleyinə zərbələr vurur, şəhərlər dağılır, digər tərəfdən planetin istiləşməsi, qütbləşmə, iqtisadi çətinliklər dərin ziddiyyətlər yaradır. Zaman diktə edir ki, türk dünyası daha sıx birləşməli, gücünə güc qatmalıdır.

Azərbaycan ilə Türkiyə arasında qardaşlığın böyük və şərəfli tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr düşmənləri əsrlər boyu nə qədər narahat etsə də, bu dəyərləri bir-birindən ayıra bilməyiblər. Çünki bu qardaşlığın kökləri o qədər qırılmaz tellərlə bir-birinə bağlıdır ki, dövranın heç bir gərdişi onu poza bilməyib, bu qardaşlıq zamanın ən çətin sınağından şərəflə çıxıb. Yaxşı bir el məsəlində deyildiyi kimi, dar gündə qardaş qardaşa arxadır, dayaqdır. Çətin zamanlarda, dar günlərdə bu, özünü qabarıq büruzə verib. Dərdlərə çarə tapılır, yaralar birgə sarılır, Anadoludakı qardaşlarımızla nəbzimiz bir döyünür. Bu qardaşlığa kölgə salmağa cəhd edənlərin xəbis niyyətləri bütün zamanlarda iflasa uğrayıb, istəkləri gözlərində qalıb. 1993-1994-cü illərdə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ulu öndər Heydər Əliyev bütün təqibləri, təhdidləri, təzyiqləri, dövlət çevrilişinə cəhdləri mərdliklə dəf etdi.

Ölkəmiz uzun illər Ermənistanın işğalından, törətdiyi hərbi cinayətlərdən əziyyət çəkib. Havadarlarına arxalanan düşmənin azərbaycanlıların taleyinə vurduğu ağır zərbə, torpaqların zəbt edilməsi, şəhər və kəndlərin əsarətdə qalması, dinc insanların öz dədə-baba yurdlarından didərgin düşməsi Azərbaycanı humanitar fəlakətlə üz-üzə qoymuşdu. Yenicə müstəqilliyini elan edən ölkəmizə qarşı başlanan bu aqressiya təhlükəli bir həddə çatmışdı. Məhz həmin vaxt qardaş Türkiyə Azərbaycanı təklənməyə qoymadı, onun yanında dayandı, kömək əlini uzatdı və heç bir tərəddüd etmədən Ermənistanla sərhədlərini bağladı. Əslində, bu qardaşlığı əks etdirən təqdirəlayiq hadisələr, qiymətli nümunələr, həyatın içindən gələn örnəklər daha çoxdur. Ağır durumda olan Naxçıvana Türkiyədən ümid yolu açıldı. Sonra 2020-ci ildə Azərbaycan ən çətin sınaq qarşısında dayandı, Ermənistanın hərbi təcavüzünə son qoyulması üçün cəbhə bölgəsində silahlar işə düşdü. Həmin çətin illərdə sözün əsl mənasında qardaş-qardaşa qucaq acdı, əllərimiz kimi ruhumuz da birləşdi, könüllərdəki həsrətə son qoyuldu. Həyatın bütün sahələrində sarsılmaz bağlar yarandı, əlaqələr daha da genişləndi, ulu öndərin dediyi "Azərbaycanla Türkiyə bir millət, iki dövlət"dir kəlamı həqiqəti, tarixi kökləri, qardaşlığı əks etdirir. 2020-ci ilin payızında işğaldan azad edilən Qarabağda tarixi baxımdan çox qiymətli, mənəvi baxımdan isə qürurverici və şərəfli bir mənzərənin şahidi olduq. Qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi sayəsində Azərbaycan işğalçılara qarşı aparılan Vətən müharibəsində parlaq qələbə qazandı. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən Azərbaycan hərbçilərinin döyüş taktikası və ən müasir hərbi silahlardan istifadə etməsi, vətənpərvər gənclərin qəhrəmanlığı, xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış Prezident İlham Əliyevin sərkərdə qətiyyəti tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Tarixçilərin qənaətinə görə, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi - Müttəfiqlik müqaviləsi iki qardaş ölkənin bir-birinə sadiq olduqlarını bir daha təsdiq etdi. Həm də Şuşa Bəyannaməsi tarixi varisliyi göstərməklə Cənubi Qafqazda yeni düzənin yarandığını nümayiş etdirdi. Bu yaxınlarada Buxarest şəhərində güləş üzrə Avropa çempionatı keçirildi. Həmin yarışlarda türk və azərbaycanlı idmançıların çıxışı çox heyranedici oldu. Hətta müxtəlif çəki dərəcələri üzrə keçirilən final görüşündə Azərbaycan və Türkiyə güləşçisi döşək üzərinə çıxdılar. Gərgin mübarizə başlandı. Türk qardaşımız daha peşəkar olduğu üçün qələbə qazandı. Sonra azərbaycanlı qardaşını qucaqlayaraq onun idman formasında həkk olunmuş üçrəngli, ay-ulduzlu bayrağımızı öpdü. Çox möhtəşəm bir səhnə yarandı, əcnəbi idmançılar, tamaşaçılar bu qardaşlıq səhnəsinə heyrətlə baxırdılar. Belə misalların, tarixdən gələn örnəklərin sayı istənilən qədərdir.

Qardaş Türkiyədə rəsmi səfərdə olan Prezident İlham Əliyev birgə bəyanatda qeyd edib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında da bu qardaşlığın əbədi olacağı bir daha öz təsdiqini nümayiş etdirdi. Qardaş Türkiyə Prezidenti bildirdi ki, Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm. İki liderin ortaq mövqeyi tarixin və zamanın diktə etdiyi türk birliyinə yeni güc qatır, iqtisadi, mədəni, hərbi əlaqələr daha da genişlənir. Gözlərimiz qarşısında XXI əsr türk əsrinə çevrilir.

Salman ALIOĞLU,

"Respublika".