Zəfər seçkiləri Azərbaycanın qüdrətinin göstəricisi
Siyasət

Zəfər seçkiləri Azərbaycanın qüdrətinin göstəricisi

Milləti bütöv xalq kimi formalaşdıran onun milli mənsubiyyəti, içindəki azad ruhu və kökdən gələn dövlətçilik ənənəsidir. Bəzən hansısa xəyanətin, xain niyyətin qurbanı olsa, işğal siyasətinə məruz qalsa da, son nəticədə özünü içindəki azadlıq istəyi ilə qalib xalqa çevirə bilir. Bütövləşib, birləşib Zəfər qazanır. Necə ki, üç il qabaq Azərbaycan xalqı illərlə közərən azadlıq odunu atəşə çevirib Qalib dövlət oldu.

Ölkəmizin beynəlxalq aləmdə uğurları, siyasi müstəvidə çəkisi dünyada yeni Azərbaycan formalaşdırdı: ərazi bütövlüyü bərpa olunmuş, müstəqil, suveren ölkə. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkədə yeni seçkilərin keçirilməsinə zərurət yaratdı. Bu baxımdan 7 fevralda keçirilən növbədənkənar prezident seçkiləri Zəfər seçkiləri adlandırılmaqla yanaşı, həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi də qiymətləndirilir.

Azərbaycan daha bir tarixi hadisəyə şahidlik etdi. Bütöv Azərbaycanda Zəfər seçkiləri keçirildi. Seçkilər ölkəmizdə mövcud olan demokratik ənənələrə, Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında baş tutdu. İnsanlar tərəddüd etmədən rahat, şəffaf və ədalətli şəkildə məntəqələrə gəlib öz layiqli namizədinə səs verərək yaşadıqları qürurlu dövrün yeni uğurlarına imza atırdılar sanki. Reallıq isə ondan ibarət idi ki, hər şey xalqın istəyinə uyğun, gözlədiyi tərzdə cərəyan edirdi, ümumxalq birliyi, mütəşəkkilliyi və millət sevgisi vardı. Bu, həm də dünyaya bir mesaj oldu. Azərbaycan xalqı seçki mədəniyyəti və fəallığı nümayiş etdirdi. Ölkəmizə gələn minlərlə xarici müşahidəçi də bütün bunları aydın şəkildə gördü. Fevralın 7-də Azərbaycan daha bir qələbə qazandı. Xalqımız yenidən öz siyasi iradəsini ortaya qoydu.

Qalib xalq olaraq ölkəmizin hər bir bölgəsində keçirilən seçkidə öz sözünü dedi. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçirildi. Budəfəki seçkilər əvvəlkilərdən olduqca fərqli idi. Çünki biz ilk dəfə olaraq qalib ölkənin prezidentini seçdik.

Azərbaycan xalqı hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verib. Bütün bunları isə Azərbaycan xalqına yaşadan Heydər Əliyev prinsiplərini və dövlətçilik ənənələrini layiqincə davam etdirən Ali Baş Komandan İlham Əliyevdir. Bu baxımdan da Azərbaycan xalqı dəmir siyasi iradəyə malik və verdiyi hər bir sözə əməl edən qalib liderin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyi üçün əzmkarlıq və birlik nümayiş etdirdi. Zəfər seçkiləri xalqımızın ədalətli seçimi, ölkəmizin xoşbəxt gələcəyi və güclü, qüdrətli, qalib Azərbaycan naminə atılan addımı oldu.

Bu həm də anti-Azərbaycan mövqeyi sərgiləyən bəzi dövlətlərə və beynəlxalq təşkilatlara tutarlı cavab idi. Dövlətimizin tarixi qələbəsini həzm edə bilməyən qara qüvvələrə tarixi dərs verdi. Azərbaycan bu gün dünyaya istər siyasi-iqtisadi, istərsə də hərbi sahədə nümunədir. İllər əvvəl bədxahların "yeni müharibə və yeni torpaqlar" iddiaları ilə qaynayan Cənubi Qafqaz regionunda bu gün xoşniyyət, sülh və əmin-amanlıq yaranmaqdadır. Ölkəmiz həm də regionun lider dövləti və əsas söz sahibidir.

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri quruldu və səsvermə hüququ olan hər kəs bu prosesdə həvəslə iştirak etdi. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi fəaliyyət göstərirdi. 122 saylı Xankəndi Seçki Dairəsinin Xankəndi şəhərində yaradılmış 14 saylı seçki məntəqəsi isə ərazi bütövlüyümüzün təcəssümü idi. Məhz İlham Əliyevin və ailə üzvlərinin bu məntəqədə səsverməyə qoşulması Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini bir daha özündə ehtiva edirdi.

Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri həm də Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyinə ciddi təsir göstərəcək. İlham Əliyev qətiyyətli siyasi fəaliyyəti nəticəsində işğala, təcavüzə, separatizmə son qoyaraq, Azərbaycanı tarixin ən güclü dövlətinə çevirib, regionda sülhü bərqərar etməkdədir. Artıq dünya Azərbaycan ilə hesablaşır və onu özünün etibarlı tərəfdaşı hesab edir. Əldə olunan uğurlar sözsüz ki, İlham Əliyevin yürütdüyü düzgün siyasi xəttin və diplomatik bacarığın nəticəsidir. İlham Əliyevin dediyi kimi: "Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın".

Fevralın 7-də keçirilən prezident seçkiləri beynəlxalq aləm üçün çox ciddi siyasi hadisəyə çevrildi. Xalq əzm və mətanəti ilə öz sözünü deyərək, layiqli namizədə-Qalib ölkənin Qalib Sərkərdəsinə səs verdi. Zəfər seçkilərində 92 faizdən çox səslə qalib cənab İlham Əliyev oldu. Bir çox dövlət başçıları qələbə münasibətilə hazırkı Prezident İlham Əliyevi təbrik etdilər. İlk təbrik edən dost, qardaş Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oldu. Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Serbiya Prezidenti Aleksandar Vuçiç və digər dövlət başçıları cənab İlham Əliyevi təbrik etdilər.

Ramidə YAQUBQIZI,

"Respublika".