QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 89 oktyabr tarixli saylarımızda)

10 oktyabr 2020-ci il

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Danışıqlar nəticəsində hərbi əsirlərin və digər saxlanılan şəxslərin, həmçinin həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs barədə razılıq əldə olunub. Azərbaycan və Ermənistan vəziyyətin ən qısa müddətdə sülh yolu ilə nizamlanması məqsədilə substantiv danışıqlara başlamağı qərara alıblar.

***

Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda gecəboyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyi bildirilir. Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolakasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib.

***

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Dünya Xəbər Agentlikləri Konqresinə (NAC), Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) və tərəfdaş olduğu digər informasiya agentliklərinin rəhbərlərinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, regionda baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmağa çağırıb.

11 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gecə saat 2:00-da Gəncə şəhərinin mərkəzi hissəsi raket atəşinə tutulub. Azərbaycan Respublikasının Baş Prokurorluğu 10 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını bildirib. Müdafiə Nazirliyi şəhərin Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulduğunu bəyan edib. Gəncəyə "Elbrus" əməliyyat-taktiki ballistik raketi ilə zərbələr endirilib.

***

Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Düşmənin hücumu dəf edilərək xeyli sayda canlı qüvvəsi, 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 avtomobil texnikası, 3 ədəd "Qrad" qurğusu, 5 ədəd "Qvozdika" özüyeriyən haubitsası məhv edilib.

***

ICESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman Əl-Tuveycri, üzvlər Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç, Latviyanın keçmiş prezidenti Valdis Zatlers və başqalarının imzası ilə Prezident İlham Əliyevə məktub ünvanlanıb. Məktubda deyilir: "Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, insanların həlak olması ilə əlaqədar başsağlığı verir və yaranmış vəziyyətlə bağlı narahatlığımızı bildiririk. Bu problemi bütün maraqlı tərəflərin diqqətinə çatdırmaq məqsədilə fəal şəkildə işləyir, müzakirələr və onlayn diskussiyalar təşkil edir, məqalələr yayır, müsahibələr veririk".

 ***

Azərbaycan Prezidenti Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Dövlət başçısı deyib: "Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik".

 ***

Türkiyədə tibbi təhsilini bitirərək qardaş ölkədə işləyən 45 azərbaycanlı həkim könüllü olaraq cəbhə bölgələrində hərbçilərimizə tibbi yardım göstərmək üçün Vətənə yola düşüb. Azərbaycanın belə günündə onların vətənimizə dönməsi Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bundan başqa, qardaş ölkədə toplanan 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə göndərilib.

 ***

Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə onlara Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı məlumat verib.

 ***

Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub. Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti yaranmış vəziyyətdən təəssüf hissi keçirdiyini bildirib, atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

(davamı növbəti saylarımızda)