DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

Sİ CİNPİN COZEF BAYDENƏ TAYVANA GÖRƏ XƏBƏRDARLIQ EDİB

Çin sədri Si Cinpin Tayvanın işlərinə xarici müdaxilənin qəti əleyhinə olduğunu bəyan edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə Çin sədri ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı bildirib.

Si Cinpinin sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqı eyni mövqe nümayiş etdirir. “1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri vurğulayıb.

Cozef Bayden öz növbəsində Birləşmiş Ştatların Tayvandakı vəziyyətlə bağlı birtərəfli addımlara qarşı olduğunu diqqətə çatıdırıb. ABŞ prezidenti həmçinin Tayvanla bağlı məsələdə ölkəsinin siyasətinin dəyişməyəcəyini vurğulayıb. “Birləşmiş Ştatlar status-kvonun dəyişdirilməsinə və ya Tayvan boğazında sülh və sabitliyə xələl gətirməyə yönəlmiş birtərəfli səylərə qəti şəkildə qarşıdır”, - deyə Cozef Bayden əlavə edib.

Məlumata əsasən, Çin sədri Si Cinpin ilə ABŞ prezidenti Cozef Bayden arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasındakı hökumətlərarası işçi qrupunda əlaqələri davam etdirmək barədə razılıq əldə olunub.

 

YAPONİYA BAŞ NAZİRİNDƏN NÜVƏ SİLAHI OLMAYAN DÜNYA UĞRUNDA PLAN

“Mən nüvə silahı olmayan dünyaya nail olmaqla bağlı məqsədimi açıqlayaraq beynəlxalq ictimaiyyəti əməkdaşlığa çağırmağı planlaşdırıram”. “Report”un verdiyi xəbərə görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida “Kyodo” agentliyinə müsahibəsində bildirib.

Baş nazir öz planını nüvə silahının yayılmaması haqqında müqavilənin iştirakçısı olan ölkələrin qarşıdan gələn icmal toplantısında açıqlamaq niyyətində olduğunu bəyan edib. O həmçinin planında Ukraynadakı vəziyyətin nəzərə alınacağını diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, Fumio Kişida İcmal Konfransında iştirak edəcək Yaponiyanın ilk baş naziri olacaq.

Xatırladaq ki, nüvə silahının yayılmaması haqqında müqavilənin iştirakçısı olan ölkələrin icmal toplantısı avqustun 1-dən 26-na kimi Nyu-Yorkda keçiriləcək.

 

SAN-FRANSİSKODA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNUB

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində meymunçiçəyinə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib. “Trend” agentliyinin məlumatına görə, bu qərar yerli hakimiyyət orqanlarına xəstəliklə mübarizə üçün daha çox əməkdaş səfərbər etməyə imkan verəcək.

Şəhər merinin sözlərinə görə, fövqəladə vəziyyət rejimi avqustun 1-dən tətbiq ediləcək və bu, şəhər rəhbərliyinə virusun daha da yayılmasının qarşısının alınması üçün resurslar hazırlamağa və səfərbər etməyə imkan verəcək.

Verilən xəbərə əsasən, iyulun 29-dək şəhərdə meymunçiçəyinə 291 yoluxma aşkar edilib.

Eyni zamanda, statistikaya görə, ABŞ-da indiyədək qeydə alınan 4,9 min yoluxmanın 40 faizdən çoxu San-Fransisko şəhəri və Nyu-York ştatının payına düşür.

 

MEŞƏDƏ ODUN YIĞAN QADIN 4 KARATLIQ ALMAZ TAPIB

Hindistanın Madhya-Pradeş ştatının sakini Cenda Bai meşədə odun yığarkən 4 karatlıq almaz tapıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “New York Post” nəşri yayıb.

Bildirilib ki, Cenda Bai odunu satıb, evini təmir etmək istəyirmiş. O, meşədə parlaq bir daş görüb. Daşı götürərək evə qaçıb. Tapdığı əşya barədə ərinə məlumat verib. Daha sonra onlar yerli zərgərə müraciət ediblər. Anupamu Sinkh adlı zərgər isə daşın almaz olduğunu bildirib.

Eyni zamanda, bildirilir ki, ailə almazı sataraq yaşadıqları evi təmir etməklə yanaşı, qızlarının toyunu da edəcəklər. Məlumata əsasən, tapıntı onların yalnız maliyyə problemlərini həll edəcək.

Verilən xəbərə görə, tapılan almaz 25 min ABŞ dolları dəyərindədir.

 

BƏŞƏR ƏSƏD QÜVVƏLƏRİ ÜSYAN EDƏN YERLİ ƏHALİ İLƏ TOQQUŞUB

Dünyanın gözü Türkiyənin də əməliyyata hazırlaşdığı Suriyanın şimalına yönəldiyi halda, ölkənin cənubunda druzların sakit yaşadığı Suveyda şəhərində Bəşər Əsəd qüvvələri ilə yerli əhali arasında baş verən qarşıdurmalarda çoxlu sayda insan həyatını itirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, qarşıdurmada azı 17 nəfərin həlak olduğu bildirilir.

Məlumata əsasən, druz əhalisinin sıx yaşadığı və 2011-ci ildə Suriyada başlayan müharibənin böyük ölçüdə qarşıdurmalardan uzaq qaldığı Suveydada son vaxtlar gərginlik pik həddə çatıb. İqtisadi böhrana və hökumətin dəstəklədiyi təhlükəsizlik qüvvələrinin “özbaşına” hərəkətlərinə və həbslərə reaksiya verən yerli əhali Bəşər Əsəd qüvvələrini “adam oğurluğu”nda ittiham edir.

2011-ci ildə Suriyada başlayan müharibədə Bəşər Əsəd qüvvələri ölkənin şimalından kənarda olan bölgələrə nəzarəti böyük ölçüdə ələ keçirib. Xüsusilə, Türkiyənin PKK/YPG terror təşkilatına qarşı əməliyyat keçirəcəyini açıqlaması nəticəsində son zamanlar Suriyanın şimalında hərbi fəallığın sürətlə artması müşahidə olunur.

 

RUSİYA TƏCİLİ ÇİNƏ DƏMİR YOLU ÇƏKMƏK NİYYƏTİNDƏDİR

Rusiya Çinlə dəmir yolu tikintisini təcili olaraq həyata keçirməyə hazırlaşır. “Report” agentliyinin məlumatına görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilib.

Verilən xəbərə görə, Rusiya 2030-cu ilədək bu istiqamətdə görülən işlərə 30,8 milyard dollar vəsait ayıracaq.

Bununla yanaşı, bildirilir ki, dəmir yolunun tikinti işlərinə 7 layihə daxildir. Həmin plana uyğun olaraq, Rusiya ərazisində 369 kilometr uzunluğunda dəmir yolu xətti olmaqla, üç yeni keçid məntəqəsi inşa ediləcək.

Eyni zamanda, qeyd edilir ki, Rusiya ərazisindən Qazaxıstan, Monqolustan və Çinə 3000 kilometrlik dəmir yolunun çəkilməsi də nəzərdə tutulur.

Məlumata əsasən, bu layihələr Transsibir və Baykal-Amur magistralının yükünün azalmasına hesablanıb.

 

İNGİLTƏRƏDƏ SON 111 İLİN ƏN QURAQ İYUL AYI

2022-ci ilin iyul ayı İngiltərədə son 111 ildə ən quraq ay hesab olunub. “Trend” agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniyanın Meteorologiya Xidməti xəbər verib.

Qeyd edildiyi kimi, ayın əvvəlindən İngiltərəyə cəmi 15,8 millimetr yağıntı düşüb ki, bu da 1911-ci ildən bu yana ən aşağı göstəricidir. Məlumata görə, quraq hava həmçinin Şotlandiya, Uels və Şimali İrlandiyada hökm sürür.

Eyni zamanda, bildirilir ki, bu ay bir neçə dəfə İngiltərə üçün ən yüksək temperatur qeydə alınıb. İyulun 19-da London yaxınlığında havanın temperaturu 40,2 dərəcəyə çatıb. Bundan əvvəlki rekord (38,7 dərəcə) 2019-cu ildə qeydə alınmışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.