Əbədi ehtiram
Region

Əbədi ehtiram

Torpaqlarımızın işğaldan azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda döyüşən, qanıyla tarix yazan şücaətli oğullardan biri  Cavid Natiq oğlu Məmmədlinin doğum günü doğulub boya-başa çatdığı Şirvan şəhərində qeyd  olundu.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, icra hakimiyyəti aparatının, şəhərin idarə və müəssisələrinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, şəhidin ailə üzvləri, dostları Şirvan Şəhər Şəhidlər Xiyabanında Məmmədli Cavid Natiq oğlunun məzarı önünə  gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Şəhidin məzarı önündə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə Məmmədli Cavidin valideynlərinə təşəkkürlərini bildirib, Allahdan onlara səbir dilədilər.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar. Bildirdilər ki, Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edildi, haqq-ədalət bərpa oldu, Şanlı Zəfər günü tariximizə şəhidlərimizin qanı ilə yazıldı.              İndi üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmasından qürur duyuruq.  Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Cavidin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların şücaəti heç vaxt xalqımız tərəfindən unudulmayacaqdır. Çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizdən bizə əmanət qalan ailələrinə və yaralılara göstərdikləri diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləydilər.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Cavidin və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını, onların bizə həyatları bahasına ərməğan qoyduqları Vətən torpaqlarının göz bəbəyi kimi qorunacağını söylədi. 
Şəhid ailələri adından çıxış edən Vətən müharibəsinin şəhidi Zülfüqarlı Zeynalın atası  Alim Zülfüqarlı Cavid kimi oğullarla bütün Azərbaycan xalqının qürur duyduğunu bildirdi və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxudu.

                        Tofiq HÜSEYN,

                       “Respublika”.