Uşaqlar xalqın gələcəyidir
Region

Uşaqlar xalqın gələcəyidir

Cəbrayıl rayonu İ.Quliyev adına tam orta məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində “Uşaq hüquqlarının təmin olunması hamının borcudur” mövzusunda tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan İbrahimov, rayon polis şöbəsinin sahə rəisi, polis leytenantı Müşfiq Məmişov, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbirdə çıxış edənlər uşaq hüquqlarından geniş söhbət açdılar. Bildirdilər ki, hər il olduğu kimi, 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilib.

Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Bu baxımdan, hər kəs onların hüquqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir. Həmçinin, qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz işğal altında olan əzəli Azərbaycan torpaqlarını azad etmiş, 44 günlük Vətən müharibəsində zəfər çalmışdır. Bu müharibə dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyalardan atəşə tutması nəticəsində 10-dan çox uşaq həlak olmuş, 50-si yaralanmış, bəzisi isə öz valideynlərini itirmişdir. Habelə, mülki obyektlərin hədəfə alınması, yaşayış evlərinin, təhsil, səhiyyə, müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına, onların psixoloji sarsıntı keçirmələrinə səbəb olmuşdur. Tədbirdə müharibə cinayətlərinin qurbanına çevrilmiş uşaqların pozulmuş hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müvafiq bəyanat və müraciətlər göndərildi.

Sonda şagirdlərin hazırladıqları videoçarx nümayiş olundu.

Tofiq HÜSEYN,

“Respublika”.