Zirvələrə gedən yolun başlanğıcı – Yeni Azərbaycan Partiyası
Siyasət

Zirvələrə gedən yolun başlanğıcı – Yeni Azərbaycan Partiyası

1992-ci il noyabrın 21-də YAP-ın təsis qurultayında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev yekdilliklə partiyaya sədr seçilmişdir

Ötən əsrin sonlarında müstəqilliyini yenicə bərpa etmiş dövlətə bir-birini əvəzləyən səriştəsiz, şəxsi maraqlarını millətin, dövlətin mənafeyindən üstün tutan, siyasətdən uzaq kəslərin rəhbərlik etməsi nəticəsində Azərbaycan xalqı dövlətçiliyini, bir xalq olaraq varlığını itirmək təhlükəsi qarşısında qalmışdı.

1992-ci ildə hakimiyyətə yiyələnmiş AXC liderləri xalqa, dövlətə xəyanət edərək ərazi bütövlüyümüzün pozulmasına, müstəqilliyimizin itirilməsinə rəvac verən addımlar atırdılar. Azərbaycanın bütövlüyü, müstəqilliyin əbədiliyi, xalqın gələcək taleyi təhlükə altına salınmışdı. Bütün bunlar tarixin ən ağır sınaqlarından mətanətlə çıxmış, dövlətini, dövlətçiliyini qətiyyətlə qorumuş, öz azadlığı uğrunda böyük mübarizə yolu keçmiş müdrik Azərbaycan xalqını, onun ziyalılarını nicat yolu axtarmağa vadar edirdi. Xalq öz taleyini, taleyüklü məsələsini həll edə biləcək, bütün çətinlikləri yoluna qoya biləcək liderə ehtiyac duyurdu. Və bu məqamda xalqın içindən çıxan ziyalılar-ictimai xadimlər, görkəmli alimlər bir mövqedən çıxış edirdilər: xalqını, millətini sevən, ona qəlbən bağlı olan rəhbər, mahir siyasətçi xalqı düşdüyü çətin vəziyyətdən xilas edə bilərdi. Bu şəxsiyyət isə mərkəzi hakimiyyətdən istefa verərək doğma Vətəninə qayıdan, xalqı, dövləti qarşısında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev idi. Xalq öz dahi oğluna inanır, güvənir, etibar edirdi.

Bütün siyasi fəaliyyəti boyu milli ruha və milli kimliyə söykənən, xalqından güc alan, millətinin müdafiəçisi olan ulu öndər Heydər Əliyev o dönəmlərdə Naxçıvanda yaşayırdı. O zamanlar muxtar respublika çətin, mürəkkəb vəziyyətə düşmüşdü. Belə ki, 1988-ci ildə növbəti dəfə təcavüzkar siyasətini həyata keçirən Ermənistan ərazilərimizin 20 faizdən çox hissəsini işğal etmiş, soydaşlarımızı yurd yerlərindən didərgin salmışdı. Bakı ilə quru əlaqəsi tamamilə kəsilən muxtar respublika blokada vəziyyətinə salınmış, qazı, işığı kəsilən əhali səfalət içində yaşamağa məcbur olmuşdu. 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana qayıdan ümummilli lider qısa zaman ərzində müdrik siyasəti, idarəçilik məharəti ilə muxtar respublikanı tarixin ağır sınağından çıxarmağa nail oldu. Naxçıvanı işğal etmək üçün planlar hazırlayan Ermənistanın xəyalları puç oldu. Bütün bunları yaxşı bilən Azərbaycan xalqı dünyaşöhrətli müdrik siyasətçi Heydər Əliyevə etimad göstərdi. Sağlam düşüncəyə, sağlam təfəkkürə sahib olan 91 ziyalı xalqın müqəddəratını həll etmək missiyasını yerinə yetirmək üçün dahi Heydər Əliyevə müraciət etdi. Azərbaycanın çətin anında ümummilli liderimizin ətrafında sıx birləşməyə, onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan Azərbaycan ziyalıları Heydər Əliyevin xalq üçün nə qədər gərəkli olduğunu çox yaxşı bilir və müraciətlərində də məhz bu amilə əsaslanırdılar. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürəkağrısı və nigarançılığını, həmçinin bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. O, yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu tarixi zərurətdən irəli gəlirdi. Lakin Heydər Əliyev çətin günündə taleyini ona etibar edən xalqının təkidli xahişini qəbul etsə də, dahi liderin xalq arasında olan nüfuzundan çəkinən, onun hakimiyyətə gəlməsini qətiyyən istəməyən daxili və xarici qüvvələr partiyanın yaradılmasına bacardıqları qədər maneələr törədirdilər. Bu səbəbdən, 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı və ulu öndərin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar və partiyanın proqram və nizamnaməsi qəbul edildi. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. YAP-ın proqram və nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti, dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, respublikamızın müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirildi.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayında videoformatda çıxışı zamanı demişdir: "Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi... O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar - məşhur "91-lər" Ulu Öndərə müraciət ediblər... Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular".

Mehparə ƏLİYEVA,

"Respublika".