Zəngibasarlılar doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayırlar
Digər xəbərlər

Zəngibasarlılar doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayırlar

Bu günlərdə Qərbi Azərbaycan İcmasının inzibati binasında əslən Zəngibasardan olan soydaşlarımızın toplantısı təşkil olunmuşdu. Bu kütləvi tədbiri 35 il yurd həsrətiylə yaşayan və bu müddət ərzində yalnız toy və ya yas mərasimlərində görüşən zəngibasarlıların bayram görüşü də hesab etmək olar.

Toplantını giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli icmanın yaranma və inkişaf yolundan, beynəlxalq müstəvidəki fəallığından, insanlardakı sönməkdə olan ümid çırağının get-gedə gurlaşmasından və artıq ümidin inama, qətiyyətə çevrilməsindən danışdı. O bildirdi ki, ölkə rəhbəri İlham Əliyevin tövsiyə və xeyir-duasıyla yaradılmış icma bu gün qarşısında duran vəzifələri çox fəal şəkildə yerinə yetirir. Əziz Ələkbərli bu işdə fəallıq göstərən Zəngibasar rayon İcmasının fəallarına təşəkkürünü bildirdi və bu müqəddəs ideya ətrafında daha sıx birləşməyi tövsiyə etdi.

Zəngibasar rayon İcma sədri Mirfaiq Mirheydərli 1988-ci ildə Zəngibasar rayonundan zorla çıxarılmış azərbaycanlıların siyahısının əvvəllər real rəqəmlərdən xeyli aşağı sayda göstərildiyi halda, son bir neçə ay ərzində Kənd İcma sədrlərinin və onlara yaxından kömək edən şəxslərin gərgin zəhməti sayəsində dəqiqləşdirilərək bir neçə dəfə artmasını, həm də insanların mütəşəkkil şəkildə bu siyasi plan üzrə çalışmasını qeyd etdi.

Sonra Azərbaycan və dünya elminə töhfə vermiş Zəngibasar əsilli ziyalılar və Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov çıxış edərək bildirdilər ki, "sözümüz imzamızdır" deyən və bunu dünya ictimaiyyətinə sübut edən cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı siyasi proqramının həyata keçirilməsində hamı bir nəfər kimi birləşməlidir. Çıxış edənlər xalqımızın bu günlərdə qeyd olunacaq müqəddəs bayramlarından olan Novruz bayramını tezliklə ata-baba yurdlarımızda keçirməyi, o yerlərdə tonqallar yandırmağı arzuladılar.

Hüseyn XƏZƏR,

Zəngibasar rayonu Aşağı Necili kənd İcma sədri.