Qayğı və məmnunluq
Sosial həyat

Qayğı və məmnunluq

Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsi uğurla davam edir.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, layihə çərçivəsində arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı nəzəri və praktiki təlimlərə cəlb olunan 21 nəfər könüllü gənc iki həftəlik kursu müvəffəqiyyətlə tamamlayaraq arıçılıq təsərrüfatı üçün lazım olan bütün resurs və ləvazimatlarla tam təchiz olunublar. Gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.

İDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir. Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.

Məlumdur ki, arı və digər tozlandırıcılar biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda, faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bunu nəzərə alan İDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkəmizdə nektar verən ağacların əkilməsi üzrə bir neçə kütləvi ağacəkmə aksiyaları keçirmişdir.

 

Özünüməşğulluq proqramında yeni iqtisadi fəaliyyət sahələri

Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənib. Bu sıraya bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) əlavə olunub.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bununla da artıq vətəndaşlar həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər. Ümumilikdə proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paket təqdim edilir.

Cari ilin 6 ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Proqrama müraciət edən şəxslər elektron reyestrdə toplanır, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilir.

 

Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların daha effektiv bərpa müalicəsi üçün son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, lokomat yeriş funksiyaları pozulmuş şəxslərdə aşağı ətrafların fizioloji hərəkətlərini yerinə yetirən, pasiyentlərin çevikliyini artıran, sinir sistemi travmaları və patologiyası olan pasiyentlərdə hərəki vərdişlərin, yeriş funksiyasının bərpasına imkan yaradan robotlaşdırılmış ortezdir. Sağlamlıq imkanları məhdud uşaqlar lokomat kompleksində xüsusi qurğular vasitəsilə qaçış zolağının üzərinə yerləşdirilir, xüsusi bağlar vasitəsilə qaçış zolağının üzərinə fiksə olunan xəstənin ayaqları ortezlərə (robotun ayaqlarına) bərkidilir. Ortezlər və qaçış zolağı hərəkətə gəldiyi zaman uşaqda yerimə hərəkəti yaradılır.

Bu trenajorun əsas üstünlüyü aşağı ətraflardan baş-beyinə qədər impulsların hərəkətə gətirilməsinə, yerişin formalaşmasına, qan dövranının yaxşılaşdırılmasına, orqanizmin ümumi tonusunun artırılmasına dəstək verməsidir. Həmçinin trenajorla yerimə hissinin pasiyentlərdə yüksək motivasiya yaratmasıdır.

Mustafa KAMAL,

“Respublika”.