QÜRUR VƏ EHTİRAM ANI
Sosial həyat

QÜRUR VƏ EHTİRAM ANI

Ayaz Yusubov dağlar qoynunda yerləşən Bəliton kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsinin şəhididir. Yaşasaydı, 47 yaşı tamam olacaqdı. El-oba Ayazı heç vaxt unutmur, əziz xatirəsini daim böyük hörmət və ehtiramla yad edir. Ayazla doğma kənd məktəbində təhsil almış, iş adamı İlqar Baxşiyevin şəxsi vəsaiti hesabına kəndin girəcəyində şəhidin xatirəsinə bulaq kompleksi inşa olunub.

Şəhidin doğum günündə kompleksin açılış mərasimi keçirildi. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, Bəliton kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edirdilər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə bildirdi ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı işğaldan azad etdi. Ayazın və bütün şəhidlərin qisasını döyüş meydanlarında alan igid əsgər və zabitlərimiz həm də xalqımızın 30 illik yurd həsrətinə son qoydular. Şəhidlər heç zaman unudulmayacaq, onların parlaq xatirəsi ürəklərdə əbədi yaşayacaq. Bu gün şəhid ailələri, əlillər, qazilər, müharibə iştirakçıları dövlətimizin, cəmiyyətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar.

Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lənkəran şöbəsinin sədri Əbülfət Əliyev, Bəliton inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Allahverdi Ağayev, jurnalist Mirbağır Yaqubzadə, şəhidin müəllimi Habil Ağayev, döyüşçü dostları şəhidin ömür yolundan, cəbhədə misilsiz şücaətlərindən söhbət açdılar, onunla bağlı xatirələrini bölüşdülər.

Şəhidin qardaşı Məhərrəm Yusubov ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli qayğıya görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Bulaq kompleksini şəxsi vəsaiti hesabına inşa etdirən iş adamı İlqar Baxşiyevə və bütün tədbir iştirakçılarına ailələri adından razılığını çatdırdı.

Mərasimdə Bəliton kənd tam orta məktəbinin şagirdlərinin ifasında Vətənə, şəhidlərə həsr olunmuş şeirlər, mahnılar səsləndi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".