Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

SpaceX orbitə dünyanın ilk turist səfərini həyata keçirdi

Elon Maskın SpaceX şirkəti ilk dəfə olaraq kosmonavtsız raketlə 4 sərnişini 3 gün ərzində kosmos səyahətinə çıxarıb.
Raket istehsalçısı SpaceX uçuşların 60 illik tarixində ilk dəfə olaraq peşəkar astronavtların dəstəyinə ehtiyac olmadan, 4 mülkü şəxslə yer orbitinə 3 günlük tur həyata keçirib. İnspiration-4 adlanan uçuşun xərclərini Jared İsaacman adlı 38 yaşlı iş adamı öz üzərinə götürüb.
“Bu qeyri-adi səyahət insanların ulduzlar arasında macəra yaşaya bilməsi üçün ilk addımdır”-deyə iş adamı Jared İsaacman bildirib.
İsaacman ilə birlikdə səyahətə, turistlərdən uşaqlıqda xərçənglə mübarizə aparan 29 yaşlı bir tibb bacısı, uçuş yarışmasını qazanan 51 yaşında geologiya müəllimi və keçmişdə pilot olan 42 yaşlı qadın qatılıb.
SpaceX-in turistləri səyahətə Kennedy Kosmik Mərkəzindən, ABŞ Aerokosmik Agentliyinin (NASA) Beynəlxalq Kosmik Stansiyasına (ISS) astronavt göndərmək üçün istifadə etdiyi tam avtomatik Dragon kapsulu ilə yola düşüblər. Turistlər səyahət edərkən ISS-dan təxminən 160 kilometr yüksəkliyə qalxıblar. Bu, Hubble Kosmik Teleskopunun indiki orbitindən daha yüksəkdir.
Daha öncə Sir Richard Bronson adlı iş adamı Virgin Galactic tərəfindən hazırlanan gəmi ilə kosmosun başlanğıc nöqtəsi kimi qəbul edilən yerdən 100 kilometr yüksəkliyə səyahət etmişdir. Bronson da daxil olmaqla 6 nəfəri daşıyan “Unity-2” kosmik gəmisi ABŞ-ın New Mexico ştatından yola düşərək  heç bir problem olmadan yerə enmişdi.
İnformasiya “TecXplore” veb saytında yayımlanıb.

 

Meyvəyığan robot

Georgia Texnologiya Araşdırma İnstitutunun (GTRI) tədqiqatçıları şaftalı sahələrində ağaclara qulluq və meyvə yığımı kimi vəzifələri icra edən ağıllı robot hazırlayıblar.
Ən çox şaftalı becərən ölkələrdən biri olan Gürcüstanda ildə 130 milyon funtdan çox şaftalı yetişdirilir. Ancaq bu meyvənin yetişdirilməsi və yığımı həm vaxt, həm də əl əməyi baxımından çətin bir prosesdir. Əhəmiyyətli dərəcədə qənaətə səbəb ola biləcək yeni robot ağacların budanması, meyvə yığımı kimi insanların üzərinə düşən vəzifələri icra edəcək.
Robotun hazırlanmasında maneələrdən qorunmaq üçün LIDAR alqılama sistemi və GPS texnologiyasından istifadə edilmişdir. LIDAR sistemi obyekti lazerlə nişan alaraq, vaxtı hesablamaqla məsafəni müəyyən edir, GPS texnologiyası isə yerləri bir düyüm qədər spesifik ölçür.
Robot meyvənin dərilməsini təyin etmək üçün 3D kamera sistemi ilə təchiz olunmuşdur. Robotun qol hissəsinə quraşdırılmış qarmağabənzər cihaz isə meyvəni dərmək üçün nəzərdə tutulmuşdur.
Elm adamları robotun görüntülü təsnifat qabiliyyətlərini və ümumi performansını artırmaq üçün süni intellekt və dərin öyrənmə təlim metodlarını istifadə etməyin yollarını araşdırırlar. Onlar əkinçiliyin ağıllı şəkildə avtomatlaşdırılmasını təmin etmək üçün Gaia və Griffin universitetləri ilə əməkdaşlıq etməyi planlaşdırırlar.
Dünyada “Şaftalıları insan qədər yaxşı yığa və seçə bilən elə bir robot yoxdur. Bu texnologiya hələ ki tam mövcud deyil. Xüsusi məhsulların yığımı hələ də əl əməyindən asılıdır. Şaftalı yığımı fərdiləşdirilmiş və bənzərsiz olduğundan avtomatlaşdırmaq çox çətindir”-robotun dizayn layihəsinə rəhbərlik edən mühəndis Ai-PingHu bildirib.
İnformasiyanı “Phys.ORG” veb saytı yayıb.

 

Xiaomi “ağıllı eynək”lərini təqdim edib

Çinin elektronika şirkəti Xiaomi yaxın gələcəkdə smartfonları əvəz edə biləcək “ağıllı gözlük” konseptini təqdim edərək Google, Facebook, Snapchat, Lenova, Amazon kimi rəqiblərinin sırasına qoşulub. Şirkətin “ağıllı eynək”lər adlanan yeni konsepti prototip olaraq bir çox smartfon funksiyalarını birbaşa istifadəçilərin göz önünə yerləşdirməyi hədəfləyir.
Cihazda naviqasiya oxları və mesajlardakı şəkilləri göstərmək üçün optik dalğa aparatı texnologiyasından istifadə edilmişdir. Xiaominin bu cihazı adi eynəklərə bənzəsə də, istifadəçilərinə smartfon vəzifələrini yerinə yetirməyə imkan verən bir çox funksiyaları özündə birləşdirir. Belə ki, eynək mesajları, bildirişləri göstərir, zəng edir, şəkil çəkir və mətni birbaşa linzalarda tərcümə edir. Cihazda real vaxtda tərcümələri və səsi mətnə köçürmək üçün xüsusi tərcümə alqoritmindən istifadə edən mikrofon da var.
Çəkisi 51 qram olan eynək, daha parlaq və sabit olan 0,13 düyümlük monoxrom MicroLED ekranı ilə təchiz edilmişdir. Ekran böyük və praktik vizual görüntü yaratmaq üçün lens boyunca yayılmış 2 milyon nit çıxış qabiliyyətinə malikdir. Cihazın MicroLED ekranı, işığı 180 dərəcə yansıdan optik dalğa texnologiyasından istifadə edərək lensin mikroskopik izqara quruluşu vasitəsilə şüaları gözə dəqiq ötürür.
Eynəklər Wi-Fi, Bluetooth, 5 megapiksellik kamera və 4 nüvəli ARM prosessoru ilə təchiz edilmişdir. Daxili ekran çipinin ölçüləri 2,4 mm x 2,02 mm, fərdi pikselləri isə 4 mikrondur. Xiaomi, eynəyin qiyməti, buraxılış tarixi və mövcudluğundan bəhs etməyib. Çox güman ki, məhsul Çindən kənarda satışa çıxarılmayacaq.
İnformasiyanı “TechXplore” veb saytı yayıb.

 

Taxta döşəmələr gələcəkdə elektrik stansiyasına çevrilə bilər

Uzun illərdir ki, tikintidə istifadə edilən palıd, şam kimi döşəmə taxtaları yaxın gələcəkdə isveçrəli alimlərin sayəsində kiçik elektrik stansiyaları kimi də xidmət edə bilər.
Elm adamları “Matter” jurnalında dərc edilən məqalədə elektrik istehsal edən taxta döşəmənin prototipini təqdim ediblər.
Sürix Texniki Universitetinin tədqiqatçıları iki fərqli örtüklə taxta lövhələrin arasında statik elektrik istehsal etməyi bacarıblar. Bunun üçün elm adamları əvvəlcə bir millimetr qalınlığında taxta lövhəni nazik bir silikon təbəqə ilə örtüblər. İkinci lövhəyə isə onlar xüsusi bir materialdan hazırlanmış kiçik nanokristallar yerləşdirərək taxtaları üst-üstə birləşdiriblər. Daha sonra hər iki lövhəyə təzyiq tətbiq edilib və nəticədə sürtünmə kimi tanınan triboelektrik təsir səbəbiylə mənfi yüklü ionlar meydana gətirərək təxminən 24 voltluq cərəyan yaranıb. Bu isə işıq yayan diodları və ya elektron bir kompüteri elektriklə təmin etmək üçün kifayətdir.
Komanda bu metodu müxtəlif ağac növləri üzərində sınaqdan keçirib. Onlar ən yüksək gərginliyə ladin adlı daha möhkəm ağacdan hazırlanmış lövhələrlə nail olublar.
Gələcəkdə tədqiqatçılar daha çox cərəyan əldə etmək üçün örtükləri optimallaşdırmaq niyyətindədirlər. Bu isə o deməkdir ki, taxta döşəmələr  gələcəkdə elektrik istehsalına kiçik də olsa töhfələr verə bilər. 

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.