ASTARALILARIN MÜQƏDDƏS AND YERİ
Region

ASTARALILARIN MÜQƏDDƏS AND YERİ

Xalqımız 30 ilə yaxın idi ki, torpaq həsrəti, ağır mənəvi yük və nisgillə yaşayırdı. Ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə böyük inam və ümid bəsləyərək zəfər gününü intizarla gözləyirdi. Nəhayət, ötən il sentyabr ayının 27-də əks-hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsi cəbhələrində 574 nəfər astaralı döyüşüb, onlardan 41 nəfər şəhidlik zirvəsinə ucalıb, 138 nəfər yaralanıb. Ümumilikdə Astara rayonu Qarabağ müharibəsində 124 cəsur, mərd, igid oğlunu şəhid verib. 

Cənab Prezidentin sərəncamı ilə 8 noyabr tarixinin Zəfər Günü kimi qeyd edilməsi ölkəmizin cənub qapısında da hədsiz sevinclə, iftixarla qarşılanıb. 2020-ci ilin dekabr ayında Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşəbbüsü və təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində Zəfər Parkının inşasına başlanılıb.

Azərbaycan xalqının Vətən müharibəsində misilsiz qəhrəmanlığını, möhtəşəm tarixi zəfərini özündə əks etdirən, müasirliyi ilə diqqəti çəkən, xüsusi dizaynla inşa edilən xatirə abidəsi istifadəyə verilib.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev parkın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək mərasim iştirakçılarını bir daha böyük qələbə münasibətilə təbrik edib. Bildirib ki, 30 illik işğala 44 gün müddətində son qoyan Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz fəxrimiz, qürur mənbəyimizdir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyilə inkişaf etdirilərək dünyanın müasir, sivil ordularından birinə çevrilən Azərbaycan Ordusu düşmən üzərində tarixi zəfər çalıb, çağdaş tariximizə şanlı qəhrəmanlıq səhifəsi yazıb. Şanlı Ordumuz düşməni döyüş meydanında əzdiyi kimi, Prezident İlham Əliyev də çıxışları, müsahibələri ilə düşməni siyasi meydanda məğlub edib, Azərbaycanın haqq işini bütün dünyaya çatdırıb.

İcra başçısı qeyd edib ki, yaşadığımız bu sevincli, fərəhli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar qanlarını, canlarını əsirgəməyib erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri faciələrin, müsibətlərin və şəhidlərimizin qisasını alıblar.

Bizə bu qüruru yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, qəhrəman övladlar böyütdüyünə görə şəhid valideynlərinə dərin hörmət və ehtiramımızı çatdırırıq, -- deyə icra başçısı bildirib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində igidlik, şücaət göstərmiş hərbi qulluqçular orden və medallarla təltif edilib. Zəfər Parkında mükafatların təqdimetmə mərasimi keçirilib. Şəhid polkovnik-leytenant Nail Orucovun “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı oğlu İbrahimə təqdim edilib.  “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, “III dərəcəli Vətənə xidmətə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və digər medallar şəhid ailələrinə, qazilərə təqdim olunub.

Şəhid ailələrinin üzvləri və qazilər erməni işğalına son qoyaraq şəhidlərimizin qisasını alan, xalqımıza qələbə sevincini yaşadan, qəhrəman oğulların əməyini yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər Vətən üçün canını fəda edən igidlərlə qürur duyduqlarını, böyük qələbəni, zəfəri çox gözəl əks etdirən xatirə abidəsinin sakinlərin müqəddəs and yeri olacağını, bundan sonra da övladlarını Vətənə məhəbbət və sədaqət ruhunda böyüdəcəklərini vurğulayıblar. 

 

Əlisəfa HƏSƏNOV,

   “Respublika”.