İşğaldan azad edilmiş bütün ərazilərimiz yaşıl zonaya çevriləcək
İQTİSADİYYAT

İşğaldan azad edilmiş bütün ərazilərimiz yaşıl zonaya çevriləcək

Bərpa və yenidənqurma işləri ən müasir və innovativ texnologiyaya əsaslanır

44 günlük Vətən müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qələbəsi ilə başa çatdıqdan sonra Qarabağı bərpa etmək və yenidən qurmaq ölkəmizin bir nömrəli vəzifəsinə çevrildi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qarabağa dönə-dönə səfər edərək bu işləri ciddi nəzarət altına aldılar.

Məlum olduğu kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Prezident İlham Əliyev Laçının Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb və deyib: “Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin”.

İşğaldan azad edilmiş bölgələrdə bərpa və yenidənqurma işləri Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı zamanı da geniş yer tutub.

Dövlət başçısı əvvəlcə qeyd edib ki, Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ədalətli mövqeyini ardıcıl şəkildə dəstəkləməsini biz yüksək qiymətləndiririk.

44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu.

Dövlət başçımız qeyd edib ki, Ermənistan 30 illik dövrdə Azərbaycanın işğal altındakı ərazilərində bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir olunub.

Videomüraciətdə dövlət başçısı deyib ki, mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır.

Dövlət başçımız İƏT üzvü olan ölkələri təmsil edən şirkətlərin Qarabağın bərpa və yenidən qurulmasında iştirak etməsini arzulayıb. 

“Ağıllı kənd”, “Ağıllı şəhər” necə olmalıdır?” sualına biz Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın bu ilin aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarında olarkən cavab tapdıq. Zəngilan rayonunda dövlət başçısına məlumat verildi ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edir. Layihə əsasən 5 komponentdən ibarətdir: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və  alternativ enerji sahələridir.

Burada Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu.

Daha sonra, bu il mayın 28-də dövlət başçısı Ağdama səfərə gəlib. Ona Ağdam şəhərinin baş planı təqdim olunub, dövlət başçısı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb, şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib.

Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısı deyib: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Doğrudan da, şəhərin baş planı ilə tanışlıq göstərir ki, biz hələ belə şəhər görməmişik. Burada hər şey nəzərə alınıb, xüsusi yaşıllıq, parklar, meliorasiya suları, velosiped yolları... Şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Ağdam şəhərində meşə parkı salınacaq (125 hektar), şəhərin içindən su kanalı (2 kilometr) çəkiləcək, insanlar hətta şəhəri qayıqlarla gəzə biləcəklər.

Dünya standartlarında adətən şəhərlərin ərazisinin 15 faizi yaşıllıq olur. Ağdamda isə bu rəqəm ərazinin 23 faizini təşkil edəcək. “Ağıllı şəhər”də elektriklə işləyən tramvaylar fəaliyyət göstərəcək. Velosiped yollarının uzunluğu 79 kilometr təşkil edəcək.

Göründüyü kimi, yaşıl zona yeni qurulacaq Ağdam şəhərinin baş planında da əsas yer tutur. Ümumiyyətlə, ən yaxın illərdə bütün Qarabağımız dövlət başçısının qətiyyəti, xalqımızın əzmkarlığı sayəsində yaşıl zona ilə örtüləcək - buna heç birimizin şübhəsi yoxdur, bədxahlarımızın da şübhəsi olmasın!

Nəriman CAVADOV,

“Respublika”.