Zəfər seçkilərinə hazırlıq yüksək səviyyədədir
Sosial həyat

Zəfər seçkilərinə hazırlıq yüksək səviyyədədir

7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Bu seçkilər Zəfər seçkisi kimi tarixə düşəcək, Azərbaycanın dövlətçilik tarixində, xalqımızın siyasi həyatında olduqca mühüm bir seçki kimi yadda qalacaq. Azərbaycan növbəti mühüm seçim qarşısındadır. Xalqımız prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə hazırlaşır.

Xətai

Mütəşəkkil hazırlıq Bakının sənaye rayonlarından olan Xətaidə də aydın müşahidə olunur. 34 saylı Xətai ikinci Dairə Seçki Komissiyasının sədri Rafael Mehdiyev hazırlıqlar barədə verdiyi məlumatda bildirdi ki, qeydiyyatda olan 50 min 455 seçicinin sayı dəqiqləşdirilib. Bu seçicilər dairə seçki komissiyasının əhatə etdiyi 40 seçki məntəqəsində səs verəcəklər. Seçkilərlə bağlı dairə seçki komissiyasının ərazisindəki məntəqələrdə hazırlıq işləri uğurla davam etdirilir. Treninqlərdə seçki öncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri maarifləndirilir. İştirakçılara səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Məntəqələr seçki kabinələri, təşviqat məlumatları, seçici siyahısı lövhələri, seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Bütün məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə təchiz edilib. Məntəqələr üzrə seçicilərə bildirişlər paylanılır. Şəffaflığın təmin olunması məqsədilə məntəqələrin 10-da veb-kamera, eləcə də fiziki imkanı məhdud seçicilərin qeydiyyata alındığı məntəqələrdə panduslar quraşdırılıb. Belə vətəndaşlardan müraciətlər hələ ki, daxil olmayıb. Seçicilərin 1 nəfərinin 94 yaşı var. 18 yaşa çatmış 65 gənc ilk dəfə səs verəcək.

Azərbaycan iqtisadi göstəricilərinə görə dünya dövlətləri arasında liderlik mövqeyini qoruyur. İnsanların həyat şəraiti ildən-ilə yaxşılaşır. Fevralın 7-də xalqımız birmənalı olaraq bu inkişafın davamına, firavan gələcəyə səs verəcək. Seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvləri öz işlərinə məsuliyyətlə yanaşırlar. Səsvermə günü qanunvericiliyə əsasən səsvermə prosesi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq. Müşahidələrimizə əsasən deyə bilərik ki, bütün məntəqələrdə seçkilərə hazırlıq işləri uğurla başa çatdırılıb.

Binəqədi

Növbədənkənar prezident seçkilərinə hazırlıq Binəqədi rayonu Biləcəri qəsəbəsində də yüksək səviyyədə aparılır. 10 saylı Binəqədi Üçüncü Dairə Seçki Komissiyasının sədri İsgəndər Əliyev hazırlıqla bağlı dedi: Artıq işlər yekunlaşmaq üzrədir. Məntəqələr lazımi avadanlıqlarla təchiz olunub. Dairə üzrə 42 daimi seçki məntəqəsi var. Seçki gününə daha bir məntəqə yaradılacaq. 7 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dairəmizdə 51.975 seçici var. Onlardan 310 nəfəri 80-100 yaşı ötmüş, 144 nəfəri isə ilk dəfə səsvermə hüququna malik seçicilərdir. Məntəqələrdə seçicilərin şəffaf və rahat şəkildə səs vermələri üçün bütün şərait yaradılıb. Bildirişlərin paylanması MSK-nın təlimatına uyğun qaydada həyata keçirilir.

10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinin sədri Xatirə Hacıyeva aparılan hazırlıq prosesinin artıq yekunlaşdığını bildirdi. Məntəqəmiz tam hazır vəziyyətdədir. Məntəqəmizdə 1213 nəfər seçici səs verəcək. Bildirişlərin paylanması artıq yekunlaşıb. Əhali arasında yüksək əhvali-ruhiyyə var. Hər bir vətəndaş seçki gününü böyük səbirsizliklə və həvəslə gözləyir. İnsanlar əvvəlki seçkilərdən daha aktiv və həvəslidirlər. Heç bir vətəndaşın bu vaxta kimi hansısa bir etirazının və narazılığının şahidi olmamışıq. Bildirişləri paylayan zaman əhalini Zəfər seçkilərində iştiraka dəvət etmişik, maarifləndirmə işi də yüksək səviyyədə aparılıb. Seçicilərimiz arasında 18 yaşı fevralın 7-də tamam olan bir vətəndaşımız da var. Biz seçki günü həmin seçiciyə doğum günü sürprizi hazırlamışıq. Bu seçki həmin vətəndaşın ilk səsvermə hüququndan istifadə etdiyi tarixdir. Seçicilərimiz arasında Xalq artisti, bəstəkar Sərdar Fərəcov çox aktivlik nümayiş etdirir.

10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin 17 saylı seçki məntəqəsinin sədri Almaz Həsənova növbədənkənar prezident seçkiləri ilə bağlı hazırlıq prosesinin yüksək səviyyədə aparıldığını qeyd etdi. Məntəqəmizdə 1315 seçici səs verəcək. İşlə əlaqədar, növbədə olmaqla bağlı başqa məkanlarda olan seçicilərimizə qeydiyyatdan çıxma vəsiqələri verilir. 18 yaşdan yuxarı seçki hüququ olan bütün vətəndaşlarımıza bildiriş vərəqələrinin verilməsi artıq yekunlaşıb. Əhali harada, hansı məntəqədə səs verəcəyi barədə məlumatlandırılıb. Seçicilərin rahat və sərbəst şəkildə səs vermələri üçün yüksək səviyyədə şərait yaradılıb.

Nərimanov

Paytaxtın Nərimanov rayonunda da prosesə hazırlıq yüksək səviyyədə davam edir. 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının sədri Azad Nəbiyev dairədəki işlərin artıq demək olar ki, yekunlaşdığını bildirdi: "19 saylı Nərimanov birinci Seçki Dairəsində 37 seçki məntəqəsi var. Onlardan 11-i də hazır vəziyyətdədir. Veb-kameralar, səsvermə kabinələri quraşdırılıb, bildirişlər paylanıb və ümumi hazırlıq prosesi yekunlaşır. Seçkiyə aid bütün avadanlıqlar məntəqələrə verilib. Seçkiyə 3 gün qalmış məntəqələrə bülletenlər paylanacaq. Ümumi dairə üzrə 49,214 seçici var. Qeydiyyatdan çıxma vəsiqəsi alanlar hələ ki, 311 nəfərdir, vəsiqələrin verilməsi seçkilərə üç gün qalmışa qədər davam edəcək".

19 saylı Nərimanov birinci Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində də işlər yekunlaşıb. Məntəqənin sədri Nihal Hacıyeva hazırlıq prosesi ilə bağlı məlumat verərək dedi ki, məntəqə üzvləri seçki prosesinə tam hazırdır: "Məntəqəmizdə 1098 nəfər seçici var. Hələ ki, 12 nəfər qeydiyyatdan çıxma vəsiqəsi alıb. Daşınan qutu ilə bağlı hələ ki, nə şifahi şəkildə, nə də ərizə ilə müraciət edən olmayıb".

7 fevralda ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində mühüm əhəmiyyətə malikdir. Çünki keçmiş məcburi köçkünlərimizin bir qismi 30 il sonra ilk dəfə öz doğma torpaqlarında - işğaldan azad olunmuş ərazilərdə səs verə biləcəklər.

Səbail

Paytaxtın Səbail rayonunda da hazırlıq yüksək səviyyədə davam edir. 7 saylı Səbail Dairə Seçki Komissiyasının sədri Cahangir Məmmədov dairə və məntəqələrin seçkiyə tam hazır olduğunu, məntəqələrdə səsvermə prosesinin şəffaf və demokratik qaydada təşkili, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirdi: "Hazırda 53 məntəqəmiz var. Badamdar qəsəbəsində yerləşən 36, 37, 38, 39, 40 saylı məntəqələr yeni yaradılıb. Seçki komissiyaları üzvlərinin məlumatlılığının, peşəkarlığının artırılması məqsədilə dairədə treninqlər mütəmadi olaraq keçirilib. Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, ümumiyyətlə bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlandırılıblar. Ümumi dairə üzrə seçicilərin sayı 56236 nəfər təşkil edir. Bu seçkilərdə 780 nəfər ilk dəfə səs verəcək seçicilərin siyahısındadır. Sağlamlıq imkanları məhdud seçicilərimizi də diqqətdə saxlayırıq. Məntəqələrimizdə bu qəbildən olan vətəndaşlar üçün panduslar quraşdırılıb. Seçki məntəqəsinə gələ bilməyən sağlamlıq imkanı məhdud insanlarımızın rahat səs verə bilməsi üçün onların evlərinə daşınan qutular aparılacaq. Fevralın 3-ü seçki bülletenlərinin paylanmasına başlanılacaq.

7 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində də hazırlıq prosesi yekunlaşıb. Məntəqənin sədri Elmira İbrahimova səs verəcək seçicilərin 1441 nəfər olduğunu açıqladı. Bunlardan 5 nəfər ilk dəfə səsvermədə iştirak edəcək. Məntəqə sədrinin sözlərinə görə, Musiqili Komediya Teatrında yerləşən bu məntəqə həmişə seçicilərinin mütəşəkkilliyi və fəallığı ilə fərqlənir.

Seçkilərin şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə olunacaq. Vətəndaşların üzərinə düşən yeganə borc seçkilərdə fəal iştirak etməkdir. Bu, ölkəmizdə qarışıqlıq yaratmağa fürsət axtaran beynəlxalq möhtəkirlərin qaralama kampaniyasına da tutarlı cavab olacaq.

Nizami

24 saylı Nizami birinci Dairə Seçki Komissiyasının sədri Niyazi Nəcəfov dairədəki işlərin demək olar ki, sona çatdığını bildirib: "Hazırda 36 açıq, 1 qapalı tipli məntəqəmiz var. Qapalı tipli məntəqə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşir. Orada 193 nəfər seçici səs verəcək. Ümumi dairə üzrə seçicilərin sayı isə 49916 nəfərdir. Onlardan 291-i qeydiyyatdan çıxma vəsiqəsi alıb. Seçkiyə 3 gün qalanadək vərəqələrin paylanması davam edəcək. Ona görə də növbəti günlərdə rəqəmlərdə dəyişiklik ola bilər. Məntəqələr üzrə müşahidəçilərimizin sayı isə 789-dur. Nizami birinci Seçki Dairəsi üzrə qeydiyyatda olub, lakin özü xaricdə olan şəxslərin sayı 8, yanvar ayında hərbiyə gedənlərin sayı isə 10-dur. Bildirişlərin paylanması prosesi 90 faiz yekunlaşıb.

Hazırda bülletenlərimizi almışıq. Onların məntəqələr üzrə bölüşdürülməsi davam edir. 10 məntəqəmizdə veb-kamera quraşdırılıb. Hər biri işlək vəziyyətdədir. Seçki kabinetləri isə tam formada seçkiyə hazırdır".

***

Sumqayıt

45 saylı Sumqayıt dördüncü Seçki Dairəsində növbədənkənar prezident seçkilərinə hazırlıq işləri başa çatıb. Dairə seçki komissiyasının sədri Məhəbbət Məmmədova bildirdi ki, 38 seçki məntəqəsində bütün səsvermə otaqları Seçki Məcəlləsinə uyğun olaraq tam hazır vəziyyətə gətirilib. 6 məntəqəyə veb-kamera quraşdırılıb ki, bu da səsvermənin birbaşa müşahidəsinə imkan yaradacaq.

İndiyə qədər dairə üzrə seçki siyahısında 51 min 175 nəfər qeydə alınıb. Onlardan 461-i ilk dəfə səs vermək hüququndan istifadə edəcək. Siyahıda 80 yaşından yuxarı seçicilərin sayı isə 906 nəfər təşkil edir. Ümumilikdə, 400 müşahidəçinin qeydiyyatı aparılıb.

Beləliklə, 45 saylı Sumqayıt dördüncü seçki dairəsi şəffaf, ədalətli, qanunauyğun seçkilərin keçirilməsinə tam hazırdır.

42 saylı Sumqayıt birinci seçki dairəsində 41 məntəqə fəaliyyət göstərir və onların hər biri bütün zəruri ləvazimatlarla tam təmin olunub. Mövcud məntəqələrin 7-də veb-kamera quraşdırılıb.

Dairə üzrə 50 min 122 seçici qeydiyyatdadır. Onlardan 492 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yaşlı seçicilərin sayı isə 44-dür. Hazırda seçicilərə bülletenlər paylanılır.

Abşeron

Abşeron rayonunda da digər bölgələrdə olduğu kimi, vətəndaşların rahat, şəffaf və demokratik şəkildə səs verməsi üçün bütün şərait yaradılıb. 48 saylı Abşeron birinci Seçki Dairəsinin sədri Dilşad Abbasova görülən işlərlə bağlı məlumat verib: "Seçki dairəsinin ərazisində 38 məntəqə tam formalaşdırılıb, seçkilərə hazırlıq vəziyyətinə gətirilib. Seçki dairəsi üzrə seçicilərin sayı 50411 nəfərdir. Artıq bu günə qədər partiyalar üzrə 460 müşahidəçi dairə seçki komissiyasında öz təşəbbüsü ilə qeydiyyatdan keçib. 5 məntəqəmizdə veb-kamera fəaliyyət göstərir. Hamısı işlək vəziyyətdədir. Məntəqələr lazımi avadanlıqlarla tam olaraq MSK tərəfindən təchiz edilib. Bundan əlavə, 161 nəfərə qeydiyyatdan çıxma vəsiqəsi verilib. Onlardan 3 seçici dairə, qalanları isə məntəqələr üzrə qeydiyyatdan çıxma vəsiqələri alıblar".

Abşeron rayon Xırdalan şəhər 5 saylı orta məktəbin binasında yerləşən 13 saylı seçki məntəqəsinin sədri Ulduz Dadaşova qeyd etdi ki, qanunvericiliyə uyğun olaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılıb: "Məntəqə üzrə 1500 seçici öz layiqli namizədinə səs verə biləcək. Seçici siyahıları xüsusi lövhələrdə yerləşdirilib, məntəqə veb-kamera ilə təchiz olunub. Artıq 7 fevralı səbirsizliklə gözləyirik".

21 saylı məntəqənin sədri Əsli Mustafayeva bildirdi ki, məntəqədə 1141 seçici səs verəcək: "Onlardan 10 nəfər bu il ilk dəfə olaraq səs verəcək. Xırdalan şəhərində yerləşən AAAF PARK Yaşayış Kompleksinin baş ofisində yaradılan 21 saylı məntəqədə bütün işlər yekunlaşıb və 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinə hazır vəziyyətə gətirilib".

Cəlilabad

72 saylı Cəlilabad kənd seçki dairəsində 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisinə hazırlıq işləri artıq başa çatmaq üzrədir. İndi məntəqələrdə seçicilərin yolunu gözləyirlər. Əvvəlki illərdə keçirilən seçkilərdə də bu məntəqələrdə səsvermə prosesi mütəşəkkil keçirilmiş və uğurla başa çatmışdır. Hazırda ümumxalq səsverməsinin də ölkə qanunvericiliyinin tələblərinə uyğun keçirilməsi üçün bütün vasitələrdən istifadə olunur.

Dairə seçki komissiyasının sədri Mehman Rzayev hazırlıq işlərinin artıq başa çatmaq üzrə olduğunu bildirdi. Qeyd etdi ki, məntəqələrimiz lazım olan zəruri əşya, avadanlıq və texniki vasitələrlə təchiz olunub. Məntəqə sədrləri və üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar və maarifləndirmə tədbirləri (treninqlər) həyata keçirilmişdir. DSK-nın sədri qeyd etdi ki, ötən prezident, parlament və bələdiyyə seçkilərində səsvermələrin təşkilində böyük təcrübə toplamış dairə komissiyası qarşıdan gələn prezident seçkisinə hazırlığı yüksək peşəkarlıqla davam etdirir. DSK-nın ərazisində 45 kənd məntəqələri səsverməyə hazır vəziyyətə gətirilmişdir. 5 məntəqədə veb-kamera quraşdırılmışdır. Fevralın 7-də dairə üzrə 47575 seçicinin səsvermədə iştirakının təmin edilməsi üçün onların siyahısı hazırlanmış, özləri də məlumatlandırılmışdır. İlk dəfə səs verəcək 2300 nəfərlə söhbətlər aparılır. Yaşı 80-100 arasında olan 780 seçici haqqında məlumat bir daha dəqiqləşdirilir. 100 yaşdan yuxarı 3 seçicinin və yataq xəstələrinin sağlamlıq vəziyyəti, onların səsvermədə iştirak imkanları öyrənilmiş, müvafiq qərar qəbul edilmişdir.

DSK-nın sədri Mehman Rzayevlə 12 saylı məntəqəyə baş çəkdik. Məntəqədə seçicilərin seçkidə rahat iştirak etmələri üçün normal şərait yaradıldığının şahidi olduq. Əhmədağa Məmmədov 12 saylı Qarazəncir kənd məntəqəsində 4 ailə üzvü ilə birlikdə səs verəcəyini bildirdi. Qeyd etdi ki, mən və ailə üzvlərim Azərbaycanın yüksəlişinin və tərəqqisinin qarantı olacaq namizədə səs verəcəyik. Digər Qarazəncir kənd sakini Qafur Məmmədov bildirdi ki, mən və həyat yoldaşım da 12 saylı məntəqədə səs verəcəyik. Seçkidə iştirakımızla bağlı çağırış vərəqələrimiz vaxtında bizə verilib və seçki qaydaları ilə tanış edilmişik. Məntəqədə seçicilərin səs verməsi üçün bütün lazımi şərait yaradılıb. 7 fevral tarixində növbədənkənar prezident seçkiləri suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanımızda ilk dəfə keçiriləcək, xalqımız ən layiqli namizədə səs verəcək.

"Respublika".